RU

İtaliyalı mütəxəssis: Qarabağda aparılan bərpa işləri təsiredicidir MÜSAHİBƏ

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Roma, 19 sentyabr, AZƏRTAC

Qarabağda müxtəlif layihələr həyata keçirən İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrizio Konti azad olunmuş ərazilərə ilk səfəri zamanı yaşadığı təəssüratlar, şirkətin hazırda apardığı bərpa və yenidənqurma işləri, davam edən layihələr və bu bölgənin simasını dəyişən geniş tikinti və quruculuq tədbirləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Azad edilmiş ərazilərimizə ilk səfəriniz zamanı təəssüratlarınız nə oldu?

- Biz ilk dəfə Qarabağa daxil olanda nitqsiz qaldıq... İlk təəssürat dərin bir şok və kədər hissi oldu. Tarixi və təbii gözəlliklərlə dolu bir diyara qədəm qoymağımız sevinc anı olmalı idi, lakin bu hiss tezliklə reallığın ağırlığı ilə dəyişdi. Genişmiqyaslı dağıntılar insanı sarsıdırdı. Bütöv şəhərlər xarabalığa çevrilmişdi. Ailələrin yaşadığı evlər indi damı uçmuş, dağılmış vəziyyətdə idi. Ən ürək ağrıdan isə mədəni və tarixi irsin vəziyyəti idi - əsrlərlə qorunmuş abidələr, dini məkanlar, qəbirstanlıqlar və kitabxanalar ya ciddi zədələnmişdi, ya da tamamilə məhv edilmişdi. Bu, yalnız fiziki deyil, həm də simvolik itki idi - yaddaşı, kimliyi və tarixi silmək cəhdi. Heç vaxt unutmayacağımız bir an isə bütün bu dağıntıların ortasında bir nar ağacında tək bir narın asılı olduğunu görmək idi. Bu, səssiz, lakin güclü bir simvol kimi hiss olundu - bu qədər dağıntıdan sonra belə həyatın, ümidi və yenilənmənin mümkün olduğunun xatırlatması idi.

Həmin səfər bizə dərhal aydın etdi ki, Qarabağda gələcək hər bir layihə böyük məsuliyyət daşıyır. Bu yalnız bərpa deyil, həm də sağalma, qoruma və uzun illər əziyyət çəkmiş bir xalq və mədəniyyət üçün ədalətin bərpasıdır.

- “ArtCloud Network International” indiyədək azad edilmiş ərazilərdə hansı layihələri həyata keçirib?

- Ən önəmli başa çatdırılmış layihələrimizdən biri Ağdam rayonundakı İmarət Kompleksinin – XVIII əsrə aid olan və Qarabağ xanlığının tarixi iqamətgahının – bərpası və muzeyləşdirilməsi üçün layihə dizaynıdır. Qorunan mədəni irs abidəsi olan bu kompleks Panahəli xanın sarayı, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbrini əhatə edirdi və uzun illər laqeyd münasibət nəticəsində ciddi dağıntılara məruz qalmışdı. “ArtCloud Network International” bu kompleksin bərpası üçün yerli mütəxəssislərlə birlikdə layihələndirmə və bərpa üzrə texniki rəhbərlik edib. Layihəyə memarlıq bərpası, arxeoloji tədqiqatlar və texnoloji həllər daxil idi və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Bu gün 3,3 hektarlıq ərazini əhatə edən bərpa olunmuş İmarət Kompleksi aşağıdakılardan ibarətdir:

∙ Bərpa edilmiş mərasim binaları

∙ Bərpa olunmuş türbələr və tarixi qəbiristanlıq

∙ Qarabağ atları parkı

∙ Ziyarətçi mərkəzi

Bu layihə mədəni irsin dəqiqlik və qayğı ilə qorunmasına olan sadiqliyimizi əks etdirir və gələcək nəsillərə bu əhəmiyyətli tarixi bölümlə əlaqə qurmağa imkan verir.

- Qarabağda hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Bir neçə azad edilmiş şəhərdə — Ağdam, Laçın, Kəlbəcər və digərlərində — “İşğal və Zəfər Muzeyləri”nin dizayn və inkişafı üzərində çalışırıq. Bu muzeylər hər bir regionun unikal tarixi və mədəni kimliyini əks etdirmək üçün xüsusi şəkildə konseptual şəkildə hazırlanır. Memarlarımız və kurator komandamız bu muzeylərin yalnız Azərbaycanın mübarizəsini və xalqının dözümlülüyünü deyil, eyni zamanda, hər şəhərin zəngin irsini və ruhunu əks etdirməsi üçün birgə işləyirlər. İnnovativ hekayəçilik, interaktiv sərgilər və düşünülmüş memarlıq vasitəsilə, bu muzeylərin keçmişlə bağ quran və gələcəyə ümid verən məkanlar olmasına çalışırıq.

- Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan hökumətinin Qarabağda apardığı bərpa və yenidənqurma işləri təkcə miqyasına görə deyil, həm də vizyonuna görə olduqca təsiredicidir. Burada həyata keçirilənlər yalnız fiziki binaların yenidən qurulması deyil - bu, bir mədəni irsin, infrastrukturun və cəmiyyət həyatının hərtərəfli dirçəlişidir. Hökumətin “ağıllı şəhərlər” yaratmaq, tarixi abidələri bərpa etmək və əsas ictimai xidmətləri yenidən qurmaq istiqamətindəki səyləri Qarabağın kimliyini qorumağa və dayanıqlı inkişaf üçün zəmin yaratmağa yönəlmiş böyük bir məsuliyyət hissini əks etdirir. Bu səylər yaddaşı və müasirliyi ön planda tutan, region və dünya üçün nümunə olan bir post-münaqişə dirçəlişi modelinin nümayişidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники