RU

Rusiyanın hərbi təyyarələri Estoniya və Polşanın hava məkanını pozub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Berlin, 19 sentyabr, AZƏRTAC

Polşanın sərhəd xidməti Rusiyanın iki hərbi təyyarəsinin Baltik dənizindəki “Petrobaltic” adlı qazma platformasının təhlükəsizlik zonasına daxil olaraq aşağı hündürlükdə uçuş həyata keçirdiyini açıqlayıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, məlumatda təyyarələrin uçuşu nəticəsində platformanın təhlükəsizlik zonasının pozulması barədə Polşa Silahlı Qüvvələrinin məlumatlandırıldığı qeyd olunub.

Polşa rəsmiləri ölkənin təhlükəsizlik orqanlarının kritik dəniz infrastrukturunda, hətta Polşa ərazi sularından kənarda belə vəziyyəti daim nəzarətdə saxladığını bəyan ediblər.

Bir qədər əvvəl isə Estoniya hakimiyyəti Rusiyanın “MiQ-31” tipli üç təyyarəsinin bu ölkənin hava məkanına daxil olduğunu bildirib. Xarici işlər naziri Marqus Tsaxna təyyarələrin 12 dəqiqə ərzində Estoniya hava məkanında icazəsiz uçuş həyata keçirdiyini qeyd edib.

Hadisədən sonra Estoniya hökuməti NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr aparmaq qərarına gəlib. Baş nazir Kristen Mixal X səhifəsində bu addımın Estoniya hava məkanının tamamilə qəbuledilməz şəkildə pozulması səbəbilə atıldığını bildirib.

Hadisə NATO-nun şərq cinahında artan gərginlik fonunda baş verib.

NATO-nun Baş katibi Mark Rutte X səhifəsində Estoniya Baş naziri ilə insident barədə danışdığını qeyd edərək, Alyansın “Şərq keşikçisi” əməliyyatı çərçivəsində reaksiyasının sürətli və qətiyyətli olduğunu vurğulayıb.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Estoniyanın sabiq Baş naziri Kaya Kallas hadisəni son dərəcə təhlükəli təxribat adlandırıb: “Bu, bir neçə gün ərzində Avropa İttifaqı hava məkanının pozulması ilə bağlı artıq üçüncü hadisədir və regiondakı gərginliyi daha da artırır. Putin Qərbin qətiyyətini sınayır. Biz zəiflik nümayiş etdirməməliyik”.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful da X platformasında paylaşımında xarici işlər naziri Tsaxna ilə danışdığını və ölkəsinin tam dəstəyini ifadə etdiyini bildirib: “Ayıqlıq azadlığın qiymətidir. NATO-nun bu prinsipi bu gün də öz aktuallığını itirməyib. Bu, Rusiyanın Estoniya hava məkanını bu gün yolverilməz şəkildə pozması ilə tam aydın görünür”.

Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və ya təhlükəsizliyi təhdidə məruz qaldıqda birgə müzakirələrin aparılmasını nəzərdə tutur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
azertag.az

3Источники