RU

Başımda məğlub eşqim yol gedirəm... Qadınlığın müstəsna halı

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

21 sentyabr tanınmış şair Nurəngiz Günün doğum günüdür.

Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Nurəngiz Gün - Qadınlığın müstəsna halı" essesini təqdim edir.

Yaşadığıma görə demək ki, ölüm hələ məni tanımır... Amma mən ağlım kəsər-kəsməz, ölümü tanıdım. Qohumdan-qonşudan, yaxından-doğmadan cismən itirdiklərim olduqca ölümün hənirini bir addımlığımda hiss elədim.

Uşaqlıqda valideynlərimi, əzizlərimi birdəfəlik itirmək qorxusu ilə ağladığım da oldu. Yaşım artdıqca ölüm qorxusunun daha çox bilinməzlikdən və ölümsonrası səssizlikdən qaynaqlandığını anladım.

Və buna görə də ölüm mənim şüurumda vahimədən daha çox tənhalıqla assosiasiya olunur. Hər dəfə dəyərli bir insanı itirdikcə sarsıntı və üzüntüdən sonra növbəti dəfə yaradılışın əsas qanunlarından olan ölümü təbii qarşılayacağımı özümə söz verdim. Amma nə fayda... Ölüm və onun gətirdiyi üzüntü hər dəfə eyni olmur ki...

Hər kəsin yaşamı individual olduğu kimi, ölümü də, ölümünün gətirdiyi acı da fərqlidir... “Ölümün sayəsində” xeyli yaxın dostların, qohumların ünsiyyətindən, gülüşündən, varlığından məhrum oldum çox illər öncədən başlayaraq. Həyat davam edir... Deməli, ölüm də həmçinin...Vəziyyətlə barışmaqdan özgə çarə varmı?

Ölüm mənə əziz olan daha bir adamı – Nurəngiz Günü də tanıdı. Tanıdı, sevdi və apardı... Ölüm həyatdan daha vəfalıdır, birini sevdimi, ölümünə sevər və bir daha ayrılmaz ondan.

Nurəngiz Günü ölüm axırda tanıyıb sevdi, bundan əvvəl isə onu çoxları – yüzlərlə, minlərlə insan tanımış və sevmişdi. Bu azadruhlu, çılğın, sadə, səmimi, gözəl, təkrarsız və əvəzolunmaz xanımı sevməmək anormal olardı – ölümü qınamağa dəyərmi? Amma ölüm də insaflı çıxdı, sadəcə onun cisminə sahibləndi, sözünü, xatirələrini, zəngin mənəvi mirasını bizə buraxacaq qədər insaflı...

...Nurəngiz Günlə illər öncə tanış olmuşduq. Sonralar bu tanışlıq jurnalist-müsahib çərçivəsindən çıxıb dostluğa çevriləcəkdi. Amma bu sonralar olacaqdı...Mən iş-gücdən, yazı-pozudan, məişət problemlərindən, uşaq qayğısından az qala özümü itirdiyim hansısa darmacalda Nurəngiz Gün zəng eləyəcəkdi və məni elə ilk saniyələrdəcə şən səsi, pozitiv əhvalı və şaqraq gülüşü ilə ovsunlayıb adımın sonluğuna qoşduğu əzizləmə hissəciyi ilə sevələyəcək, bezgin ovqatdan qurtaracaqdı. Elə ilk saniyələrdəcə mən özümü tapacaqdım və bu möhtəşəm xanım öz zəngi ilə mənim də qadın olduğumu yadıma salacaqdı.

