RU

Uğursuzluğa məhkum erməniçilik

ABŞ-dakı hay lobbisinin çağırışları Ağ evin siyasətini dəyişə bilməyəcək

ABŞ-dakı erməni diaspor və lobbisi Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün yaranmasına qarşı olduqlarını gizlətmir. Onlar öz əməlləri ilə hər vəchlə kövrək sülhə pəl vurmağa çalışırlar. Bu da səbəbsiz deyil. Çünki Cənubi Qafqazda sabitlik yox, münaqişənin davam etməsi onların siyasi və maliyyə dividendlərinin əsas mənbəyidir. ABŞ Konqresindəki ermənipərəst qüvvələr illərdir eyni ssenarini təkrar edərək reallıqdan uzaq qətnamələr qəbul etdirirlər. Əgər bu addımlar əvvəllər Ermənistan cəmiyyətini Azərbaycan ərazilərinin işğalını davam etdirməyə ruhlandırırdısa, hazırda revanşist meyllərə stimul verir.

Bugünlərdə bu istiqamətdə bir neçə xoşagəlməz hal baş verib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Bred Şerman bir neçə gün öncə Nümayəndələr Palatasına “Türkiyə Ermənistanın blokadasını aradan qaldırana, Azərbaycan isə bütün erməni hərbi əsirləri azad edənə” qədər ABŞ-ın İnkişaf üzrə Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Ankara və Bakıya dəstəyini əngəlləyən düzəliş təqdim edib. Maraqlıdır ki, bu barədə məlumatı Şerman özü deyil, Amerika Erməni Milli Komitəsi – ANCA adlanan bədnam qurum yayıb. ANCA-nın təşkilatçılığı ilə Kapitoli binasında 2023-cü ilin antiterror əməliyyatı ilə bağlı keçirilən “Hesablılıq–2025” adlı konfransda çıxış edən Şerman deyib: “Mənim düzəlişim Türkiyə Ermənistanın blokadasını davam etdirənə, Azərbaycan isə girovlar azad edilənə qədər bu ölkələrə bir sent də ödənilməməsini nəzərdə tutur”.

Şermanın ikinci düzəlişi isə Dövlət Departamentinin Sanksiyalaşdırma Aktı ilə bağlıdır. Bu düzəliş ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi ləğv etmək səlahiyyətini aradan qaldırmağa xidmət edir.

Konfransda Şermanla yanaşı, Konqresdəki “erməni qrupu” adlanan qurumun həmsədri Frenk Pallone və digər üzvlər, o cümlədən Loru Fridman çıxış edib. Onlar “Qarabağ xalqı”nın bölgəyə qayıtmaq hüququnun təmin edilməsi zərurətini bəyan edib və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bunun ardınca konqresmenlər Dina Taytus və Qas Bilirakis Qlobal Maqnitski Aktı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün ikitərəfli qanun layihəsi təqdim ediblər. ANCA bu qanun layihəsinə geniş dəstək toplamaq üçün ümummilli kampaniyaya başladığını elan edib.

Həmçinin bildirilib ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi həm Şermanın, həm də konqresmen, sabiq dövlət katibi Con Kerrinin ANCA-nın dəstəyi ilə təqdim etdiyi bir sıra digər düzəlişləri nəzərdən keçirir.

Son məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Dövlət Departamentinin 2026-cı il üçün iş gündəliyini müəyyən edən H.R.5300 qanun layihəsini nəzərdən keçirib. Müzakirələr zamanı Ermənistan və Cənubi Qafqazla bağlı düzəlişlər təsdiqlənib. Yekun variantda bir sıra ermənipərəst təşəbbüslər rədd edilib. Bunlara Bred Şermanın Türkiyə və Azərbaycanla bağlı iki düzəlişi daxil idi.

Bütövlükdə, demək olar ki, Azərbaycanın suverenliyini təmin etməsi üçün 2023-cü ildə apardığı antiterror əməliyyatının ildönümündə ABŞ-dakı erməni lobbisi Azərbaycana qarşı yeni kampaniyaya başlayıb. Onlar ötən ilin bu günlərində də oxşar tədbirlər keçirmişdilər. Bu, onların “davamlı strategiyasının” bir parçasıdır; yəni lobbiçilik və təzyiq vasitəsilə Azərbaycanın beynəlxalq imicini zəiflətmək cəhdidir. Belə təkrarlanan kampaniyalar göstərir ki, erməni lobbi qurumları yalnız öz qısamüddətli maraqlarını güdür və real geopolitik dəyişiklikləri nəzərə almırlar.

Eyni zamanda, bütün bunlar ABŞ–Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı işlərin görüldüyü vaxta təsadüf edir. Aydın olur ki, erməni diasporu və Konqresdəki erməni lobbisinin üzvləri həm də bundan bərk narahatdırlar.

Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsindən iqtibas gətirmək yerinə düşər. Dövlətimizin başçısı bildirmişdi ki, Prezident Trampın şahidliyi ilə Ermənistan Baş naziri ilə şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəanın olması hər şeydən əvvəl, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlər və sərəncamında olan siyasi infrastruktura – media, QHT-lər, USAID və bəzi korrupsioner siyasətçilərə cavab idi: “Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər – Menendez, Şiff, Peloni, Pelosi, Şerman, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər – bilmirəm niyə. Yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi. Onlar Azərbaycanın əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən bir qrup ciddi siyasətçi idi. Bu gün Azərbaycanla Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir – göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək”.

***

Girişdə qeyd etdiyimiz kimi, ABŞ-dakı erməni diasporu və lobbi qüvvələrinin fəaliyyəti Cənubi Qafqazda dayanıqlı sülhün qurulmasına əngəl yaradılmasına “parlaq” nümunədir. ANCA kimi bədnam təşkilatlar və onların Konqresdəki himayədarları heç də gizlətmədən Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişəni yaşatmaq niyyətlərini nümayiş etdirirlər. Onlar üçün bu münaqişə, sadəcə, regional məsələ deyil, həm də siyasi xal qazanmaq, yəni, seçkilərdə səs toplamaq və əsas gəlir mənbəyidir. Çünki sabitlik yox, davam edən münaqişə onların mövqeyini möhkəmləndirir və Vaşinqtondakı sanksiyalarla manipulyasiya etməyə imkan verir. Son günlərdə baş verənlər də bu mövqenin konkret ifadəsi kimi meydana çıxıb. Bred Şermanın təqdim etdiyi düzəlişlərin ANCA-nın təşkil etdiyi “Hesablılıq–2025” konfransında açıq şəkildə dəstəklənməsi Konqresdəki ermənipərəst qüvvələrin rəsmi Vaşinqtonun siyasətini manipulyasiya etməyə çalışdıqlarını təsdiqləyir. ANCA-nın dəstəyi ilə Frenk Pallone, Loru Fridman və digər konqresmenlərin çıxışları, “Qarabağ xalqı”nın bölgəyə qayıtmaq hüququ iddialarının irəli sürülməsi və Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışları yalnız erməni lobbi qurumlarının illərdir yürütdüyü reallıqdan uzaq ssenarilərin davamıdır. Qlobal Maqnitski Aktı çərçivəsində təqdim edilən qanun layihələri və ümummilli kampaniyalar bir daha göstərir ki, ABŞ-dakı erməni lobbiçiləri yalnız öz qondarma narrativlərini gücləndirmək məqsədi güdür. Onların fəaliyyəti bölgədəki sabitliyi pozmaqla yanaşı, ABŞ–Azərbaycan münasibətlərinin inkişafına maneə törətmək məqsədi daşıyır. Lobbiçilərin qondarma iddiaları və sanksiya çağırışları, əslində, rəsmi Vaşinqtonun strateji maraqlarına ziddir. ANCA və Konqresdəki ermənipərəst qüvvələr açıq şəkildə Prezident Donald Trampın və onun administrasiyasının prioritet siyasətinə meydan oxumağa çalışırlar.

Lakin bu cəhdlərin heç biri real geopolitik prosesləri dəyişdirə bilməz. Prezident Donald Trampın və rəsmi Vaşinqtonun siyasəti artıq müəyyən istiqamət götürüb: Azərbaycanla münasibətlərin inkişafı və bölgədə sülhün bərqərar olunması prioritetdir. ANCA-nın və Konqresdəki ermənipərəst qüvvələrin səyləri isə bu dəyişikliklərin qarşısını almaq gücündə deyil. Onların cəhdləri məhz bu səbəbdən uğursuzluğa məhkumdur. Vaşinqton artıq emosional lobbi çağırışlarına deyil, strateji maraqlara uyğun qərarlar verir və Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində addımlar atır.

Nəticə etibarilə, ANCA və erməni lobbiçilərinin fəaliyyətini diqqətdə saxlamaqla yanaşı, qeyd etmək lazımdır ki, onların manipulyasiya və sanksiya çağırışları rəsmi ABŞ siyasətinə təsir edə bilmir və gələcəkdə də bu cəhdlər uğursuzluqla nəticələnəcək. Tarixi təcrübə göstərir ki, bölgədə real sülh və inkişaf manipulyasiyalardan deyil, konstruktiv və balanslı siyasətdən keçir.

Səxavət HƏMİD
XQ

Избранный
27
1
xalqqazeti.az

2Источники