RU

Qarabağda energetika sahəsində görülən işlər açıqlanıb

Bakı, TurkicWorld

Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur qurulub. Belə ki, Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq "Xankəndi-1" yarımstansiyası tikilib və artıq istismara hazırdır. "Şuşa" yarımstansiyasından buraya 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub.

Bu barədə TurkicWorld "AzərEnerji"yə istinadın xəbər verir.

Bildirilib ki, antiterror əməliyyatından cəmi 4 gün sonra Xankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq 110 kV "Şuşa" yarımstansiyası vasitəsilə ölkə enerjisisteminə qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda Azərbaycan işığı yanıb. Ümumilikdə isə antiterror tədbirlərindən keçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraq Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında "AzərEnerji" tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib.

Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, işğal müddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə "Sərsəng" Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq 2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb. Həmçinin Ağdərə rayonunda 10 MVt gücündə "Həsənriz", 3 MVt gücündə "Torağay-1", 5,9 MVt gücündə "Torağay-2", 5 MVt gücündə "Torağay-3", 0,8 MVt gücündə"Torağay-4" kiçik su elektrik stansiyaları təmir-bərpa edilərək işə qoşulub.

Qeyd edilib ki, 110 kV "Xankəndi-1" yarımstansiyasından 110 kV "Ağdam Qovşaq" və "Həsənriz" yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib.

Eyni zamanda vurğulanıb ki, Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub: "Həmçinin Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb".

"Tərtərçay üzərində 14,7 MVt gücündə "Qozlukörpü" Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir", - deyə məlumatda qeyd edilib.

Избранный
76
15
turkic.world

10Источники