RU

Bir dənə çay verərsiz... Adnan Əhmədzadəyə? 

Biz kasıblar şampuna su qatırıq ki, qənaət edək. Biz qadınlar kotlet bişirəndə bir ovuc ətə bol-bol çörək, soğan, kartof əlavə edirik ki, çox olsun, bərəkətli olsun. Yeganə xalqıq ki, ətin bu artan qiymətləri fonunda “yalançı dolma” deyə yemək uydurmuşuq: bol göyərti, bol düyü, bulqur və sair var, amma ət yoxdur. Biz bütün bunları edərkən SOCAR təmsilçisi Adnan Əhmədzadə də neftə nəsə qatırmış. Qənaət üçün yox, nəsə başqa hoqqası var imiş. Başqa ölkələr şikayətlənəndə xəbər tutmuşuq bundan. Ondan sonra da qara maskalılar düşüblər işin izinə, indi də DTX-nın zirzəmisində bu işi niyə, necə gördüyünün hesabatını verir.

A.Əhmədzadə deyəndə hamımızın yadına Messi, Ronaldo, onlara alınan bahalı hədiyyələr, 500 minlik saatlar, yaxtada gəzintilər və sair düşür. Təxminən 5 min manatlıq köynək geyinən şərurlu İsfəndiyar misalı. Bizim oliqarxlar nəyə görəsə belə görməmişdilər. Aşağılıq kompleksindən irəli gələn davranışlardır bunların hamısı. Amerikada, Avropada, lap elə Türkiyədə tanınmış iş adamları, pullu insanlar tələbələrə təqaüd verər, məktəb tikər, xəstəxana açdırar, ya da xəstə müalicə etdirər. Bizimkilər də Messiyə “bir dənə çay verərsən?” dedizdirib qəhqəhə çəkdirərlər. Cəhənnəm, Adnan müəllim o sadaladığımız savab işləri görüb, sonra tanınmışlara “bir dənə çay verərsən?”i dedizdirsəydi, bir təhər başa düşərdik, amma onunku başqa haqq-hesab idi. Özünü də elə aparırdı ki, elə bil 18-ci əsrdəki neftçi kimi vedrə-vedrə nefti yeri qazıb özü çıxarırdı. Elə bir hava, elə bir özgüvən...

Baxıram, həyat yoldaşı, qlamurkalar kraliçası da əri həbs olunan kimi bütün lüks paylaşımları silib. Niyə? Demirdiz maaşla dolanırıq, bu həyat tərzimiz də haqqımızdır. Bəs noldi birdən? Üstəgəl, bununla kimi aldadırsız ki? Guya bunu silməsəz, DTX sizin nələri necə əldə etdiyinizi öyrənməyəcək? Hə, bir də xanımın son paylaşımı. Dünənə qədər alt paltarı ilə camaat arasına çıxan xanım Adnanzadə birdən-birə Qurandan ayə paylaşıb, ədalət, haqsızlıq, zülm və sair kimi nəsnələr barədə mesaj verməyə başladı. Ədalətsizlik, haqsızlıq, zülm kimə qarşı olub, ay xanım? Bu, bir günah çıxarmadır, etdiklərinizdən peşmançılıqdır, yoxsa kimlərəsə mesaj ötürmədir? Bunu öncə dəqiqləşdirək...

İndi top Ronaldonun, Messinin qapısındadır. Sözün bütün mənalarında... DTX onları da dindirsin, onların da ifadəsini alsın. 500 minlik saatı bəh-bəhlə alıb, qoluna taxanda yaxşı idi, gəlib hesabat verəndə pis? AST Telman Şakiranı nəvəsinin sünnət toyuna çağırıb ayaqyalın oynadan kimi Adnan bəy də məşhur ulduzları Bakıya gətirib, guya fərq yaradırdı. Amma Telmandan fərqli olaraq, öz pulu ilə yox. Hamam suyu ilə dost tuturdu...

Hə, bu arada heç kim də jurnalistlərin üstünə səlib yürüşünə keçməsin. “Niyə bu günə qədər bundan danışmırdız” deyib demaqoqluq etməyə ehtiyac yoxdur. Bizim neftə nə qatıldığını öyrənmək üçün hər hansı mexanizmimiz, informasiyaya çatımlılığımız yoxdur. Adamın lüks həyat tərzi, şıq, olqarx zövqləri barədə isə hər zaman yazmışıq. Amma cənab Əhmədzadənin günahı geyindiyi lüks paltarlar olmayıb, dövlətin malına xəyanət olub. Hələ bu xəyanətdə, medianın yazdığı kimi Rusiya ilə əlbirdirsə, rusların da bu işdə əli varsa, o zaman oliqarx müəllimi ömürlük həbs gözləyir...

Dünənkinə görə çox sağ ol, bu günkünə görə cavab ver. Prinsip belə olmalıdır və belədir. Amma mənimçün daha çox maraqlı olan cənab Əhmədzadənin saxlanıldığı DTX-da necə çay istəməsidir. Öncə fit səsi, sonra A.Əhmədzadənin o səsi: “Bir dənə çay verərsən?”. Yox, fit çalana heç yerdə çay vermirlər, o ki ola DTX-nın təcridxanası. Uzaqbaşı fit çala-çala layiq olduğu yerə göndərirlər...

Избранный
14
37
musavat.com

10Источники