RU

Venesuela ABŞ ilə birbaşa danışıqlar tələb edir

Maduro Trampa məktub göndərib, Vaşinqton hələ mövqe bildirməyib...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq iki ölkə arasında birbaşa danışıqların aparılmasını təklif edib. Reuters-in məlumatına görə, məktub sentyabrın əvvəlində yazılsa da, rəsmi Karakas bu müraciəti yalnız 21 sentyabrda ictimaiyyətə açıqlayıb.

Məktubun yazılmasına ABŞ silahlı qüvvələrinin Karib dənizində venesuelalı cinayətkar qruplaşma Tren de Aragua-ya qarşı zərbəsi səbəb olub. Həmin əməliyyat nəticəsində 11 nəfər həlak olub.

Maduro məktubunda vurğulayıb ki, Kolumbiyada istehsal olunan narkotiklərin cəmi 5 faizi Venesuela ərazisindən keçir. Onun sözlərinə görə, ölkədə ələ keçirilən narkotiklərin 70 faizi məhv edilir. “Ümid edirəm ki, birlikdə münasibətlərimizi kölgədə qoyan yalanlara qalib gələ biləcəyik. Bu münasibətlər tarixi və sülhsevər olmalıdır”, – məktubda qeyd olunub.

Prezident həmçinin Trampın Latın Amerikasındakı xüsusi nümayəndəsi Riçard Qrenellə “birbaşa və açıq söhbət” aparmaq istədiyini bildirib. Maduro qeyd edib ki, bu görüş vasitəsilə Venesuelanın guya miqrantları geri qəbul etməkdən imtina etməsi ilə bağlı “media səs-küyünü və saxta xəbərləri” aradan qaldırmaq olar.

Ağ Ev hələlik bu məktuba rəsmi reaksiya verməyib. Bununla belə, ABŞ prezidenti Donald Tramp ötən həftə sonu öz sosial şəbəkəsində bəyan edib ki, Venesuela bütün məhbusları geri qəbul etməli, əks halda “ölkə ölçüyəgəlməz bədəl” ödəyəcək.

Qeyd edək ki, sentyabrın 19-da Maduro milli televiziyaya çıxışında Vaşinqtonu Venesuelada “marionet rejim qurmağa” və ölkənin “dünyada ən iri neft, qaz və qızıl ehtiyatlarını ələ keçirməyə” cəhd göstərməkdə ittiham edib. O, Venesuelanın “güclü dövlətə, möhkəm hökumətə və qətiyyətli xalqa” sahib olduğunu bildirərək ABŞ planlarına qarşı mübarizə aparacaqlarını vurğulayıb.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники