RU

Ərdoğanın valideynləri: “Anamın duaları, atamın sərt intizamı ilə böyüdüm” - FOTOLAR

Rəcəb Tayyib Ərdoğan çağdaş Türkiyə siyasətinin həm xarakteri, həm də siyasət üslubu ilə fərqlənən liderdir. O, 2003-cü ildən Baş nazir, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti kimi ölkənin taleyinə yön verir.

Ərdoğanın şəxsiyyətində bir çox ziddiyyətli xüsusiyyətlər cəmlənib - bir tərəfdən xalqla yaxın olan, dini və milli dəyərləri ön plana çəkən lider, digər tərəfdən isə güclü nəzarətə və mərkəzləşmiş hakimiyyətə üstünlük verən siyasətçi kimi tanınır.

Ərdoğan tez-tez müxalifət partiyalarını, Qərb ölkələrini və medianı sərt tənqid edir ki, bu da əleyhdarlarnın onu avtoritar siyasətçi adlandırmasına səbəb olur.


Müxtəlif siyasi situasiyalarda mövqeyini dəyişmək, taktiki manevrlər etmək onun siyasətinə xas xüsusiyyətdir. Bu, bir tərəfdən ona yeni imkanlar açır, digər tərəfdən ziddiyyətli mövqe tutduğu üçün tənqidlərə tuş gəlir.

Onun xarakteri, liderlik keyfiyyətləri və şəxsi xüsusiyyətləri uzun illərdir siyasi analitiklərin diqqət mərkəzindədir.

Ərdoğanın xarakterində ən çox nəzərə çarpan cəhətlərdən biri onun güclü liderlik qabiliyyəti və qərarlılığıdır. Prezident çətin vəziyyətlərdə sürətli qərar verməyi, geri addım atmadan irəli getməyi bacarır. Bu xüsusiyyətlər ona uzun illər hakimiyyətdə qalmaq və siyasi rəqibləri üzərində üstünlük qazanmaq imkanı yaradır.

Ərdoğanın ən önəmli siyasi silahlarından biri də xalqla birbaşa ünsiyyət qurmaq bacarığıdır. Onun çıxışları tez-tez emosional və xalq dili ilə zəngin olur. Ərdoğan kütlənin psixologiyasını yaxşı bilir və bundan irəli gələrək həmişə dəstək qazanır.

Prezidentin siyasi baxışları və çıxışlarında dini və milli dəyərlər də mühüm yer tutur. O, İslam dininin əxlaqi prinsiplərini tez-tez vurğulayır, eyni zamanda Türkiyənin milli maraqlarını müdafiə edən siyasət yürüdür. Bu da ona mühafizəkar və dini baxımdan həssas seçici kütləsinin dəstəyini qazandırır.

Rəcəb Tayyib Ərdoğan şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında böyük rol oynamış valideynləri - atasının və anasının həyatı çoxları üçün maraq doğurur. Bəs onlar kim olublar?

Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Türkiyə Prezidentinin ata-anasından bəhs edir.

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Kasımpaşa məhəlləsində anadan olub. O, konservativ müsəlman ailəsində doğulub.


Prezidenin atası Əhməd Ərdoğan 1903-cü ildə Rizə vilayətinin Güneysu rayonunda anadan olub. İbtidai təhsilini Rizədə başa vuran Əhməd Ərdoğan 1918-ci ildə Zonquldak şəhərinə köçərək qohumlarının yanına yerləşib. Burada təhsilini başa vuran Əhməd Ərdoğan işə düzəlib.

O, iki dəfə evlənib. İlk evliliyi 1918-ci ildə gerçəkləşib. Bu evlilikdən Əhməd bəyin iki övladı Mehmet (1926-1988) və Hasan (1929-2006) dünyaya gəlib.

Əhməd Ərdoğan 1947-ci ildə ikinci dəfə ailə qurub - gələcək prezidentin anası Tənzilə Mutlu (Ərdoğan) ilə evlənib.

1950-ci illərin əvvəllərində o, ailəsi ilə birlikdə İstanbulun Kasımpaşa məhəlləsinə köçüb. O dövrdə bu ərazi işçi sinfinin yaşadığı, dəyərlərin və qonşuluq münasibətlərinin güclü olduğu bir yer kimi tanınırdı.

Ə.Ərdoğan uzun illər Türkiyənin Sahil Mühafizə Xidmətində dəniz kapitanı olaraq çalışıb. Haqqında yazılanlara görə, onun dənizçilik təcrübəsi və peşəkar intizamı ailəsində də nizam və prinsipiallıq ruhunu yaradıb.

1954-cü ildə Əhməd Ərdoğanın Tənzilə xanımla evliliyindən ilk övladı Rəcəb Tayyib dünyaya gəlib, sonra ailədə daha iki uşaq Mustafa (1958) və Vəsilə (1965) doğulub.


Əhməd Ərdoğan 1968-ci ildə Sahil Təhlükəsizlik Xidmətindəki karyerasını bitirərək təqaüdə çıxıb.

