RU

Bakıda yaşamış tatar mücahid – Cümhuriyyət vətəndaşı

BAKI, 19 sentyabr. TELEQRAF

İstanbulda Zincirliquyu məzarlığında dəfn olunan azərbaycanlıların məzar daşlarını çəkərkən ad olaraq tanıdığım İdil-Ural tatarlarının ictimai-siyasi xadimlərindən Əbdürrəhman Şəfi Almasın da qəbrinə rast gəldim. Həmin vaxt onun Azərbaycan Cümhuriyyəti dövründə Bakıda yaşadığından xəbərsizdim. Berlində çıxan “Azərbaycan” qəzetində onun bir nitqini oxuyarkən bu faktı öyrənmiş, bununla da onun həyat hekayəsinə marağım yaranmışdı.

Əbdürrəhman Şəfi bəy 1892-ci ildə Kazanın yaxınlığındakı Biyektau bölgəsinin Döbyaz kəndində İbrahim bəylə Gülsüm xanımın ailəsində doğulub. Altı bacısı olub. Gənclik dövrü haqqında yetərli məlumat yoxdur, ticarətlə məşğul olduğu məlumdur. 1922-ci ildə Tomsk şəhərində Əminə adlı xanımla ailə həyatı qurub. Qayınatası Əbdülhəmid Kazakov Kazan şəhərində bələdiyyə sədri olub, kürkçülük və dəriçiliklə məşğul idi. Ailə zəngin olduğu, eləcə də rus şirkətlərinin Berlində təmsilçikləri fəaliyyət göstərdiyi üçün Kazakov müəyyən vaxtlarda Almaniyaya gedib, ona görə də övladları alman dilini mənimsəyib. 1908-ci ildə Kazakov Sibirə sürgün edilib, iki il buzlu cəhənnəmdə yaşayıb.

Bolşevik inqilabından sonra Kazakovun da əmlakı müsadirə edilib, 1937-ci il repressiyasında isə güllələnib.

Kazakovun qızı ilə evlənən Əbdürrəhman Şəfi bəy 1925-1926-cı illərdə Kazandan Moskvaya köçüblər. Şəfi bəy həmin illərdə oradakı Türkiyə səfirliyində çalışıb. Orada ikən türk səfir Muxtar bəyi Sultan Qaliyevlə görüşdürüb. 1927-ci ildə Şəfi Almasın ilk övladı Nilufər dünyaya gəlib, bir il sonra özü Türkiyə üzərindən Almaniyaya köçüb. Doqquz ay sonra isə ailəsini yanına gətirib. 6 yanvar 1933-cü ildə digər qızları Aysulu (sonradan Aysu) Berlində dünyaya gəlib. Berlində sahib olduğu ev və bina 1943-cü ildə ingilislərin bombardmanı nəticəsində dağılıb.

Müharibə əsirləri və komissiyalar

1941-ci ildə Almaniyanın Rusiyaya hücumu nəticəsində milyonlarla SSRİ vətəndaşı almanlara əsir düşdü. Əsirlər arasında türküstanlılar, azərbaycanlılar, krımlılar, idil urallılar və şimali qafqazlılar kimi türk və müsəlmanlar da vardı. Almanlara əsir düşən Sovet vətəndaşlarının sayının 3 milyonu keçdiyi sənədlərdən bəllidir. Ağır və qeyri-insani şərtlər altında düşərgələrdə saxlanılan bu əsirlərin böyük qismi qısa zamanda yoluxucu xəstəliklərdən, aclıqdan həlak oldu, sağ qalanlar isə müdaxilələr nəticəsində legion ordularına cəlb edildilər. Nasistlər “aşağı irq” kimi gördükləri türk və müsəlmanlara daha çox əziyyət verir, sünnətli olduqları üçün ilk vaxtlar yəhudi adı ilə güllələyirdilər. Nəhayət, mühacirətdəki türk siyasi xadimlərin, eləcə də Nuru Killigil, Emir Erkilet kimi türk paşaların sayəsində almanlar əsirlərdən faydalanmağa, onların şəraitlərini yaxşılaşdırmağa qərar verdilər. Nəticədə müharibə əsirlərinin xalqlara görə siyahıya alınmasına başlanıldı. Yaradılan Türküstan komissiyasına Mustafa Çokay, Şimali Qafqaz komissiyasına bir zamanlar Bakıda səfir olmuş Əlixan Qantəmir, Azərbaycan komissiyasına Məhəmməd Tuqay Seyidəliyev, İdil Ural komissiyasına isə türkoloq Əhməd Temir rəhbərlik etdilər. Ümumi rəhbər isə alman Giebel idi.

