RU

Rusiyada məşhur general hərbidən uzaqlaşdırıldı

Rusiyada general-polkovnik Aleksandr Lapin hərbi xidmətdən uzaqlaşdırılıb. Modern.az xəbər verir ki, bu barədə sentyabrın 21-də “Kanal 78” Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu qərarın prezident Vladimir Putin səviyyəsində qəbul edildiyi qeyd olunub. Lapinin işdən çıxarılması və ya təyinatı ilə bağlı hələlik heç bir rəsmi fərman dərc edilməyib.

Lapin 2024-cü ilin may ayından Leninqrad Hərbi Dairəsinə komandanlıq edirdi. Onu Leninqrad Hərbi Dairəsinin komandiri vəzifəsində general-polkovnik Yevgeni Nikiforov əvəzləyib.

Məlumatlara görə, general Lapin Tatarıstan rəhbərinin köməkçisi təyin ediləcək. Bu məlumatı da “Tatar-inform” yayıb.

Tatarıstan rəisi Rüstəm Minnixanov seçkilərdə qalib gəldikdən sonra sentyabrın 19-da rəsmi olaraq yeni səlahiyyətlərinin icrasına başlayıb.

Aleksandr Lapin rəis köməkçisi kimi hərbi əməliyyat iştirakçılarına və onların ailələrinə dəstək, o cümlədən müqaviləli əsgərlərin cəlb edilməsi, sosial və tibbi reabilitasiya və müharibədən  qayıdan əsgərlərin mülki həyata inteqrasiyasına cavabdeh olacaq.

Lapin 1964-cü ildə Kazanda anadan olub. 2017-ci ildə o, Rusiya qoşunlarının Suriyadakı qrupunun qərargah rəisi təyin edilib, həmin ilin noyabrında isə Mərkəzi Hərbi Dairənin rəisi olub. O, 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək Suriyadakı qoşun qrupuna komandanlıq edib.

2022-ci ildə Lapin Mərkəzi Hərbi Dairə və Mərkəz qrupuna komandanlıq edib. Həmin vaxt Çeçenistan lideri Ramzan Kadırov rus qoşunlarının Krasnı Limandan çıxarılmasına görə məsuliyyəti Lapinə həvalə etmişdi.

Lapin daha sonra Baş Qərargah rəisi və Quru Qoşunları Baş Komandanının birinci müavini vəzifələrinə keçirilib, sonra Leninqrad Hərbi Dairəsinə komandanlıq edib və “Şimal” qrupuna rəhbərlik edib. Onun komandanlığı ilə bu istiqamətdə qoşunlar Vovçansk uğrunda vuruşub, Kursk vilayətini müdafiə edib və sonradan onu ukraynılılardan azad edib, Sumı və Xarkov vilayətlərində bufer zonası yaradıb.

A.Qorxmaz

Избранный
28
modern.az

1Источники