Qazaxıstanda Azərbaycanın lüks turizm imkanları nümayiş olunub
Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilmiş "Luxury Travel Mart" (LTM) tədbirində təmsil olunub.1news.az agentliyə istinadən xəbər verir ki, tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib. Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19 % və 28 % çoxdur. "Azərbaycan Hava Yolları" (AZAL), "Air Astana", "FlyArystan" və "Uzbekistan Airways"in Bakı ilə Almatı, Astana və Daşkənd şəhərləri arasında birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artmasına və ölkələrarası turizm əlaqələrinə töhfə verir.