RU

“Kreml çox böyük məğlubiyyətə uğrayacaq” - Akif Nağı

Yazını böyüt
Yazını kiçilt

Azad Vətən Partiyasının sədri Akif Nağı hafta.az-a budəfəki müsahibəsində Xankəndidəki son terrora cəhd olayı və Ermənistanla sülh müzakirələrinə dair öz mövqeyini açıqlayıb. O, baş verənlərin yalnız Qarabağdan qaçmış separatçı erməni klanının deyil, həm də xarici qüvvələrin maraqları ilə əlaqəli olduğunu qeyd edib.

Müsahibimiz həmin hadisələrin məqsədinin bölgədə yeni məskunlaşan və işləyən insanlar arasında narahatlıq yaratmaq və guya ermənilərin Qarabağ uğrunda mübarizəsinin davam etməsi görüntüsünü təqdim etmək olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın gələcəkdə konstitusiya dəyişiklikləri və sülh müqaviləsinin imzalanması məsələlərinə də toxunaraq, bu prosesin qısa müddətdə texniki cəhətdən mümkün olmadığını bildirib. O, Rusiyanın Ukrayna ilə apardığı müharibə və İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı dünya siyasətindəki son vəziyyəti də şərh edib.

- Sentyabrın 14-də Xankəndidə erməniəsilli Azərbaycan vətəndaşının kütləvi terrora cəhd göstərməsi hadisəsini müxtəlif prizmalardan necə dəyərləndirirsiniz? Olay barədə hansı versiyalar irəli sürmək olar?

- Təbii ki, Xankəndidəki son hadisə haqqında müxtəlif versiyalar, proqnozlar mövcuddur. İstənilən halda bu onu göstərir ki, biz daim ehtiyatlı, ayıq-sayıq olmalıyıq. Ermənilərə heç bir halda arxayınlıqla yanaşmaq olmaz. Orada sabitliyi pozmaq və təhlükəli vəziyyət yaratmaq üçün müxtəlif xarici qüvvələrin maraqları var. Ermənistan daxilində də buna maraqlı olan qüvvələr var. Revanşist qüvvələrlə yanaşı, hakimiyyətdəki bəzi qruplar da bu vəziyyətdən faydalana bilərlər. Belələri üzdə özlərini xoş göstərməyə çalışsalar da, öz ağır məğlubiyyətləri ilə barışa bilmirlər. Sözsüz ki, başqa xarici dövlətlərin də bu məsələdə maraqları ola bilər - Rusiya və digər ölkələrin...

Baş verən hadisələrə biz o mövqedən yanaşırıq ki, Qarabağda qalan ermənilərin hər biri ciddi nəzarət altında olmalıdır. Onların bəziləri müxtəlif qüvvələr tərəfindən öz məqsədləri üçün istifadə oluna bilər. Məqsəd hələ də eynidir: bu cür terror aktlarına cəhdlər və digər təxribatlar. Amma onlar bu cür yollarla heç bir zaman öz məqsədlərinə nail ola bilməzlər. Sadəcə olaraq məqsəd yerli əhalini bir az çaşdırmaq və orada təlaş yaratmaqdır. Guya orada vəziyyətin təhlükəsiz olmadığını göstərmək və əhalidə narahatlıq yaratmaq istəyirlər. Həmçinin keçmiş məcburi köçkünlərin geri dönüşünü əngəlləməyə, eyni zamanda o torpaqlarda bərpa və yenidənqurma prosesində işləyənlərin, eləcə də Xankəndidəki Qarabağ universitetində təhsil alan tələbələrin əhval-ruhiyyəsinə mənfi təsir göstərmək üçün edilir.

Bütün bunlarla paralel düşmənlərimiz hələ də Qarabağ məsələsinin guya bitmədiyini göstərməyə və mübarizənin davam etdiyini vurğulamağa çalışırlar. Bununla bağlı revanşist erməni siyasi liderlər və kilsə də o mövqedən çıxış edir. Buna görə də Azərbaycan tərəfindən ciddi nəzarət olmalıdır və işğaldan azad edilmiş ərazilərdə, xüsusən də Xankəndi və keçmiş Dağlıq Qarabağın ermənilər yaşamış digər məntəqələrində hər bir qarış məkan, hər kəs, hər şey diqqətlə yoxlanılmalıdır.