Və biz artıq ömürləri arasında onillərlə yaş fərqi olan iki xanım kimi yox, az qala yaşıd rəfiqələr kimi hər mövzuda – ədəbiyyat, mədəniyyət, qadın – kişi münasibətləri, sevgi, ailə, hətta sevimli şirniyyat növləri haqqında çox səmimi, məhrəmanə söhbətlər edəcəkdik. Mənim üçün o genişlənmiş zaman kəsimində anlayacaqdım ki, “darmacal” deyilən anlayış yoxdur. Həyat onu necə yaşamağından asılıdır. Və mən onda düşünməzdim ki, sonralar, çox sonralar mən o zənglər üçün çox-çox darıxacam, o səsə, o gülüşə, o şirincə danışığa yerikləyəcəm az qala. Amma bu da sonralar olacaqdı. Lap sonralar, yəni indilərdə... Onda ölüm hələ Nurəngiz xanımla tanışlıq qurmamışdı.

Bəzi insanlar hava, su kimidirlər, nə qədər ki, mövcuddurlar, varlıqlarına təbii baxırsan. Yoxa çıxdılarmı – boğulursan, təşnəyə dönürsən. Nurəngiz Gün mənim həyatımda o cür dəyərli insanlardan biri idi. Əminəm ki, təkcə mənim üçün yox, çoxlarından ötrü beləydi və yaddaşlarda belə də qalır.

İlk müsahibəmizdə söhbətləşə-söhbətləşə evin bütün otaqlarını gəzmişdik, şkafındakı maraqlı oyuncaqları göstərmişdi mənə. Gözləri kədərli, dodağı təbəssümlü bu qadının içindəki uşağa vurulmuşdum mən onda. Onunla ruh qohumu olduğumu sövq-təbii hiss eləmişdim. Doyulmaz aurası vardı. Adətən, müsahibələri diktafondan çıxarmağa adətkar olsam da, onunla söhbətimizi yaddaşımdan yazmışdım. Qəribədir, onda – o yazını hazırlayanda yaddaşım da məni ayağa vermədi.

İndi bunları yazdıqca düşünürəm ki, son zamanlarda tez-tez qarışan yaddaşım nədənsə, uzun illər əvvəl Nurəngiz Günlə olan söhbətlərimizi ən xırda təfərrüatlara, incə detallara qədər saxlayıb və dəqiq bir şəkildə mənə təqdim edir. Bəlkə də problem yaddaşla deyil, adamlarla bağlıdır. Kimisi yaddaşımıza ömürlük həkk olunan, kimisi də bircə anlıq sönən, silinən adamlarla...

Ah, ayrılıq!Biz ki çoxdan tanışıq?!..Elə əvvəlkitək bənizimiz sopsoluq...Xoş gəldin, son ayrılıq.Qolboyun olaq.Artıq qorxum yox...Öpdüm acılarından!..Və anladım ki, indi,Sevgi ağacı ucaymışYamaclarda ləngər döyənÖmür ağaclarından!...

Nurəngiz Günlə görüşəndə də, telefonla söhbətləşəndə də, şeirlərini oxuyanda da ancaq böyük hərflə QADIN görürdüm. O, Qadınlığın Müstəsna Halı idi.

Bu Halda ən müxtəlif halətlər qarışmışdı bir-birinə: bəzən uşaq kimi şıltaq, bəzən kədərli, bəzən şad-xürrəm, bəzən susqun, bəzən sirli, bəzən ovuc kimi açıq, bəzən ürək qədər qapalı... və bütün bu halətləri ilə birgə sevimli bir Qadın. “Nə demişəmsə, nə söyləmişəmsə, elimə, obama məhəbbətdəndi...” yazan Nurəngiz Gün təpədən-dırnağa sevgi şairi idi... – Vətən sevgisi, övlad məhəbbəti, qadın eşqi maraqlı bir şəkildə onun mətnlərində qovuşurdu.

Nurəngiz Gün azad və yalqız Qu quşu idi. “Kimsəsizliklər yeyirdi içini”, “boyu biçimində ayrılıqlarla yaşayırdı” və hər şeirində sanki Qu quşu nəğməsi oxuyurdu – sonuncu və ən əziz nəğməsiymiş kimi. Amma Nurəngiz Gün həyatının şah nəğməsini bütün ömrü boyu oxudu. Bu nəğmə təkcə onun həyatının nəğməsi deyildi, bizim hamımıza tanış nəğmə idi:

Biz ki qu quşlarıydıq,Bizim öz mahnımız vardı,Sədasına üfüqlər oyanardı,Biz vardıq, biz asimandaydıq,Biz buludları yarırdıq,Qıy vururduq, yorulmurduq!Günəşi çətir tutub başımız üstünəKimdən qorunduq?Biz ki qu quşlarıydıq...