Həm Mustafa Çokay, həm də Əhməd Temir xatirə və məktublarda komissiyaların fəaliyyəti haqqında maraqlı və geniş bilgilər veriblər. 1941-ci ilin avqust ayından etibarən kampları gəzən heyət üzvləri əsir düşən soydaşlarının siyahısını tutub, onların vəziyyəti haqqında qeydlər götürüblər. Təəssüf ki, Çenstohova kampını ziyarət edərkən Türkistan bölgəsinin liderlərindən Mustafa Çokay düşərgədə yayılmış tif xəstəliyinə yoluxub, 27 dekabr 1941-ci ildə həyatını itirib. Komissiyaya onun tərcümanı, Almaniyada ali təhsil almış Vəli Kayyum Xan rəhbərlik edib. Bu dövrdə Vəli Kayyum Xanla münaqişə içərisində olan tatar Əhməd Temir komissiyadan ayrılıb, onun yerinə Əbdürrəhman Şəfi keçib.

Beləliklə, Əbdürrəhman Şəfi İdil-Ural bölgəsindəki tatar və digər xalqların təmsilçisi olaraq fəaliyyətə başlayıb. Nəticədə 6 oktyabr 1942-ci ildə onun rəhbərliyində İdil Ural legionu yaradılıb, eyni zamanda o, İdil-Ural Milli Komitəsinin lideri vəzifəsinə yüksəlib. Legionun “İdel-Ural” qəzeti, “Tatar ədəbiyyatı” jurnalı fəaliyyət göstərib. 4 mart 1944-cü ildə isə Greifsvald şəhərində İdil-Ural türklərinin milli qurultayı keçirilib. Bundan öncə isə 6 noyabr 1943-cü ildə mayor Əbdürrəhman Fətəlibəylinin liderliyində Berlində Milli Azərbaycan Qurultayı baş tutub, Şəfi bəy də orada tatarlar adına nitq söyləyib.

Milli Azərbaycan Qurultayında keçmiş Cümhuriyyət xadimlərindən Abbas bəy Atamalıbəyov, Cahangir bəy Kazımbəyli kimi şəxslərdən sonra digər türk xalqlarının təmsilçilərinə də söz verilib.

İdil-Ural Tatar Milli Komitəsinin rəhbəri Şəfi Almasın “Azərbaycan” qəzetində yer alan çıxışının mətnindən onun bir zamanlar Bakıda yaşadığını öyrənirik:

“Azərbaycanlı qardaşlarım!

Bu gün bu təntənəli toplantıda çıxış edərək İdil-Ural tatarları dostluğu adı ilə sizi təbrik etməyi böyük şərəf sanıram. Mən öz qan qardaşlarım azərbaycanlılarla yalnız tarix üzrə deyil, həm də 1918–1920-ci illərdə Bakıda yaşadığım və müstəqil Azərbaycan dövlətinin bərabərhüquqlu bir vətəndaşı pasportunu daşımaq şərəfinə nail olduğum zamanlardan da tanışam.

Mən həyatımda çoxlu ağır günlər görmüşəm: ata-anamı və əqrəbamı hələ uşaq ikən itirdim; lakin bunların heç biri — 1920-ci ildə qırmızı rus bandalarının Azərbaycana girib müstəqil Azərbaycan bayrağını endirdiklərini və onun yerinə qırmızı bir cındırı asdıqlarını gördüyüm gün qədər ağır olmamışdır.

Mən hələ o zaman - o müsibətləri gördüyüm zamanlarda qırmızıların Azərbaycan milli bayrağını daimi olaraq məhv edə bilməyəcəklərinə arxayındım.

Hərgah Azərbaycan 1920-ci ildə rus işğalçılarına qarşı təkcə bərabər olmayan döyüşlər aparmağa məcbur edilmişdisə, indi o, yalnız deyildir. Öz azadlığı uğrunda çarpışan qan qardaşları- İdil-Urallılar, türküstanlılar və əsrlərlə rus zülmü altında inləyən digər xalqlar da sizinlə bərabər ayağa qalxmışlar. Onlar da silaha sarılmış və böyük alman xalqı ilə bərabər rus hakimlərinə qarşı həyat uğrunda mübarizə edirlər.

Yaxın gələcəkdə buna bənzər bayramların vətəndən minlərlə kilometr uzaqlarda deyil, azad və müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda keçiriləcəyinə qəti inamımız vardır.

