Son vaxtlar paytaxtda müşahidə edilən ciddi insan sıxlığı bir sıra məsələləri aktuallaşdırıb. Bunlardan biri də hökumətin rayonlarla bağlı siyasətidir. Hazırda necə deyərlər, Bakı şəhərinin yükünün yüngülləşdirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürülür. Kimisi bölgələrdə yeni iş yerlərinin açılmasını, kimisi universitetlərin paytaxtdan köçürülməsini və sair məntiqli addım kimi dəyərləndirir.
Bakını xilas etməyin yolu nədir?
Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Bakıda əhali sayının plansız və sürətli artması ciddi problemlərə səbəb olur:
“Bu, nəqliyyatın yüklənməsi, işsizlik, kriminal vəziyyətin ağırlaşması kimi çətinliklər yaradır və nəticədə nəzarət mexanizmləri öz funksiyasını itirir. Normalda dövlət şəhərlərin böyüməsini planlı şəkildə tənzimləməlidir. Təəssüf ki, Azərbaycanda bu məsələyə lazımi diqqət göstərilmədiyi üçün yalnız Bakıda belə vəziyyətə rast gəlinir, digər şəhər və rayonlarda isə əhali azalır. İnsanlar regionlarda qazanc əldə edə bilmədikləri üçün paytaxta üz tuturlar. Xaricə işləməyə gedənlər də var, lakin bu, hamı üçün əlçatan deyil. Bir müddət əvvəl (2025-ci il, 28 aprel) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İran Prezidenti Məsud Pezəşkiyanla söhbətində qeyd edib ki, paytaxtda qeyri-rəsmi olaraq beş milyondan çox əhali yaşayır. Pezeşkian isə “demək olar ki, Azərbaycan əhalisinin yarısı Bakıda toplaşıb” cavabını verib. Həqiqətən də Azərbaycanın yarısı Bakıdadır”.
Tural Abbasov
Partiya sədri bildirib ki, universitetlərin regionlara köçürülməsi və icra hakimiyyətlərinin ləğvi kimi islahatlar problemin həllinə effektiv təsir göstərməyəcək:
“Çünki tələbələr oxumaq üçün gəlsələr də, regionlarda inkişaf perspektivi olmadığından Bakıda qalmağa üstünlük verirlər. Regionlar gənclər üçün imkanların məhdud olduğu bir mühitə çevrilib. Rayonlarda biznes qurmaq çətindir, sosial və mədəni həyat zəif inkişaf edib. Çox az rayonda kinoteatr, teatr və ya insanların asudə vaxtlarını keçirə biləcəyi mədəni məkanlar var. Bu səbəbdən icra hakimiyyətlərinin qarşısında konkret öhdəliklər qoyulmalıdır. Məsələn, hər bir icra başçısı fəaliyyət göstərdiyi müddətdə müəyyən sayda iş yeri açmağa məsul olmalıdır. Əsas məsələ iş yerlərinin yaradılmasıdır”.
T.Abbaslı vurğulayıb ki, bu məsələ yalnız icra hakimiyyətlərinin deyil, həm də dövlətin xüsusi planının tərkib hissəsi olmalıdır:
“Alternativ olaraq hər bölgədə bir şəhərin inkişaf etdirilməsi vacibdir. Məsələn, Gəncənin gücləndirilməsi Qazax və Ağstafa bölgəsindən Bakıya köçün qarşısını ala bilər. Cənub bölgəsində Lənkəranın inkişafı həmin ərazidə işsizlərin ora yönəlməsini təmin edər. Nəticə etibarilə, paytaxtdakı insan sıxlığının azaldılması üçün regionların sosial-iqtisadi inkişafı dövlət siyasətində əsas prioritetə çevrilməlidir”.