RU

Sərnişindaşımada “brutto müqavilə” sistemi tətbiq ediləcək

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib”.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezidentin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur: “Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət intervalları qiymətləndirilib. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək”.

A.Rzayev qeyd edib ki, model çərçivəsində gedişhaqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.

Onun sözlərinə görə, yeni maliyyələşmə qaydasına əsasən, tənzimləyici qurum marşrut xətti üzrə qət ediləcək məsafənin ümumi həcmini, bu həcmin icra olunması ilə bağlı kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edir və buna uyğun olaraq daşıyıcıya qanunvericiliklə müəyyən edilmiş xidmət haqqını ödəyir.

AYNA sədri bildirib ki, ödəniş hesablanarkən şirkətin xərcləri və qazancı nəzərə alınır: “Bu yanaşma sərnişinlər üçün daha keyfiyyətli və etibarlı xidmət təmin edir. Xidməthaqqı müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərcləri və mənfəəti qarşılanmaqla hesablanır. Bu yanaşma ictimai nəqliyyat xidmətinin kifayət qədər yüksək keyfiyyətini və etibarlığını təmin edir”.

Anar Rzayev əlavə edib ki, “brutto müqavilə”nin tətbiqi daşıyıcının risklərini azaldacaq, xidmətin keyfiyyətini və əlçatanlığını artıracaq: “Tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi məsafəyə, yəni kilometrlərə görə qurum tərəfindən ödəniş ediləcək”.

Избранный
9
19
avtosfer.az

10Источники