Onun yalqızlığı da, azadlığı da özündən çox-çox böyük idi. Amma bu boyda yük də çəkənə verilər. Onun zərif qadın çiyinləri “Günəş tayasına” tab gətirmişdisə, bu yük nəydi ki? Ancaq böyüklüyün, azadlığın da ağır ödənişi var: mənəvi tənhalıq, ruhi yalqızlıq... Birincini seçəcəksənsə, ikinciyə məhkumsan və özün özünü ovutmalı olacaqsan.

Nurəngiz Günün şeirləri sadəcə ovqat məhsulu deyil. Geniş mütaliənin, aydın düşüncənin və real yaşantıların bəhrəsidir. Onun hər şeirinə dönə-dönə qayıdırsan və hər dəfə də yeni nüanslar tapırsan - sirayətedici, təsirli, bəzən də zəlzələ effekti yaradan nüanslar; obrazlı deyimlər, təptəzə, dipdiri mükalimələr... Özlüyündə elə təkcə adı bütöv bir şeir olan “Ayrılıqlar boyum biçimi” şeirində olduğu kimi:

Gecə yalqızlıq laylası deyir,

uyuyur qollarımda meh əsimi,

xatirə yelləyirəm beşik kimi,

kimsə yoxmuş, beşik bomboş,

kimsəsizlik yeyir içimi,

ayrıılıqlar boyum biçimi...

Nurəngiz Günün poeziyası ümumilikdə hərəkətedici və hərəkətverici poeziyadır. Hərəkətsizlik, sükunət Nurəngiz Gün yaradıcılığına yaddır. “Qaçıram” şeirində buna bir daha əmin oluruq - “Boş haylardan, haraylardan, təmtəraqlı otaqlardan, saraylardan, yersiz gülüşlərdən, saxta yaltaq öpüşlərdən, qazanc güdən, söz üyüdən görüşlərdən, əli baltalı qollardan, dolam - dolaşıq yollardan, boş küylərdən, kələklərdən” qaçış poeziyası açılır göz önündə.

Bu hərəkətlilik oxucunun hisslərini, duyğularını da hərəkətə gətirmək qüvvəsinə malikdir. Bu gediş və qaçış motivləri bizi dönə-dönə Nurəngiz Günün poeziyasına qaytarır.

Haqqında çoxlarının fikir bildirdiyi “Yol gedirəm” şeiri bu baxımdan ovsunu xatırladır. Oxucunu çəkir aparır və bir də baxırsan ki, bu şeirdəki kimi hərəkətdəsən, yoldasan artıq-Nurəngiz Günün bələdçilik etdiyi yolda. Bu şeir təkcə yazılma texnikasına görə deyil, həm də poetik və tematik baxımdan da elə mükəmməldi ki, haqqında nə qədər yazsan da şeirin özü qədər kamil olmaz, ola bilməz.

Amma oxuduqca insanın içində bir istək baş qaldırır özündən asılı olmayaraq: istəyirsən şeiri bir də öz oxucu qəlbindən keçirib müəllifin fikriylə öz duyğularının necə doğmalaşmasına, çulğaşmasına bir daha şahid olasan. “Yol gedirəm” Nurəngiz Günün həyat və yaradıcılıq kimliyidir, poetik pasportudur – desəm, yanılmaram yəqin. Hər şair ədəbiyyatda dillər əzbəri olan ən azı bir şeirə iddialıdır hər halda. Məncə, “Yol gedirəm” bu iddianın tam təminatçısı ola bilər:

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı,

Yol gedirəm yorulanadək...