Bu məsələdə silahların saxlanması və müəyyən bir vaxtda istifadə edilməsi ehtimalı mövcuddur. Həm orada saxlanılan ermənilərdən, həm də xaricdən gələn erməni qruplarından istifadə oluna bilər. Buna görə də, biz bu məsələ ilə bağlı daim ayıq-sayıq olmalıyıq...

- Gələn il Ermənistandakı parlament seçkiləri ilə paralel Konstitusiyaya məlum dəyişikliklər barədə referendum da keçirilə biləcəyi üçün Ermənistanla Yekun Sülh Sazişinin tez imzalanmasının mümkünlüyü haqda fikirlər səslənir. Siz necə hesab edirsiniz?

- Ermənistanda Azərbaycanın tələbi ilə konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi, seçkilər və ən əsası Azərbaycanla Yekun Sülh Sazişinin imzalanma tarixi ilə əlaqədar müxtəlif fikirlər, proqnozlar səsləndirilir. Hətta bəzi fantastik proqnozlar da mövcuddur. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan belə bir fikir səsləndirir ki, guya elə bu günlərdə, sentyabr ayında sülh müqaviləsinin imzalanması mümkündür. Yəqin ki, o, Azərbaycan tərəfindən qoyulan şərtlərin yerinə yetirilmədiyini və konstitusiyanın dəyişdirilməsi ilə bağlı uzun bir prosesin gərək olduğunu nəzərə almır. Beləliklə, bu vəziyyətdə sülh müqaviləsinin seçkilər öncəsi və ya seçkilərlə eyni vaxtda imzalanması inandırıcı deyil. Bu, texniki cəhətdən də mümkün deyil.

Digər tərəfdən, əgər Paşinyan seçkilərdən öncə və ya paralel olaraq referendum keçirərsə və sonrasında sülh müqaviləsini imzalayarsa, bu, seçkilərə mənfi təsir göstərə bilər. Paşinyanın rəqibləri ciddi şəkildə kampaniya aparırlar. Rusiyanın milyarderi Samvel Karapetyanın və tərəfdarlarının artıq kifayət qədər reytinq qazandığını görürük. Son sorğulara görə, Paşinyanın reytingi 17%, Karapetyanın reytingi isə 13%-dir. Bu o deməkdir ki, artıq Karapetyanın reytinqi Paşinyanınkına yaxınlaşır. Əgər Paşinyan bu addımı atarsa, cəmiyyətin gözündə müəyyən bir dövr ərzində onun “satqınlıq” və “xəyanət” ilə bağlı geniş bir təbliğat kampaniyası aparıla bilər və bu, onun sosial bazasına ciddi zərbə vura bilər. Rəqibləri seçkiləri qazanmaq üçün bu vəziyyətdən geniş şəkildə istifadə edə bilərlər.

Bu səbəblərdən Ermənistanda seçkilərə qədər və ya seçkilərlə paralel referendum keçirmək və ya sülh müqaviləsinin imzalanması məntiqli və inandırıcı deyil...

- Rusiyanın Polşaya, ardınca Rumıniyaya dron hücumundan sonra Ukrayna savaşının dünyanı və ayrıca Avropanı hara apardığı barədə hansı nəticələrə gəlirsiniz?

- Bəli, təəssüf ki, artıq Rusiya Polşaya da dron zərbələri endirməyə başlayıb. Rumıniyaya da bir neçə Rusiya dronu daxil olub. Bu, Rusiyanın NATO qüvvələri yerləşən əraziyə - Avropaya qarşı atdığı yeni addımlardır və o, cəzasızlığına, müqavimət olmayacağına ümid edir. Avropa isə hələlik səbr edir, məsələyə təmkinlə yanaşır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirir ki, guya Rusiya ilk dəfədir, təkbaşına bütün Avropaya qarşı dayanır, amma o, səhv edir;  bu, doğru deyil. Rusiya 1853-1856-cı illərdə də Avropaya qarşı təkbaşına dayanmış və Krım müharibəsində rüsvayçılıqla məğlub olmuşdu. Həmin müharibənin nəticələrini Rusiya uzun müddət və böyük çətinliklə aradan qaldırdı. Əsas nəticələrdən biri kimi o, Qara dənizdən çıxmış, oradakı hərəkətləri tam şəkildə məhdudlaşdırılmışdı. Sonradan çox böyük çətinliklə Moskva Qara dənizdə mövqelərini bərpa edə bildi...

Rusiyanın Avropaya qarşı açıq meydan oxuması Rusiya üçün yaxşı nəticələr verməyəcək. Əslində, Rusiya özü-özünü aldatmış olur. Bəlkə də Tramp başda olmaqla, Qərb Rusiyanı şirnikləndirib təhrik etməklə böyük müharibəyə cəlb etmək istəyir. Əgər Kreml ağlını itirib belə bir müharibəyə girsə, çox böyük məğlubiyyətə uğrayacaqdır. Rusiyanın dağılması prosesi oradan başlayacaqdır...

Bu dövlət Ukraynaya qarşı savaşda 3 ildən çox müddətdə heç bir ciddi nəticə əldə edə bilməyib. Əgər Rusiya Polşaya, Baltikyanı ölkələrə və nəticədə Avropaya qarşı müharibəyə başlayarsa, orada heç bir uğur əldə edə bilməyəcək. Qarşı tərəfin əks-hücumları həm hərbi, həm də iqtisadi, maliyyə  və s. kimi digər cəhətlərdən Rusiya üçün çox mənfi nəticələrə gətirib çıxaracaq.

Kreml arxayın olmasın ki, guya Avropada heç kəsin Rusiya ilə müharibə etmək istəməməsi haqda fikirlər səslənir. Düzdür, Polşanın rəhbərliyi də bununla bağlı belə fikirlər bildirdi. Əslində, Almaniya başda olmaqla Avropa ölkələri ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır və məqamında bu ölkəyə ciddi zərbələr vura bilərlər. Buna görə də, bir daha deyirəm, əgər Rusiya Avropaya qarşı müharibəyə başlasa, bu, onun çox biabırçı uğursuzluğu ilə nəticələnəcək.

- Qəzzada baş verənlərin sonunu necə görürsünüz?

- Qəzzada baş verən son hadisələr İsrailin dünyaya meydan oxumasıdır. Gerçəklik budur ki, dünyanın bir hissəsinə Rusiya, digər hissəsinə isə Yaxın Şərqdə İsrail meydan oxuyur. İsrail artıq özünü bütün dünyaya qarşı qoyub. Bilirsiniz ki, BMT-nin Baş katibi səviyyəsində, BMT Təhlükəsizlik Şurası və BMT-yə üzv ölkələrin əksəriyyəti səviyyəsində İsrailə qarşı bir blok formalaşıb. Hətta 20-dən çox ölkənin qoşulduğu bir yürüş başlayıb. Türkiyə də bu blokun içərisində yer alır. Bu yürüş donanmalardan ibarət Qəzzaya doğru, İsrailin hərəkətlərinə qarşı yönəlmiş bir yürüşdür. Həmin gəmilərlə ərzaq və digər yardımlar da göndərilir, yəni artıq bütün dünya İsrailə qarşıdır. İsrailin Baş naziri Benyamin Netanyahu belə bir açıqlama verib ki, “Biz məhrumiyyətlərə, məhdudiyyətlərə, sanksiyalara hazır olmalıyıq”. Yəni özləri də bunu görürlər, vəziyyətin ağırlaşdığını qəbul edirlər. Amerika Birləşmiş Ştatları da İsrailin hərəkətlərini müdafiə etməkdən çəkinir. Sadəcə üzdə, görüşlərdə hansısa dəstək şüarları səslənir. Əslində, vəziyyət həqiqətən də həddindən artıq ağırdır və reallıqda Amerika artıq İsrailin arxasında dayanmayacaq...

Bu şəkildə hərəkət etmək, başqalarının torpaqlarını zəbt etmək, beynəlxalq qanunları pozmaq olmaz. Hesab edirəm, bu cür davranışlar İsrail üçün yaxşı bir gələcək, perspektivi vəd etmir. İsrail işğalı, müxtəlif ölkələrə hücumları genişləndirməklə artıq böyük bir hərbi koalisiyanın müqaviməti ilə qarşılaşa bilər.

Избранный
12
hafta.az

1Источники