"Neftçi" Misli Premyer Liqasının V turunda səfərdə "Sumqayıt" üzərində 2:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularıma möhtəşəm oyunlarına görə təşəkkür edirəm. Öncəki qarşılaşmalarda da yaxşı çıxış etmişdik, amma bu gün meydanda qalib gəlmək istəyən bir komanda gördük. Bu, təsadüf deyil. Hər kəs bilir ki, 'Neftçi' hansı səviyyədə komandadır. Böyük komanda üçün heç-heçə belə uğursuz sayılır. Mənim dövrümdə, bundan əvvəl və bundan sonra reallıq dəyişməz – komandanın çıxışı göstərdiyi nəticəni əks etdirir. Çempionlar Liqasında 'Qalatasaray'ın 'Ayntraxt'a 1:5 uduzması da göstərir ki, baş məşqçilər oyun prosesini düzgün qiymətləndirməlidir. Okan Buruk da oyunda 4 futbolçu ilə meydana çıxdığımızı qeyd etdi. Yeni komandayıq, oyunçularımızın səviyyəsini bilirik, amma təzyiq hər tərəfdən gəlir. Futbolçular bunu hiss edir, amma onları qələbəyə kökləmək yalnız mənim işim deyil, arxamızda duran rəhbərlik sayəsində bunu bacarırıq. Onlar hər zaman bizim yanımızdadır, qalib gəlmək üçün lazım olan dəstəyi göstərirlər. Mən və komandam adından onlara təşəkkür edirəm – bu, bizi daha da motivasiya edir."

  • Əvəzetmələr həlledici oldu. Onlar əvvəlcədən planlaşdırılmışdı, yoxsa gedişatda qərar verildi?

  • Həqiqətən, əvvəlcədən düşünmək mümkün deyil. Oyunun gedişində görürsən kimsə düşür, meydana buraxırsan. Kiminsə qol vuracağını əvvəlcədən bilmək olmur.

  • Ağadadaş Salyanski növbəti oyunlarda da şans alacaq?

  • Hamı şans alacaq. Uzun müddət iştirak etməyənlər də meydanda olacaq.

  • Belə komandalar üçün bir qələbənin önəmi nə qədərdir?

  • Bu qələbə çox böyük əhəmiyyət daşıyır. Bu gün sanki çiynimizdən böyük yük götürüldü. Futbolçular epizod verməmək üçün uzun müddətdir çalışırdılar, bu gün isə yeni oyunçularla kollektiv şəkildə oyun göstərdilər. Meydanda ürəklərini qoydular və bu nəticədə özünü göstərdi. Əgər bunu davam etdirsək, həqiqətən güclü komandayıq.