RU

Ölkədə rəsmən 40 mindən çox narkoman var - hələ artır...


Aynur Əliyeva: “Sosial problemlər və bundan yaranan nəticələr narkomanlığın geniş yayılmasına yol açır”

Azərbaycanda narkomanların sayı getdikcə artır. Xüsusilə, gənclərin və yeniyetmələrin bu bəlaya düçar olması cəmiyyəti ciddi narahat edir. “Ağ ölümə” qarşı dövlət səviyyəsində mübarizə aparılmasına baxmayaraq, narkotik istifadəçilərin sayı azalmır, əksinə, hər keçən gün yeni qurbanlar bu qarşısıalınmaz xəstəliyə düçar olurlar.

Vəziyyət artıq o həddə çatıb ki, mütəxəssislər həyəcan təbili çalaraq, bütün qurumları və vətəndaşları narkomaniyaya qarşı səfərbər olmağa, ölüm yuvalarının kökünü kəsməyə çağırırlar.

Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Rəsmi rəqəmlərə əsasən, ölkədə 40 490 nəfər “rəsmi” narkoman var. Ötən illərlə müqayisədə narkotikdən əziyyət çəkənlərin sayı artıb.

“Həyatında hər şey qaydasında olan, problemi olmayan insanlar da bu yola baş vururlar, daha çox zövq almaq və…”

Psixoloq Aynur Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, narkomaniya nəinki bizim cəmiyyətin, bütün dünyanın qlobal problemlərindən hesab edilir: “Narkomaniyanın artım səbəbləri əslində müxtəlifdir. İlk növbədə qeyd edilməlidir ki, sosial problemlər və bundan yaranan nəticələr narkomanlığın geniş yayılmasına yol açır. İşsizlik, bunun nəticəsində cinayətkarlığın artması, narkomaniyanın müxtəlif təbəqələrə yol açmasına şərait yaradır. Əslində, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıq və narkobiznesin yayılmasına qarşı qətiyyətli tədbirlər görülür, bu istiqamətdə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən təşkilati hüquqi və praktiki tədbirlər həyata keçirilir, lakin bunlara baxmayaraq, narkotik vasitələrin ölkəyə axınının tamamilə dayandırılmasına nail oluna bilinmir. Ölkədə yayılan narkotiklər əsasən kimyəvi tərkibli olub, ucuz başa gəldiyindən bu tip narkotik vasitələr aşağı təbəqələrin nümayəndələri tərəfindən asanlıqla əldə olunur.

Çox təəssüflə qeyd olunmalıdır ki, narkomaniyanın əsas hədəfi gənclərdir. Onların arasında yetkinlik yaşına çatmayanlar böyük üstünlük təşkil edir. Aşağı yaş qruplarından olan şəxslərin zəif psixi inkişafı və həyat təcrübələrinin olmaması onları ilk növbədə qurbana çevirir.

Qadınların narkotikə qurşanmasında bir neçə faktor rol oynayır. Bunlardan biri partnyoru narkoman olan qadınlarla bağlıdır. Belə ki, narkoman kişi bir çox halda sevgilisini, həyat yoldaşını da narkotikə cəlb edir ki, sonuncu bu məsələdə onu narkotikdən çəkindirməyə çalışmasın. Bəziləri isə sevgilisini və ya bərabər yaşadığı qadını cəlb edir. Məqsəd də o olur ki, qadın müştəriyə çıxsın və pul qazansın. Ailədaxili zorakılıqdan qaçmaq istəyən qadınların da sığınacağı narkotik vasitələr olur. Həmçinin, həyatında hər şey qaydasında olan, problemi olmayan insanlar da bu yola baş vururlar. Daha çox zövq almaq və özünü unutmaq üçün bu yola əl atırlar. Ümumiyyətlə, bu qorxunc prosesin qarşısının alınması üçün maarifçilik tədbirləri gücləndirilməli, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülməlidir. Vaxtını səmərəli keçirə bilməyən gəncləri müxtəlif yollarla narkotikin toruna salmaq mümkün olur. Hesab edirəm ki, sosial şəbəkələrdə maarifləndirici işlər görülməlidir”.

Günel CƏLİLOVA

Избранный
37
baki-xeber.com

1Источники