Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, 63 kq. çəki dərəcəsində Murad Məmmədov startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı ???????? üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub - 0:8.
Həsrət Cəfərov (67 kq.) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşacaq.
87 kq.-da mübarizə aparan İslam Abbasov belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, 72 kq. çəki dərəcəsinin finalında Ülvü Qənizadə fransalı İbrahim Qanemlə qarşılaşacaq. Murad Əhmədiyevin (97 kq.) bürünc medal görüşündə rəqibi macarıstanlı Aleks Soke olacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.