O, 1988-ci ildə Alzheymer xəstəliyindən 83 yaşında vəfat edib. Ə.Ərdoğan İstanbuldakı Qulaqsız qəbiristanlığında dəfn edilib, lakin sonralar məzarının yeri dəyişdirilib (bu haqda aşağıda qeyd olunub - müəllif).

2016-cı ildə kapitan Əhməd Ərdoğanın adı İstanbulda oğlanlar üçün açılan beynəlxalq imam-hatip liseyinə verilib. Açılış mərasimində iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan atasını bu ifadələrlə təsvir edib:

“Çox intizamlı və vicdanlı bir insan olan atam kapitan Əhməd Ərdoğan bu gün onun adını daşıyan belə bir məktəbi görməyə gəlsəydi, inanın ki, onun üzündə sevinc, gözlərində yaş görərdik. Kapitan Əhməd Ərdoğan 85 illik ömründə zəhməti, namusu, imanı, ailəsi üçün çalışması, eyni zamanda düz yaşaması ilə mənim üçün ən böyük qürur mənbəyidir. Atam heç vaxt boyun əymədi, alnıaçıq, üzüağ, dik gəzdi”.

Ərdoğan deyib ki, atası Əhməd Ərdoğanın gəncliyi mübarizələrdən, həyat burulğanlarından keçib, o, doğulduğu bölgəni erkən yaşda tərk edib ailəsi ilə yeni həyat qurmaq üçün İstanbula gəlib. Prezident atasının mübarizliyindən örnək aldığını vurğulayaraq deyib:

“Kapitan Əhməd Ərdoğanın oğlu - Kasımpaşada böyüyən, imam-hatip liseyində oxuyan, daha sonra Eyüp Liseyini bitirən, ardınca iqtisadiyyat və idarəetmə elmləri fakültəsində təhsil alan, imanından, ailəsindən, millətindən başqa heç nəyi olmayan Rəcəb Tayyib Ərdoğana həm bələdiyyə başqanı, həm Baş nazir, həm də Prezident olmaq yolunu açan da bu mübarizlikdir”.

Prezident deyib ki, onun adını atası qoyub. Hicri təqvimi ilə Rəcəb ayında doğulduğuna görə və babası Tayyibin şərəfinə Rəcəb Tayyib adlandırılıb.


Türkiyə Prezidentinin anası Tənzilə Ərdoğan 1924-cü ildə Rizə vilayətinin Güneysu rayonundakı Dumankaya kəndində doğulub. İbtidai məktəbi Rizədə, orta məktəbdə Ankarada oxuyub, sonra anasının istəyi ilə təhsilini yarımçıq qoyub. Tənzilə Ərdoğan 1947-ci ildə İstanbula köçüb. Burada Əhməd Ərdoğanla tanış olaraq onunla ailə qurub.

Tənzilə Ərdoğan həyatının böyük hissəsini ailəsinə həsr edib, o, sadə və dindar bir qadın olaraq tanınıb.

Ərinin vəfatından sonra bir müddət Rifah Partiyasının qadın təşkilatında çalışıb.

Tənzilə Ərdoğan 2011-ci ildə tənəffüs çatışmazlığı və bağırsaq xəstəliyindən 87 yaşında vəfat edib. Mərhum İstanbuldakı Qaracaəhməd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, həmin vaxt hər kəs mərhum Tənzilə Ərdoğanın ərinin dəfn olunduğu Qulaqsız qəbiristanlığında torpağa tapşırılacağını gözləyirdi. Lakin oktyabrın 8-i qılınan cənazə namazından sonra Tənzilə Ərdoğanın nəşi Qaracaəhməd qəbiristanlığında dəfn olunub.

Onun adı Rizə Güneysu Dövlət Xəstəxanasına, Üsküdar Qız Anadolu İmam-Hatip liseyinə verilib.


Rəcəb Tayyib Ərdoğan anasının ona göstərdiyi qayğı və dəstəyi tez-tez xatırlayır və deyir ki, bu, onun həyatında mühüm bir yer tutur.

Türkiyə Prezidenti valideynlərilə bağlı xatirələrində bildirib ki, onların ailəsində israfçılıq yolverilməz hal sayılırdı. Uşaqlar kiçik yaşlarından işləməyə, öz çörəklərini qazanmağa təşviq edilirdi. Məsələn, Rəcəb Tayyibin özü uşaqlıqda simit və su sataraq ailəsinə maddi dəstək olub.

Prezidentin sözlərinə görə, valideynləri ona dinə bağlılığı, dövlətə sədaqəti və ailə quruluşuna olan hörməti aşılayıblar. Ərdoğanın ictimai çıxışlarında tez-tez anasına dua etməsi, atasından isə intizam və dürüstlük nümunəsi kimi bəhs etməsi valideynlərinin onun həyatında nə qədər önəmli yer tutduğunu göstərir.

