RU

Qərb kəşfiyyatı Rusiyanın Polşaya PUA hücumunun təsadüfi olub-olmadığına əmin deyil - CNN

Qərb hərbi kəşfiyyat nümayəndələri arasında Rusiyanın qəsdənmi, yoxsa təsadüfənmi Polşaya dron göndərdiyi barədə fikir ayrılığı var, lakin onların ümumi qənaətinə görə, Kreml getdikcə daha aqressiv davranır.

Hİta.z xəbər verir ki, bu barədə CNN yazıb.

Keçən həftə Rusiyaya məxsus dronların Polşa hava məkanına daxil olmasından sonra ABŞ və Qərb kəşfiyyatı hələ də bunun təsadüfi bir pozuntu, yoxsa Moskvanın NATO-nun hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmək və alyansın reaksiyasını ölçmək məqsədi daşıyan planlı addımı olub-olmadığını müəyyənləşdirə bilməyib. Kəşfiyyat rəsmiləri qeyd ediblər ki, istənilən halda bu hadisə Kremlin NATO-ya qarşı təxribatçı hərəkətlərə daha çox meyilləndiyinin və eskalasiya riskini gözə aldığının narahatedici göstəricisidir.

“Bu, təhlükəsiz olduğu demək deyil. Şübhəsiz ki, Kreml riskə yanaşma tərzini dəyişib və hədəfləri seçərkən daha çox risk götürür”, deyə yüksək vəzifəli Qərb kəşfiyyatçısı bildirib.

Ukrayna və Polşa açıq şəkildə bu insidentin qəsdən edildiyini bəyan edib. Bir sıra Avropa ölkələri də eyni mövqeni bölüşür. Lakin NATO daxilində yekdil rəy yoxdur. ABŞ-ın regiondakı yüksək rütbəli hərbi rəsmisi Rusiyanın qəsdən NATO hava məkanına daxil olma ehtimalını “50-yə 50” kimi qiymətləndirib.

Moskvanın niyyətlərini dəqiq oxumağın çətinliyi vurğulanır. Yüksək vəzifəli Qərb kəşfiyyatçılarından biri bildirib ki, dronların uçuş trayektoriyası onların hədəfi itirdiyini və Ukraynanın radioelektron mübarizə sistemləri ilə qarşılaşdıqdan sonra GPS siqnalını bərpa etməyə çalışdıqlarını göstərir. Bununla belə, digər əlamətlərin fərqli yozumları da mümkündür. Məsələn, bir çox rus dronlarının silahsız maketlər olması Moskvanın Polşanın hava hücumundan müdafiəsini yoxlamaq istədiyini göstərə bilər. Rəsmilərin sözlərinə görə, kütləvi hücumlarda onlarla dronun eyni anda kursdan çıxması texniki baxımdan mümkündür.

CNN-ə danışan yüksək vəzifəli Qərb kəşfiyyatçısı insidentin qəsdən olmadığını düşünməyə meyilli olduqlarını desə də, bunu Kremlin getdikcə daha düşüncəsiz davranmasının təhlükəli siqnalı adlandırıb.

Digər tərəfdən, bəzi amerikalı hərbi və Konqres rəsmiləri hadisənin məqsədli göründüyünü vurğulayıblar. Onların sözlərinə görə, bu addımın məqsədləri Qərbin hava hücumundan müdafiə reaksiyasını ölçmək, NATO-nun davranış modelini öyrənmək, Ukraynaya silah tədarük marşrutlarını xəritələndirmək, gələcək hədəfləri müəyyənləşdirmək və Qərbi təhrik etmək ola bilər. Rəsmilərin fikrincə, Moskva NATO ölkəsində mülki itkilər riskini artıraraq Qərbdə ictimai dəstəyin parçalanacağına ümid edə bilər.

Hadisənin təsadüfi baş verdiyi ehtimalı belə Rusiyanın NATO ilə birbaşa toqquşma riskini artırır. Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, səhv hədəfləmə və ya qeyri-adekvat radioelektron müdaxilə nəticəsində yanlış zərbə ehtimalı yüksəlir.

Moskvanın niyyətlərini anlamağı çətinləşdirən amillərdən biri də onun tez-tez “inandırıcı inkar” taktikası ilə təxribatlara əl atmasıdır. Bəzi ekspertlər hesab edir ki, insident elə planlaşdırılıb ki, təsadüfi görünsün.

Rusiya rəsmiləri NATO ölkəsini hədəf almadıqlarını bildiriblər. Polşa isə bəyan edib ki, dronların buraxıldığı Belarus onları marşrutdan çıxaraq Polşa istiqamətində hərəkət etdikləri barədə əvvəlcədən xəbərdar edib. Ekspertlər hesab edirlər ki, bu faktlar da Moskvanın planlı “dumanlı pərdə” strategiyasının tərkib hissəsi ola bilər.

Ekspert Semüel Bendet isə qeyd edib ki, Rusiya həm reaksiyanı müşahidə etmək, həm də lazım gəldikdə “bu qəsdən deyildi” arqumentindən istifadə etmək üçün belə bir taktikanı seçmiş ola bilər.

Samir

Избранный
24
hit.az

1Источники