RU

Suverenlik - milli dövlətçilik doktrinasının fundamental elementidir

Beynəlxalq hüququn aparıcı subyekti kimi dövlətlərin bir sıra mühüm əlamətləri mövcuddur. Bunun hüquqi təsdiqini müəyyən etmək üçün vaçib kodifikasiya nümunəsi olan "Dövlətlərin hüquqları və vəzifələri haqqında" 26 dekabr 1933-cü il tarixli Montevideo konvensiyasının 1-ci maddəsinə müraciət etmək lazımdır. Həmin maddəyə əsasən dövlətlər müəyyən əraziyə, həmin ərazidə daimi yaşayan əhaliyə, ali və tək hökumətinə, digər dövlətlərlə münasibətlərə daxil olma qabiliyyətinə malik olmalıdırlar.

Eyni zamanda hər bir dövlətin siyasi və hüquqi müstəqilliyini əks etdirən ayrılmaz kriteriya qismində suverenlik çıxış edir. Universal beynəlxalq qurum olan BMT Nizamnaməsinin 2-ci maddəsində suverenlik ayrıca prinsip kimi təsbit edilmişdir və həmin maddədə nəzərdə tutulur ki, "Təşkilat onun üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır".  BMT-nin Baş Assambleyası tərəfindən 24 dekabr 1970-ci ildə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında"  Bəyannaməynə uyğun olaraq, "suveren bərabərlik" anlayışına aşağıdakı elementlər daxildir: a) dövlətlərin hüquqi cəhətdən bərabərliyi; b) hər bir dövlətin suverenliyə xas olan hüquqlardan istifadə etməsi; c) hər bir dövlətin digər dövlətlərin hüquqi subyektliyinə  hörmətlə yanaşması; d) dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmazlığı; e) hər bir dövlətin öz siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək hüququna malik olması; f) hər bir dövlətin öz beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməsi və digər dövlətlərlə sülh şəraitində yaşamağ öhdəliyi. 

Təəssüf ki, suveren bərabiliyi əks etdirən fundamental müddəalara riayət olunmasının əvəzinə Ermənistan ərazi iddialarından açıq-aşkar qaynaqlanan təcavüz siyasətini həyata keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı sil-silə təxribatlara və hərbi hücumlara rəvac verdi. Bunun nəticəsi kimi, ərazimizin 20 faizi işğal olundu, mülki əhaliyə qarşı soyqırımlar, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər törədildi, Azərbaycanın ekoloji sistemi ekosid cinayətinə məruz qaldı. Beynəlxalq təşkilatların fəaliyyət qabiliyyətsizliyi və bir sıra dövlətlərin təcavüzkar Ermənistanı dəstəkləməsi fonunda Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa edərək, qısamüddətli lokal anti-terror tədbirlərini həyata keçirərək və dövlət suverenliyini tam bərpa edərək, milli konstitusiya-hüquq normalarının aliliyini bütöv ölkə ərazisində təmin etdi. 

Dövlətimizin həyatında müstəsna əhəmiyyətə malik olan bu hadisə ilə əlaqədar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Dövlət Başçısının bu Sərəncamı Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirdi.          

Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Milli.Az

Избранный
15
3
milli.az

4Источники