RU

Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Bəstəkar Lalə Cəfərova Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinə göndərdiyi simfonik orkestr üçün “Sumela” poemasına görə I yerə layiq görülərək diplom və sertifikatla təltif olunub.

Bu barədə AZƏRTAC-a bəstəkarın özü məlumat verib.

Lalə Cəfərova Şərq aləmində Azərbaycanın ikipərdəli balet yazan ilk qadın bəstəkarıdır. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) əvvəlcə fortepiano ixtisası üzrə bitirib, Bəstəkarlıq fakültəsində təhsil alıb və bu sahə üzrə aspiranturanı da bitirib. 1992-ci ildən BMA-da müəllim kimi əmək fəaliyyətinə başlayıb. Hazırda BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir.

Lalə Cəfərova 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2001-ci ildə Bəstəkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin təqdimatı ilə simfonik əsər nominasiyası üzrə “İlin ən yaxşı bəstəkarı” mükafatına layiq görülüb. 2002-ci ildə “Azərbaycan Sərhəd Qoşunları bu gün” müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün “Sərhədçi” marşına görə diplom və mükafata layiq görülüb.

O, simfoniya, fortepiano və simfonik orkestr üçün konsertlərin, kamera, instrumental və vokal, caz əsərlərinin, marşların və mahnıların, ikipərdəli “Bir Xəzər əfsanəsi” baletinin, bədii-sənədli film musiqisinin, 9 dərs vəsaitinin, bir sıra elmi məqalələrin müəllifidir.

“Bir Xəzər əfsanəsi” baletinin premyerasından sonra (2022) may-iyun ayında “Baku” jurnalında Lalə Cəfərovanın yaradıcılığı haqqında geniş məqalə dərc edilib (Anna Qordeeva).

2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Əbədiyaşar Heydər” romansının müəllifidir. 2021-ci il noyabrın 2-də Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” konsertində L.Cəfərovanın “Zəfər marşı” Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası və solistin ifasında uğurla səslənib. 2023-cü il noyabrın 11-də Azərbaycan Akademik Dövlət Filarmoniyasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə musiqisi Lalə Cəfərovaya, sözləri Leyla Əliyeva məxsus olan “Skuçayu” (Darıxıram) romansı səsləndirilib.

Lalə Cəfərova xalq mahnılarının və bir sıra bəstəkarların əsərlərini, bunlardan F.Şopen, Q.Qarayevin, Ə.Mustafazadənin əsərlərinin işləməsinin müəllifidir. 2023-cü ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından bir neçə musiqi nömrəsinin fortepiano üçün işləməsi ABŞ-da nəşr olunub. Lalə Cəfərovanın əsərləri Azərbaycanın müxtəlif səhnələrində, ABŞ və Avropa ölkələrində böyük uğurla səslənir.

Bəstəkarın əsərləri bir sıra dissertasiyaların mövzusu olub. Onun yaradıcılığı Azərbaycanda və xaricdə bir çox qəzet və jurnallarda işıqlandırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники