RU

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində plenar sessiya keçirilib

Birinci
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan və onun hüdudlarından kənar: Regionların əlaqələndirilməsi, gələcəyin qurulması" mövzusunda plenar sessiya keçirilib. 1news.az xəbər verir ki, plenar sessiyada çıxış edən Baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın regional və qlobal iqtisadi sistemdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. Ölkəmizin sabit və dayanıqlı makroiqtisadi mühiti, balanslaşdırılmış büdcə siyasəti və güclü valyuta ehtiyatları ilə bağlı məlumat verib. Bildirilib ki, bu reallıqlar xarici sərmayəçilər üçün əlverişli və cəlbedici mühit yaradır. Eyni zamanda, bugünkü forum qarşılıqlı əməkdaşlıq və yeni təşəbbüslər üçün ölkələr və regionlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə formalaşmış şəffaf və etibarlı investisiya mühiti, Azərbayanın beynəlxalq bazarlara çıxış imkanları, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, investisiya platformaları və təşviq mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkə iqtisadiyyatı uğurla diversifikasiya etdirilir, ölkəmizin iqtisadi və maliyyə siyasəti şəffaf və proqnozlaşdırıla biləndir, möhkəm makroiqtisadi əsaslar və dayanıqlı inkişaf strategiyası beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. İqtisadiyyat naziri investorları Azərbaycanda formalaşmış cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitindn faydalanmağa dəvət edib. Monteneqro Respublikasının turizm naziri Simonida Kordiç Azərbaycan və Monteneqro arasında yaxın dostluq və səmərəli tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Monteneqronun turizm sənayesi və əlverişli investisiya mühiti barədə məlumat verilib. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi potensialının nümayiş etdirilməsi, eləcə də regionlararası əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm təşəbbüs kimi dəyərləndirilib. Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç Azərbaycan və Serbiyanın strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirib. Rəqabətqabiliyyətli iqtisadiyyat üçün yeni texnologiyaların və innovasiyaların tətbiqinin vacibliyini bildirib. Data mərkəzləri və texnoloji mərkəzlərə investisiya yatırımının önəmindən bəhs edilib. Bugünkü forumun əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm platforma olduğunu diqqətə çatdırıb. “Roubini Macro Associates” konsaltinq şirkətinin baş icraçı direktoru Nuriel Rubini Azərbaycanın zəngin enerji resirslarına sahib olmasına baxmayaraq iqtisadi diversifikasiyaya, yaşıl keçidə önəm verdiyini vurğulayıb. Gələcəyin innovasiya üzərində qurulduğunu, bunun üçün isə texnologiyanın önəmli olduğuna diqqət çəkib. Rəqəmsal iqtisadiyyata keçiddə innovasiyaların tətbiqinin, generativ süni intellektin, maşınöyrənməsi və fintekin önəminə toxunub. Rəqəmsal təhsilin və bu sahədə “Coursera” onlayn təhsil platformasının süni intellektlə bağlı təlimlərinin əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, Şərq və Qərib, Şimal və Cənub arasında strateji mövqedə yerləşən ölkəmiz qloballaşma və nəqliyyat-logistika əməkdaşlığını genişləndirmək imkanına malikdir. Azərbaycan makroiqtisadi stabilliyi və işgüzar mühiti ilə xarici birbaşa investisiyaların cəlbinə şərait yaradır. “Aramco Ventures” şirkətinin baş icraçı direktoru Mahdi AlAdel çıxış edərək şirkətin enerji və kimya sektorundakı fəaliyyəti, innovasiya və texnologiya istiqamətli sərmayə qoyuluşları barədə məlumat verib. Enerji transformasiyasının, qlobal bazarda dəyişikliklərin və yeni iqtisadi çağırışların innovativ texnologiya və biznes modellərinin dəstəklənməsini zəruri etdiyini vurğulayıb. “GenAI Works” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Stiv Nuri süni intellekt dünyaya təsiri, yeni bazar imkanlarının biznes və cəmiyyət üçün yaratdığı imkanlar və qlobal trendlər barədə danışıb. Süni intellektden istifadə edərək daha rəqabətqabiliyyətli olmaq üçün başlıca istiqamətlər və təhlillər barədə məlumat verib. “FutueThink” şirkətinin baş icraçı direktoru, “Why Simple Wins” bestsellerinin müəllifi Liza Bodel müasir biznesdə sadəliyin rolu, texnoloji yeniliklərin işgüzar mühitə təsiri, gələcəyin iş dünyası barəsində fikirlərini bölüşüb. Azərbaycanın innovasiya potensialı ilə tanış olmadan məmnunluğunu ifadə edib. Plenar sessiya çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Həssən Əl Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cassem Əl Zaabi imzalayıblar. Konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur. Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb: Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar. Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar. Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar. Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 mln. ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək. Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır. Plenar sessiya çərçivəsində “The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: İnvestisiya artımı üçün mərkəzi qovşaq” mövzusunda çıxış edib. Valerio De Molli Azərbaycanın dinamik və perspektivli investisiya məkanı kimi artan rolunu diqqətə çatdırıb. Qlobal bazarlardan müqayisəli təhlillər təqdim edərək Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini vurulayıb. Regional əməkdaşlığın davamlı iqtisadi inkişaf və uzunmüddətli tərəfdaşlıqların qurulmasında mühüm rol oynadığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) öz işinə başlayıb. 22-23 sentyabr tarixlərində keçiriləcək forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, “The European House – “Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə keçirilir. Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı yer alıb.

Избранный
2
3
1news.az

10Источники