Bu nə yoldu ki, yolçusunu bu qədər yüklə getməyə vadar edir? Cavab birdi: həyat yolu. Bu şeir Nurəngiz Günün kəlmələrdən məharətlə çəkdiyi, ifadələrlə rənglədiyi, Salvador Dali sayaq rəmzlərlə işarələyib bəzədiyi mükəmməl söz tablosu... Dodaqdakı təbəssüm bağlı qapıları açacaq. Gözdə yox, məhz bəbəkdə ümid və qürur. Nə qədər dərində və gizlində. Bu ümidi və qüruru hər kəs görə bilməz ki bəbəyin içində- o dərinlikdə...O dərinliklərdən gələn bir ağlamaq ehtiyacı da var hələ üstəlik... Bu nə yorucu yol oldu belə? Ancaq bu da hələ yükün heç yarısı deyil ki...

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası.

Başımda məğlub eşqim

Yol gedirəm sinəm qaralanadək.

Başdakı məğlub eşqdən daha ağır bir yük varmı görəsən? Yaxud eşqin qalibi oldumu heç, eşq həmişə hansısa məğlubiyyətə, hansısa itkiyə aparmırmı sonda? Uduzduğumuz sevgi oyununda ruhumuzun ana laylasından başqa nə tutalqası ola bilər ki, təngnəfəslikdən sinəmiz qaralmasın, bu qaçaqaç, qovaqov dünyasında?..

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdi varım yoxum...

Yol gedirəm saplağından qırılanadək...

Ovucda sirr gizlənibsə, əllər yumruqlanıb demək, həm də ağır həyatın simgəsi olan qabarlı barmaqların sıxılmasından yumruqlanıb. Amma bu yumruqlardan heç kimə ziyan gəlməz, heç kimin başı üstünə qalxmaz bu yumruqlar. Çünki varı yoxu ürəkdən ibarət olanın kiminsə başı üstündə yumruq düyməyə ürəyi gəlməz...Beləsinin gücü yalnız öz saplağına çatar, vəssalam...

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz,

Qərib canla bu tək cana qürub çağı

Yol gedirəm öləziyib saralanadək...

Hələ bu yolun önündə aşılası silsilə dağları, dizləri qanadası sərt qayaları, keçiləsi soyuq dənizləri varsa və həm də bu yolda elə kimsəsiz, elə qəribsənsə, bu yol öləzimiş, saralmış bir qüruba aparırsa... bu qədər də olmaz axı...Bunu daşımaq nə qədər ağır olmalıdır- fərqindəyik. Amma geriyə dönüş də yoxdu burda, "uzun, incə bir yol” qət edilməlidir...

“Çox dərdi olanlar çox gülər” deyimi boşuna yaranmayıb, əlbəttə. Nurəngiz Günün də gülüşünün arxasındakı kədəri sezmək bir elə çətin deyildi. Hələ bunu özü də şeirlərində etiraf edirdisə:

Çox da darılmayın sizBu şən, gülər üzümə –Mənim öz kədərim var...

Və bu kədəri anlamayanları eyninə almayacaq qədər azad olmaq...Həm azad, həm də qadın olmaq... Bunun birlikdə nə demək olduğunu da anlamaq bir o qədər çətin olmasın gərək...

Vız gəldiniz, vaz keçdim mən,Köks ötürüb, düz keçdim mən,Düzdüm qəhrimi varağa,Qoymadım viran qalaTapşırdım ağ sabahlara.