Gənc Azərbaycan Ordusuna və onun rəhbərlərinə eşq olsun!”

Azərbaycan qurultayındakı bu çıxışı Şəfi Almasın həyatının naməlum bir dövrünə də işıq saçır. O, bu illərdə Bakıda yaşayıb, Cümhuriyyətin işğalına da şahid olub. Nəticədə bir zamanlar Azərbaycan Cümhuriyyətinin pasportuna sahib olan Əbdürrəhman bəy illər sonra Berlində üçrəngli bayrağın yenidən dalğalandığını görüb.

Şəfi Almasın Almaniyadakı evi həmişə qonaqlara açıq olub. Əhməd Temir xatirələrində yazırdı: “Xüsusilə müharibə illərində demək olar ki, hər həftə şənbə günləri günortadan sonra onların qonağı olurdum və gecəyarısına qədər onlarda qalırdım. Lakin Şəfigilin evinə hər gedişimdə başqa qonaqlarla da qarşılaşırdım. Tatarların sanki bir konsulluq idarəsi kimi hərəkətli olan evində heç vaxt ziyarətçi əskik olmazdı”.

1944-cü ilin mart ayında baş tutan İdil-Ural türklərinin milli qurultayında Əbdürrəhman Şəfi milli komitənin yaradılmasının məqsədini bu şəkildə izah edib:

“Bundan 18 ay əvvəl Rusiyada əzilən bütün millətlərin legionları qurulmuş, yaxşı-pis milli təşkilatları da yaranmışdı. Onların arasında sayca bizdən 10 dəfə az olan millətlər də öz milli varlıqlarını ortaya qoymaq üçün milli bayraqlarını qaldırmışdılar. O zamanlar bizim legionumuz hələ formalaşma mərhələsində olsa da, alman hökuməti tərəfindən tanınan bir təşkilatımız yox idi. Vəziyyət belə ikən biz buna seyrçi qala bilməzdik. Daha əvvəl, təxminən bir il ərzində mən bir çox əsir düşərgəsini ziyarət etdiyim zaman əsirlərin vəziyyətini və istəklərini yaxşı bilirdim. Onların istəkləri isə mənə şifahi olaraq izah etdiklərinə görə ümumilikdə belə idi: “Şəfi Almas qardaş! Digər millətlər legionlar qurub bolşeviklərə qarşı mübarizəyə başladılar. Tatar legionu yaratmağa çalışın. 25 ildir millətimizin qanını soran bolşeviklərdən əlimizdə silahla intiqam almaq istəyirik!” Mənim adıma gələn yüzlərlə məktubun, demək olar ki, hamısının məzmunu bu cür idi. Berlində bu işlərlə məşğul olan alman idarələrinə həm məktublar, həm də şifahi müraciətlər nəticəsində cənab Adolf Hitler, İdil-Ural tatarlarının könüllü legionlarının yaradılmasına icazə verdi. 1942-ci ilin 6 oktyabr tarixində bizim də milli legionumuz quruldu və 390 il əvvəl ruslar tərəfindən endirilən milli bayrağımız yenidən qaldırılaraq könüllü şəkildə legion sıralarına qoşulan milli qəhrəmanlarımıza təhvil verildi. Beləliklə, millətimizin milli məqsədi olan – müstəqil İdil-Ural Dövlətinin ilk təməl daşı qoyuldu”.

Yenidən Türkiyə

Almanların məğlubiyyətindən sonra müxtəlif çətinliklərlə qarşılaşan Şəfi Almas bir neçə yer dəyişdirdikdən sonra Drezdenə gəlib. Drezdenin bombalanmasından iki gün öncə ailəsini götürüb Almaniyanın cənubuna doğru yola düşüb. Artıq Almaniyada yaşaya bilməyəcəklərini başa düşən Əbdürrəhman bəy 1945-ci ilin yayında min bir müşkalatla İstanbula qayıdıb, bir il sonra isə ailəsini yanına gətirib.

Şəfi Almas ailəsinin Almaniyada keçirdiyi günlər haqqında qızı Aysu Erinç “Uşaqlığımın hekayələri” adlı kitabında geniş şəkildə yazıb.

Əbdürrəhman bəy İstanbulda zərgərliklə məşğul olub. 1954-cü ildə bu şəhərdə də vəfat edib.

Beləliklə, bir zamanlar Bakıda yaşamış, Berlində tatarların azadlığı uğrunda mücadilə aparmış Əbdürrəhman Şəfi Almasın həyat hekayəsi burada bitir.

Избранный
4
1
teleqraf.com

2Источники