RU

Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirildi

BAKI, 20 sentyabr. TELEQRAF

Xankəndi şəhər Konqres Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin açılışı olub.

Teleqraf xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sərgidə azad olunmuş Qarabağ torpaqlarındakı təbii gözəlliklər, zəngin tarixi abidələr, həmçinin aparılan bərpa-quruculuq prosesi peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim edilir.

Tədbir, eyni zamanda, xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin və bölgənin yenidən dirçəlişinin simvolu kimi dəyərləndirilir.

Sərgidə tanınmış fotoqraflar, Qarabağın ruhunu, qədim abidələrlə müasir inkişafın ahəngini özünəməxsus üslubda təqdim ediblər.

Sərgi Qarabağın indiki həyatını və gələcək perspektivlərini ictimaiyyətə çatdırmaqla yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunması barədə məlumatlandırmanıda hədəfləyir. Qeyd edək ki, bu gün Qarabağ Universitetinin İncəsənət fakültəsində Azərbaycan Dövlət Musiqili Teatrı tərəfindən Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da nümayiş etdiriləcək. Daha sonra Uşaq İncəsənət Festivalının qaliblərinin çıxışlarından ibarət konsert proqramı təşkil olunacaq.

Günün sonunda isə Xankəndi şəhərinin Zəfər meydanında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçiriləcək, atəşfəşanlıq olacaq.

Избранный
63
4
teleqraf.com

5Источники