...Söhbətlərimizin birində gəncliyinə – televiziyada işlədiyi vaxtlara aid məzəli, maraqlı bir hadisəni nəql eləmişdi. Deməli, Nurəngiz xanıma hava proqnozu olan mətn verilib ki, oxusun: “Mətndə qeyd edilmişdi ki, hava isti olacaq. Mən də pəncərədən görürdüm ki, qar yağır, necə isti ola bilərdi axı? Öz-özümə dedim ki, düzünü deyəcəyəm. Efirdə dedim: “Sabahkı sevincinizi qabaqcadan salamlayıram, əziz tamaşçılar! Gecəyə quşbaşı qar yağır, özüm gördüm pəncərədən. İsti- misti olmayacaq”. Bunu danışmışdı və elə ürəkdən gülmüşdü ki, həmin sirayətedici qəhqəhəsi hələ də qulağımdadır. Sonra da əlavə eləmişdi: “Amma bu kiçik azadəliyimə görə sonra yaxşıca aşımın suyunu verdilər...”

Qadın olmaq və eyni zamanda yol ömrü yaşamaq arzusuna düşmək... Bu çətinliyi dərk edəcək qədər müdrik idi, amma bir o qədər də cəsarətli... Onun cəsarəti, ruhi azadlıq eşqi üstələmişdi hər şeyi.

Nurəngiz Gün guya bilmirdimi yol olmaq arzusu ancaq – "saçlardakı ruzgarın, başdakı məğlub eşqin, önü kəsən silsilə dağların, sərt qayaların, soyuq dənizlərin, sarp enişlərin, çiyinə yüklənmiş Günəş tayasının” hesabına başa gəlir? Bəyəm bilmirdi ki, bütün bunlar dəlicə ağlamaq ehtiyacının əvəzində bəxş edilir? “Varı-yoxu ürəyindən, dodaqlarındakı təbəssümdən, bəbəklərindəki ümid və qürurdan ibarət olan” başqa nəyə ümid edə bilərdi? Azadlığına, istedadına, özünə, yalnız özünə... Amma maneələr, itkilər azad ruha, güclü qadına nə edə bilərdi?

Nurəngiz Gün yol olmaq, yeni cığır açmaq arzusunu reallaşdırdı...

Ancaq o gerçəkləşən arzu da mənəvi yalqızlığa dərman olmazdı. Bu ruhun düzəni başqadır, o, yerdə qərar tutmaz, nə istədiyini bilməz, haraya can atdığını anlamaz. Belə narahat, azad, özünəməxsus ruh bəlkə də yaradılışdan bəzilərinə verilən bir istedaddır, mükafatdır. Ya bəlkə cəzadır? İnsanın insana amansızcasına qıydığı bir dünyada “Sərçələrə çörək, qarışqalara qənd qoyan” kəsin yaşamağı asandırmı? “Kürəyi üstə bir cüt ağ lələk, başdan qəm dağıdan dəli bir külək”, “uşaq könlünü anlayan, anladan bir İNSAN ehtiyacı”ndan və “ulu bir eşq”dən ayrı arzusu olmayan kəs necə dil tapardı “varlığından iyrəndiyi adamların da olduğu” bu dünyada? Bu ruh göylərə pərvazlanırdı, pərvazlanmalıydı. Ölüm də Nurəngiz Gün üçün bədənindən qopub ənginliklərə dalıb getmək idi əslində. Ölüm azadlığın mütləq halı idi ondan ötrü:

...Öldün, azadsan demək.o ruh, o sən.Uç dostum, uç,Uç hara istəyirsən!

Amma bu da var ki, Nurəngiz Günə azadlıq qazandıran ölüm bizi onun öz varlığı boyda boşluğa məhkum etdi. Əlimi atıram, təsəlli üçün yapışmaq istədiyim o əl yoxdu, avazına yeriklədiyim o səs yoxdu, baxışlarında ümid, sevgi görmək istədiyin o doğma gözlər yoxdu. Əvəzində boşluq var – ağır bir boşluq. Həm ətrafda, həm qəlbimdə...

Bomboş bir səssizlik, bomboş...Boşluqda nə sevgi, nə nifrət,nə səadət, nə hiss, nə səs!Qamçılamaq istəyirəm bu boşluğu!

"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

ABBA İsveçin mədəni irs siyahısına daxil edilmədi

“Sony Pictures”dən kinematoqrafçılar üçün unikal imkan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
kulis.az

2Источники