RU

Kiberhücumla əlaqədar Berlin aeroportunda bu gün də gecikmələrin olacağı gözlənilir

Berlin, 21 sentyabr, AZƏRTAC

Avropanın bir sıra aeroportlarında IT xidmət təminatçısına qarşı həyata keçirilən kiberhücum bir sıra hava limanları kimi, Berlin-Brandenburq Aeroportunda da gecikmələrə səbəb olub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, problemlə əlaqədar Berlin aeroportunda bu gün də bir sıra reyslərdə gecikmələrin yaşana biləcəyi qeyd edilib. Hava limanının aviaşirkətlər və yerüstü xidmət təminatçıları ilə birlikdə məhdudiyyətlərin təsirini minimuma endirmək üçün ciddi səy göstərdiyi bildirilib. Ötən gün dörd eniş və dörd uçuş ləğv edilib. Gecikmələr isə əsasən 45 dəqiqədən az olub.

Bu gün səhər isə terminallarda proseslərin müəyyən qədər sabitləşdiyi, sərnişinlərin qeydiyyatının sakit və nizamlı şəkildə davam etdiyi bildirilib. Aeroportun səhifəsində yerləşdirilən müraciətdə sistemdəki nasazlıqla əlaqədar gözləmə vaxtının uzandığı qeyd edilib və sərnişinlərdən onlayn qeydiyyatdan, “self-servis” qeydiyyat köşklərindən və sürətli baqaj təhvil xidmətindən istifadə etmələri tövsiyə olunur.

Kiberhücum Almaniyanın digər aeroportlarının fəaliyyətinə təsir etməyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
9
3
azertag.az

4Источники