RU

“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?

Son zamanlar ölkəmizdə nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları yenidən aktuallaşıb. Müştərilərə “kartdan-karta köçürmə edin” təklifləri bir daha gündəmə gəlib. Halbuki, bir müddət əvvəl bu cür hallara qarşı Dövlət Vergi Xidməti tərəfindən ciddi nəzarət tədbirləri görülmüş, qaydaları pozan obyektlər cərimələnmişdi. İndi isə sanki vəziyyət bir qədər yumşalıb və ya nəzarət zəifləyib.

Min manatdan altı min manatadək cərimə

Dövlət Vergi Xidmətindən “Kaspi”yə bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: “2025-ci ilin 8 ayında POS-terminallardan (kartdan-karta əməliyyatları daxil) istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 halda qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunub. POS-terminalların tətbiqindən imtina və “kartdan-karta” köçürmə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti (DVX) nəzarət tədbirləri mütəmadi qaydada davam edir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq və təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Elektron ticarət haqqında” Qanunlara əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1000 manatdan 6000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq edilir”.

Kimlər POS-terminal quraşdırmalıdır?

Qurumdan o da bildirildi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar: “Rüb üzrə orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər”.

“Dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir”

İqtisadçı-ekspert Mahmud Abasquliyev bildirdi ki, hazırda ticarət müəssislərində, əsasən də pərakəndə ticarətlə məşğul olan sahibkarların təsərrüfat subyektlərində yoxlamalar davam edir: “POS-terminalla ödənişi qəbul etməyən, müxtəlif bəhanələr gətirən sahibkarlar vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində qanun pozunutusuna əsasən birinci dəfə üçün 1000 manat, ikinci dəfə üçün 3000 manat , üçüncü və daha çox hal üçün 6000 manat dəyərində cərimə edilir”.
Ekspertin sözlərinə görə, POS-terminalda istifadə etməyən sahibkarları daha rahat aşkarlamaq üçün dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir: “Belə ki, vətəndaş qarşılaşdığı durum barəsində anında DVX-nə məlumat verməlidir. Sahibkarları da bu işə sövq etmək lazımdır”.

Избранный
33
8
publika.az

10Источники