RU

Samir Həsənov: Hazırda məhkəmə sistemində 648 hakim fəaliyyət göstərir, 152 vakansiya mövcuddur

Bakı, 21 sentyabr, AZƏRTAC

Göründüyü kimi, ədalətin mühakiməsinin səmərəliliyinin artırılması o cümlədən hakim korpusuna yeni nəsil layiqli hüquqşünasların cəlb edilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən yüksək tələbkarlıqla seçim prosesləri davam edir. Ötən il noyabrın 7-də "Məhkəmələr və hakimlər" haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən seçim mərhələləri 4-dən 3-ə endirilib. Qanundakı hazırkı dəyişikliyə görə mərhələlər test, yazılı imtahanlar və şifahi müsahibə qaydasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin üzvü Samir Həsənov deyib.

S.Həsənovun sözlərinə görə, qanunvericilikdə olan dəyişiklikdən irəli gələrək vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları yenidən işlənib və Məhkəmə Hüquq Şurasının qərarı ilə təsdiq edilib. Yeni qaydalara əsasən test tapşırıqlarının 90-ı qanunvericilik sahəsində namizədlərin biliklərinin yoxlanılması, 10-u isə məntiqi nəticələrin çıxarılması qabiliyyətinin müəyyən edilməsi məqsədi daşıyır.

"Hazırda imtahanlarda 350-dən çox hüquqşünas iştirak edir. İmtahan sualları namizədlər tərəfindən yüksək və müasir texnologiyalardan istifadə edilməklə fərdi qaydada kompüter vasitəsilə cavablandırılır. Namizəd hüquqşünasların nəticələri onlara dərhal sonra elan olunur. 60 və daha çox bal toplayaraq uğur qazanmış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Bununla yanaşı, hazırda hakimliyə namizədlərin mərhələli şəkildə seçim prosesi davam edir. Belə ki, 48 hakimliyə namizəd Ədliyyə Akademiyası tərəfindən təşkil olunmuş uzunmüddətli tədris kurslarına cəlb edilib. Onların tədris kursu oktyabrın əvvəllərində başa çatacaq. Daha 61 hakimliyə namizədin yeni qaydalarla şifahi müsahibəsi aparılır. Hazırda məhkəmə sistemində 648 hakim fəaliyyət göstərir, 152 vakansiya mövcuddur. Bu gün Hakimlərin Seçki Komitəsi olaraq hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda fəal iştirak etməyə dəvət edirik. Qeyd edim ki, sənəd qəbulları da davamlı şəkildə aparılır", - deyə Hakimlərin Seçki Komitəsinin üzvü fikirlərinə yekun vurub.

Избранный
9
1
azertag.az

2Источники