Əhməd və Tənzilə Ərdoğanlar sadə və təvazökar həyatlarına baxmayaraq, Türkiyənin ən güclü liderlərindən birini yetişdiriblər. Onların ailəyə və mənəvi dəyərlərə bağlılığı, çalışqanlığı Rəcəb Tayyib Ərdoğanın da şəxsi və siyasi həyatında dərin izlər buraxıb. Prezident bu gün də tez-tez valideynlərinə olan borcunu vurğulayaraq, onların xatirəsini yad edir.

Rəcəb Tayyib Ərdoğan hələ Baş nazir olarkən – 2011-ci ildə atası Əhməd Ərdoğanın Qulaqsız qəbiristanlığındakı cənazəsini çıxartdıraraq anasının məzarı yanına – Qaracaəhməd qəbiristanlığına köçürüb. Beləcə Tənzilə və Əhməd Ərdoğanlar 23 ildən sonra yenidən qovuşublar.


Rəcəb Tayyib Ərdoğan Bəyaz TV-yə açıqlamsında atasını həddindən artıq ciddi xarakterli, olduqca etibarlı adam kimi də təsvir etmişdi: “Atam çox avtoritar idi. Onun ciddiliyi bizim tərbiyəmizə, xarakterimizin formalaşmasına çox kömək etdi. Əgər ağzından pis bir söz çıxardısa, bunun cəzası çox ağır olacaqdı”.
Türkiyə mətbuatındakı yazılara görə, əkər uşaqlar kimi Rəcəb Tayyib də kiçik yaşlarında dəfələrlə atası tərəfindən cəzalandırılıb.

Ərdoğan başqa bir suala cavab olaraq Qara dəniz mətbəxinin zənginliyini və anasının müstəsna bacarığını açıqlayıb. Evlərinin heç vaxt qonaqsız olmadığını, atası Əhməd Ərdoğanın xəbərdarlıq etmədən qonaq gətirdiyini, anası tərəfindən süfrənin tez qurulduğunu, yeməklərin yerdə əyləşərək nimçədə yeyildiyini qeyd edib.

Rəcəb Tayyib Ərdoğan orta təhsilini başa vurandan sonra Mərmərə Universitetinin İqtisadiyyat və menecment fakültəsində ali təhsil alıb.


Uşaqlıqda Ərdoğanın idmana böyük həvəsi olub. 1969-cu ildə hələ 15 yaşında peşəkar futbolçu statusuna yiyələnib. Atası isə oğlunun bu idman növü ilə məşğul olmasını istəmədiyindən o, futbolla gizli məşğul olmaq məcburiyyətində qalıb. Daha sonra isə İstanbul bələdiyyəsinin komandasında oynayıb. Rəcəb Tayyib 16 illik futbol karyerasına 1980-ci ildə son qoyub. Həmin vaxtdan etibarən Ərdoğan daha çox siyasi fəaliyyətə üstünlük verib.

1982-ci ildə əsgəri xidmətə yollanıb. Həbi xidmətdən sonra Rifah Partiyası ilə siyasətə qatılıb. Tədricən partiyada möhkəmlənib və ardınca rəhbər şuraya seçilənlər sırasında yer alıb.

1994-cü ildə İstanbul bələdiyyə sədri vəzifəsinə seçilib. Bələdiyyə sədri vəzifəsində Ərdoğan xeyli uğur qazanıb və məşhurlaşıb.

Rifah Partiyasının sədri Nəcməddin Ərbakanın rəhbərlik etiyi hökumət Türkiyədə dini dövlət yaratmağa cəhddə ittiham olunduğu üçün istefaya məcbur ediləndən sonra R.T.Ərdoğan həbs edilib. O, "xalqı din və irq fərq aşılamaqla kin və düşmənçiliyə təhrik etmək"də günahlandırılıb, 1999-cu ilin martından iyul ayına qədər həbsə salınıb.

2001-ci ilin avqustunda Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) adlı yeni siyasi təşkilat yaradılıb və Ərdoğan onun sədri seçilib.AK Partiya 2002-ci il noyabrın 3-də parlamentə keçirilən seçkilərdə birinci yerə çıxıb. Əvvəlcə millət vəkili seçilən Ərdoğan 2003-cü ildə Baş nazir olub.



R.T.Ərdoğan 2014-cü ildə Türkiyə Prezidenti seçilib. O, 2018 və 2023-cü illərdə keçirilmiş seçkilərdə də prezidentlik postunu qoruyub.

Rəcəb Tayyib Ərdoğan 1978-ci ildə Əminə Gülbaranla evlənib. Cütlüyün dörd övladı (iki oğul - Əhməd Burak və Nəcməddin Bilal; iki qız - Əsra və Süməyya) var. Prezidentin övladlarının hamısı ABŞ-da ali təhsil alıb.

 
Əfqan Qafarlı

***
Həmçinin oxu:

Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik”

Trampın valideynləri - ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm"

Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi”

Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim” 

Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb 

Pezeşkianın valideynləri: 7 bacı-qardaşın 5-cisi: “Atam da türkdür, anam da!”

Избранный
9
1
modern.az

2Источники