RU

Konqresdə anti-Azərbaycan isteriyası

Erməni lobbisinin təxribatçı addımlarının ikisi fiaskoya uğradı, qaldı digər üzdəniraq düzəliş – Bakıdan sərt reaksiyalar 

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb. Söhbət ermənipərəst Konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.

Təxribatçı layihə Bakıda həbs olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur. ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman da bundan əvvəl ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim etmişdi.

Lakin sentyabrın 19-da yayılan məlumatda bəlli olub ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi erməni lobbisinin təsiri ilə hazırlanan qanun layihələrinə düzəlişləri rədd edib. Düzəlişlər Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində hazırlanıb.

Hər iki layihə erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanıb. Birinci düzəliş ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi. Layihələrin rədd edilməsi erməni diasporu və erməni lobbisi üçün ağır məğlubiyyət hesab edilir.

Elxan

Elxan Mirzəyev

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu addımlar ardıcıllıq təşkil edir və Tramp administrasiyasına qarşı yönəlib. Onun fikrincə, belə qərarlar nəticəni dəyişməsə də, dünya ictimaiyyətinin diqqətini cəlb etməyə hesablanıb: “Erməniəsilli şəxslərin məhkəməsi dünyanın ən ədalətli mühakimələrindən biridir. Amerikalı konqresmenlərin hansı layihələr irəli sürməsindən asılı olmayaraq, Azərbaycan ”artsax” xunta rejiminə rəhbərlik etmiş hərbi caniləri haqlı olaraq həbs edib. Bu adamlar antiterror əməliyyatından sonra həbs edilib.

Necə olur ki, İsrail özünə aid olmayan ərazidə – Qəzzada hərbi əməliyyatlar aparır, HƏMAS liderlərini terrorçu hesab edərək öldürür, buna amerikalı konqresmenlər heç bir münasibət bildirmir, Azərbaycan öz ərazilərində cinayətkar fəaliyyətlə məşğul olan caniləri yaxalayıb, indi də mühakimə təşkil olunub, bəyanatlar, qətnamələr yağdırırlar?! Bu, qərəzdir, sifarişlə hərəkət etməkdir. Azərbaycan rəsmi şəkildə Konqresə nota göndərməlidir. Eyni zamanda, Trampın Bakı və İrəvana isti mesajları fonunda belə çirkin hərəkətlər yalnız sülh prosesinə ziyan vurmaq ola bilər”. 

E.Mirzəyev bu düzəlişin təsiredici gücə malik olmadığını düşünür: “Ermənistan rəsmiləri Araik və digərlərini indiyə qədər ”əsir” adlandırmayıb. Bəs hansı haqla belə qərarlar qəbul olunur? Məncə, burada bizim də fəallığımız vacibdir. Azərbaycanın ABŞ-dakı lobbisi daha çox iş görməlidir. Həmçinin diasporamız, səfirliyimiz Konqresdə müzakirələr aparmalıdır. Təəssüf ki, erməni lobbi və diasporu Amerikada çoxdan püxtələşib, aktiv işləyir. Onların konqresmenlərə xərclədiyi pulların nəticəsidir ki belə düzəlişlər qəbul olunur. Deməli, çox iş görmək lazımdır. Bundan əlavə, izahat istəməliyik ki, erməni hərbi-xunta rejiminin ərazilərimizdə törətdiyi cinayətlərə necə siyasi don geyindirə bilərlər? Azərbaycan bu məsələdə susmamalıdır. Artıq iki layihənin suya düşməsi göstərir ki, respublikaçılar anti-Azərbaycan təşəbbüsləri rədd edirlər. Ona görə də qəbul edilən bir düzəlişin də işləməyəcəyi indidən bəllidir”.

Artıq

 Məhəmməd Əsədullazadə

Siyasi analitik Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təsirindədir. Onun sözlərinə görə, erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə düzəliş qəbul olunması ABŞ lideri Donald Trampın siyasi xəttinə ziddir: “Azərbaycanla Ermənistan arasında sülh mətnin paraflanması və ABŞ prosesdə vasitəçi olması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması fonunda belə bir düzəlişin edilməsi Rusiyanın maraqlarına xidmət edir. Xarici Əlaqələr Komitəsində qəbul edilən düzəliş Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaqdan ibarətdir. Ümumiyyətlə, bu düzəliş Azərbaycanın üçün heç bir siyasi və hüquqi qüvvəsi yoxdur. Bu, Azərbaycanın daxilinə işinə qarışmaqdan ibarətdir”.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara Ermənistan vətəndaşlığı veriləcəyini qeyd edib separatçıların həbsi isə Azərbaycanın daxili işidir: “ABŞ Nümayəndələr Palatası hüquqi ədalət axtarırsa, İsrailin Qəzzada həyata keçirdiyi humanitar böhranla bağlı qərar qəbul etməlidir. Nümayəndələr Palatası isə sifarişlə qərarlar qəbul edir”.

Musavat.com

Избранный
20
1
editor.az

2Источники