RU

Şəhidimizin anım günü qeyd olunub

1992-ci ilin bu günü, Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olan Mahmud Zeynalovun anım mərasimi keçirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidin məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Çıxışında Birinci Qarabağ müharibəsi dövrünə nəzər salan icra başçısının müavini Sara Hüseynova həmin illərdə Naxçıvan torpağına göz dikmiş erməni qəsbkarlarına qarşı savaşmış Naxçıvan əhalisinin qəhrəmanlığından danışıb. Qeyd olunub ki, məhz Mahmud kimi cəngavər oğullar sayəsində düşmən Sədərək istiqamətində irəliləyə bilməyib, layiqli cavabını alaraq geri çəkilib. Onların göstərdiyi şücaət və xatirələri daim xalqımızın yaddaşında yaşayacaq.

Anma tədbirindən sonra Culfa Rayon İcra Hakimiyyətinin aparat işçiləri şəhidin evində olub, ailəsi ilə söhbət edərək qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Zeynalov Mahmud Zeynalabdın oğlu 1962-ci il dekabrın 30-da Culfa rayonunun Ərəzin kəndində anadan olub. O, 1969-1980-ci illərdə Ərəzin kənd tam orta məktəbində təhsil alıb, daha sonra hərbi xidmətə yollanıb.

Mahmud Zeynalov müharibə başlanan zaman könüllü olaraq ordu sıralarına qatılıb, Sədərək döyüşlərində fəal iştirak edib. Əvvəl leytenant, sonra isə baş leytenant rütbəsi verilən Mahmud Zeynalovun döyüşlər zamanı Culfa rayonundan gələn könüllü dəstələrin nizami qaydada təşkil olunmasında böyük xidmətləri olub, həmçinin bir sıra mühüm və çətin əməliyyatların aparılmasında fərqlənib.

Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçdikdə Mahmud Zeynalov da Sədərəyi mərdliklə qoruyanlar arasında olub. Düşmənin ağır hücum əməliyyatları nəticəsində baş leytenant Mahmud Zeynalov 1992-ci il sentyabrın 20-də Mil dağı istiqamətində gedən döyüş zamanı şəhid olub.

Şəhid Ərəzin kənd qəbiristanlığında dəfn olunub. Mahmud Zeynalovun bir övladı var.

Ruhu şad olsun.

Bəxtiyar Əliyev, 
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Избранный
6
herbiand.az

1Источники