RU

Qusarda çay evində dava: İşçi qadın və oranın sahibinə xəsarət yetirildi

Qusar rayonunda çay evində dava olub, oranı işlədən şəxsə xəsarət yetirilib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən  “Şərbət” çay evində baş verib. 

1996-cı il təvəllüdlü Elvin həmin çay evində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. O, kənar şəxslərin gözü qarşısında Quba rayonu Timiryazev qəsəbəsi Talehi   nalayiq ifadələrlə təhqir edib. Sonra əl zərbəsi ilə Talehin sifət nahiyəsinə qəsdən vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü gecə saatlarında tanışları ilə birlikdə Qusar şəhərində yerləşən “Şərbət” çay evində  oturaraq pivə içib: “Həmin vaxt tanışı Bəhram orada işləyən işçilərlə, o cümlədən Taleh adlı şəxslə mübahisə etdi. Bu zaman əvvəlcə Bəhramı sakitləşdirmək istədim. Sonra isə özüm də əsəbləşərək söyüş söydüm. Daha sonra isə əl zərbəsi ilə Talehin sifətinə vurdum. Bundan sonra Bəhram oradan getdi. Taleh polisə məlumat verdiyindən oraya polis əməkdaşları gəldi və məni polis şöbəsinə apardılar”. 

İş üzrə zərərçəkmiş Talehin sözlərinə görə, Qusar şəhərində yerləşən “Şərbət” çay evini işlədir: “Əvvəllər təqsirləndirilən şəxsi tanımamışam. Hadisə baş verən gün axşam saatlarında sonradan adını bildiyim Bəhram obyektə gələrək pivə sifariş verdi. Bundan sonra üç nəfər, o cümlədən Elvin adlı şəxs də ora gəldi və Bəhramla eyni masa arxasında əyləşərək pivə içdilər. Mən işlətdiyim çay evinin ikinci mərtəbəsində olarkən aşağıdan səs-küy eşitdim. Aşağı düşdükdə orada Bəhramla Elvinin səs-küy salaraq çay evinin işçiləri ilə mübahisə etdiklərini gördüm. Onlara yaxınlaşanadək isə Bəhram orada işləyən Nuranəni möhkəm itələyərək yerə yıxdı. Mən və orada olan şəxslər Bəhramı sakitləşdirmək istədik. Bu zaman Bəhram kafedə içkilərin yığılması üçün nəzərdə tutulmuş barı təpiklə vuraraq aşırdı. Bu zaman barda olan qəlyan qabları və digər qab-qacaqlar, o cümlədən çay evində olan stollar sındı. Bundan sonra Bəhram sakitləşərək masa arxasında əyləşdi. Elvin məni kənara dəvət etdi. Kafenin içərisində heç bir səbəb olmadan güclü yumruq zərbəsi ilə üz nahiyəmə vurdu. Elvin sərxoş olduğu üçün mübahisə etmədim. Mübahisənin daha da böyüməməsi üçün aralandım. Bundan sonra polisə məlumat verdim. Elvini polis əməkdaşları saxladılar. Polis əməkdaşları mənə dəymiş ziyanı 1500-2000 manat dəyərində qiymətləndirdilər. Həmin ziyanın 400 manatını Elvin ödəyib”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1500 manat miqdarda cərimə cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
4
1
demokrat.az

2Источники