RU

Sorğu: Ukraynalıların əksəriyyəti müharibə dövründə seçkilərin keçirilməsinin əleyhinədir

Kiyev, 19 sentyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenskiyə olan etimad sabit olaraq qalıb. Ukraynalıların əksəriyyəti müharibə zamanı seçkilərin keçirilməsinə qarşı çıxır.

Bu barədə AZƏRTAC Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBİS) keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.

KBİS-in sorğusu 2025-ci il sentyabrın 2-dən 14-dək Ukraynanın müxtəlif bölgələrində 1023 respondent arasında aparılıb.

Nəticələrə görə, ukraynalıların 59 faizi Prezident Volodimir Zelenskiyə etibar edir, 34 faizi isə əksinə, ona etibar etmir. Müqayisə üçün, avqustun əvvəlində bu göstəricilər müvafiq olaraq 58 və 35 faiz təşkil edirdi.

Hazırkı etimad səviyyəsi ilin maksimum göstəricisindən (may ayında “Nadir torpaq mineralları üzrə Saziş”in imzalanmasından sonra 74 faiz) aşağı olsa da, 2024-cü ilin dekabrındakı nəticədən (52 faiz) hələ də yüksəkdir.

Sosioloqlar, həmçinin müharibə dövründə ümummilli seçkilərin keçirilməsinin məqsədəuyğunluğu barədə ukraynalılara sual ünvanlayıblar.

Seçkilərin atəşkəs elan olunmadan, indidən keçirilməsini dəstəkləyənlərin payı cəmi 12 faiz təşkil edir və bu göstərici 2025-ci ilin martından bəri sabit qalır. Əvəzində, seçkilərin təhlükəsizlik zəmanətləri ilə atəşkəsdən sonra keçirilməsini dəstəkləyənlərin sayı artır, belə ki, martda bur rəqəm 9 faiz olduğu halda, sentyabrda 22 faizə yüksəlib.

Bununla belə, ukraynalıların əksəriyyəti, yəni 63 faizi hesab edir ki, seçkilər yalnız yekun sülh sazişindən sonra keçirilməlidir. Martda bu fikirdə olanların payı 78 faiz, mayda isə 71 faiz idi.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
15
2
azertag.az

3Источники