Gəncə Apellyasiya Məhkəməsində arvadını xuliqanlıq niyyəti ilə öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2022-ci il dekabrın 14-ü saat 08:30 radələrində Gəncə şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, Zaur Süleymanov tutulub. İstintaq dövründə onun ittihamı ağırlaşdırılaraq, barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov