RU

Avropa Məhkəməsinin qərarı Koçaryan, Sarkisyan və Ohanyana da şamil olunacaqmı?

“Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) dərc olunan qərarı erməni cəmiyyətinin illərdir söylədiklərini təsdiqlədi: 2008-ci il 1 mart hadisələri zamanı dövlət öz vətəndaşlarının yaşamaq hüququnu pozub”.

Bu fikri Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Armen Babacanyan bildirib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib: “Bu hökm Ermənistan üçün həqiqətin bərpasıdır. Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil: Bu, hakimiyyəti saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür.

Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərarın birmənalı olaraq qətllərin siyasi motivlərlə verildiyini göstərir. Həmin Qərarın sifarişçiləri Robert Koçaryan və Serjik Sarkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.

Sonda Babacanyan Koçaryanı və Sarkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. Partiya rəhbəri Nikol Paşinyan hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları dərhal həbs etməyə çağırıb. “Ermənistan diktaturanın kölgəsindən təmizlənməlidir. Koçaryanın, Sarkisyanın, onların siyasi irsinin artıq dövlətçiliyimizdə yeri yoxdur. Demokratiya müdafiə tələb edir və bu müdafiə məsuliyyətdən başlayır. Əmin olmalıyıq ki, bu ölkənin gələcəyi artıq cəzasızlıq və zorakılıq əsasında qurulmayacaq”, - Babacanyan vurğulayıb. Partiya sədrinin sözlərindən açıq görünür ki, zərərçəkmişlərin ailələri, qohumları və cəmiyyət indiyədək sərbəst buraxılmış cinayətkarların cəzalandırılmasını illərlə gözləmiş və tələb etmişlər.

Ölüm hallarının araşdırılması nəticəsində qanun pozuntularının olduğu aşkara çıxarılıb. Dövlət qurbanların ölüm halları ilə bağlı səmərəli, qərəzsiz və hərtərəfli araşdırma aparmayıb. Daha doğusu bunun marağında olmayıb.

Aydın olub ki, dövlət məhkəməyə lazımi məlumatların verilməsi üzrə öhdəliklərini yerinə yetirməyib. Avropa Məhkəməsinin qərarına əsasən, dövlət mənəvi ziyana görə təzminat kimi zərərçəkmişlərin yaxınlarına 30 min avro ödəməlidir. Bundan əlavə, məhkəmə xərcləri və rüsumlar üçün ərizəçilərə ümumilikdə 35 min avro pul təyin edilməsinə qərar verib.

Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. Məsələ ondan başlayıb ki, 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Robert  Koçaryanın namizədi Serjik Sarkisyan qalib elan olunub. Müxalifət nəticələri qeyri-qanuni, antidemokratik və saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Bu əmri keçmiş prezident Serjik Sarkisyan verib. Toqquşmalar nəticəsində 10 nəfər etirazçı öldürülüb, yüzlərlə insan yaralanıb, şəhər təsərrüfatına böyük ziyan dəyib.

Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə keçmiş prezident  Robert Koçaryana, sabiq müdafiə nazirləri Mikael Arutyunyana və Seyran Ohanyana, Müdafiə Nazirliyinin korpus komandiri, daha sonra baş qərargah rəisi olmuş general-polkovnik Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sarkisyanın adı bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Nikol Paşinyan bu məsələdən danışarkən  onun da adını çəkib. Güman olunur ki, Avropa Məhkəməsinin qərarı onun əlində vasitə olacaqdır. Nikol Paşinyan onun azadlıqda qalmasını özünə təhlükə hesab edir. Ola bilsin ki, məhkəmə hansısa bir prosesdən sonra onu da dindirməyə çağırsın. Başlıcası odur ki, cinayətkar azadlıqda qalmasın. O da başqaları kimi törətdiyi əməllərin cəzasını çəkməlidir. Aksiyada öldürülənlərin doğmaları və Ermənistan ictimaiyyəti məhkəmədən elə bunu gözləyir.

Vəli İlyasov, “İki sahil”

Избранный
47
ikisahil.az

1Источники