RU

Lüks oteldə 5 ulduzlu, 8 guşəli yurta

Varıb getmişdim Qazaxıstana. Son illərdə yolum eyzən Asiyaya düşür – özü də düz ortasına.

Açığı, artıq Avropa ölkələri məni cəzb eləmir. Əslində, heç dəvət edən də yoxdur. Təvazökarlıqdan Tenqri dağı qədər uzaq olsa da, deyim ki, Türküstan ellərində özümə və ölkəmizə hörmət görürəm.

Qoca Şərq, müdrik Asiya başqadır – bütün mənfisi-müsbəti ilə.

Dostlara deyirəm ki, adamın ömrü 500 il ola, 200-nü vətəndə yaşaya, 100-nü Qazaxıstanda, 100-nü – Özbəkistanda, 67-ni - Qırğızıstanda, 33-nü – Türkmənistanda.

Sonuncu rəqəm sual doğura bilər. Onun açması odur ki, hələlik Türkmənistanda 1 il yaşamaq 3 il yaşamağa bərabərdir. Toplamda 99 il edir. Az deyil.

Özbəkistan və Qazaxıstan isə, hesab edin ki, artıq nəhəng layneridir və sualtı qayalıqlar olan hövzədən çıxıb okeana açılıb, ləngər vura-vura gedir.

Eyni sözü Qırğızıstan haqqında deyə bilmərəm. Birincisi, orada olmamışam, özəl təəssüratım yoxdur, ikincisi, qırğız elindəki problemlərdən xəbərim var. Bir az kasıbcılıqdır – neft yox, qaz yox. Xalq da babat hiddətlidir. O yan-bu yan olan kimi açıqlıq yerə toplaşır, etiraz edirlər. Oxumuş adamlar deyir ki, bu da kasıbçılıqdandır.

Qazaxıstan və Özbəkistan təbii sərvətlər sarıdan zəngindir. İkincidə bu yaxınlarda böyük qaz yatağı da tapılıb. İndi qardaş özbəklər qaz vurub boru dolduracaqlar. Əlbəttə ki, bizim borunu – “Bakı-Ərzurum”u. Qonşu qonşunun qazına möhtacdır.

Hər dəfə Türküstan ölkələrinə gedib qayıdandan sonra bəzi həmkarlardan eşidirəm, ironik tərzdə deyirlər ki, nə oldu, Turanı qurursunuzmu. Adama pis gəlir.

O gün Azərbaycan millisi İslandiyaya 0:5, Qazaxıstan yığması Belçikaya 0:6, Türkiyə futbolçuları isə ispanlara 0:5 hesabıyla uduzanda yazıçı Kəramət də Turan mövzusunda belə bir ironiik şey yazmışdı ki, Turan qurulur.

O, belə yazıb durmuşdu qıraqda, camaat şərhlərdə tökülüşüb elə lağlağı fırtınası qoparmışdılar, elə şeylər yazırdılar ki, sanasan, Kremldə, Yelisey sarayında, Ağ Evdə-zadda işləyirlər və Turan ideyası bunların mənafeyinə ziddir.

Rəhmətlyin uşağı, türk xalqları yaxınlaşanda, anlaşanda, bir-birinə kömək edəndə sizə nə olur axı? Birləşə bilirlər, qoy birləşsinlər.

Bu istiqamətdə müəyyən tərpəniş var. Qazaxıstanda milli özünəqayıdış prosesi xeyli sürətlənib. Bu yazının əsas şəklinə baxın. O şəkildə gördüyünüz yurta (alaçıq, çadır, şatır) 5 ulduzlu “Hilton” otelinin lobbisndə quraşdırılıb. Bütün dəm-dəsgahı ilə, 5 ulduzlu, 8 guşəli çadırdır. Qazax qardaşlar demək istəyirlər ki, bu təmtəraqlı otelə bu alaçıqdan gəliblər və bununla fəxr edirlər.

Su-turan.JPG

Turan söhbətinə qalsa, qazaxlar “Turan” adlı içməli su buraxır. Yaxşı sudur. İçirsən, ürəyin buz kimi olur – həm susuzluğun yatır, həm də bilirsən ki, belə bir ideya var. Zatən, alimlər sübut edib ki, həyatın başlanğıcı sudur. Engels də deyib ki, su - həyatdır. (İndi kimsə deyəcək ki, o bunu susuzluqdan yanan zaman deyib).

Lağlağıya qalsa, çox şey yazmaq olar, amma biz yaxın-uzaq yadellilərə qoşularaq, sırf bizə aid olan ülvi ideyanı niyə xor görməliyik, lağ eləməliyik?

Keçən dəfə yazmışdım, yenə də təkrar edim ki, Türküstan elləri haqqında bəzi yanlış təəssüratlarımız var. Bunu bizdə sovet vaxtı əsgərlikdən gələn “dembel”lər yaradıblar. Hamısı basıb-bağlayırdı ki, “çast”ın “blatnoy”u özləri olub, qalan hamını “çurban” ediblər. “Çurban”ların siyahısı geniş idi – bir-ikisindən başqa sovet xalqlarını tam əhatə edirdi.

Amma həqiqətə varanda məlum olur ki, elə olmayıb. Hər xalqın “blatnoy”u da olub, “çurban”ı da.

Keçənilki olimpiadada özbək boksçular yeddi qızıl medal qazandılar, sübut etdilər ki, dünyanın ən döyüşkən, əzmkar xalqlarından biridirlər. Bizim “blatnoy”lar əliboş qayıtdılar. Hərçənd barda-filanda dava olsa, bizimkilər hamıya göstərərdilər ki, dalaşmaq necə olur. Sadəcə, rinqin qanun-qaydaları başqadır, barınkı – başqa.

Xüləs, bu ayrı məsələdir. Söhbət soy-kökü eyni olan qardaş xalqların, oxumuş adamlar demişkən, konsolidasiyasından, çəkici bir zindana vurmasından, qaynayıb-qarışmasından gedir.

Bu xüsusda ürəkaçan detallar var. Azərbaycandan gəldiyimizi bilənlərin “ooo, Azərbaycan” deyə səmimiyyətlə reaksiya verməsi, bir toplantıda adımız çəkilərkən alqışlar gurlaması adama ləzzət edir. Biz də onlara qarşı elə olmalıyıq. Qardaş qardaşın alqışına möhtacdır.

 

Избранный
37
musavat.com

1Источники