RU

“Azərpoçt”un elektron həlləri: rahat, təhlükəsiz və əlçatan xidmətlər

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu gün müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafı ənənəvi poçt xidmətlərində yeniliklərin tətbiqini zəruri edir. Bunu nəzərə alaraq poçtlar köklü yeniliklər həyata keçirib xidmətlərini rəqəmsal əsasda təqdim etməklə müştəri məmnuniyyətini və əlçatanlığı artırmağa çalışırlar. Bu gün poçt yalnız məktub daşımaları ilə məhdudlaşmır, həm maliyyə, həm elektron ticarət, həm də rəqəmsal həllərin təqdim olunduğu strateji bir platformaya çevrilib. Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC də fəaliyyət sahəsində genişmiqyaslı rəqəmsal həllər tətbiq edərək müştəri yönümlü xidmət modellərini inkişaf etdirməkdədir. “Azərpoçt” MMC-nin tətbiq etdiyi rəqəmsal həllər müştərilərin həyatını sadələşdirir, vaxt və resurslara qənaət etməyə imkan verir, həmçinin xidmət keyfiyyətini artırır. Bu cür yeniliklər poçt xidmətlərinin sadəcə məktub və bağlama daşımadan ibarət olmadığını, həm də rəqəmsal cəmiyyətin vacib bir hissəsinə çevrildiyini nümayiş etdirir. Gələcəkdə bu tendensiyanın daha da güclənməsi və daha geniş spektrli rəqəmsal xidmətlərin təqdim olunması da əsas hədəflərdəndir.

 Ölkənin ən böyük poçt şəbəkəsi

Hazırda "Azərpoçt" ölkənin ən böyük poçt şəbəkəsi olaraq, maliyyə xidmətləri, onlayn ödənişlər, e-ticarət çatdırılması, rabitə və bank xidmətləri də daxil olmaqla çoxsaylı fəaliyyət göstərir. Bu fəaliyyət sahəsinə elektron hökumət sisteminin bir hissəsi kimi dövlət xidmətlərinə inteqrasiya olunmasını da əlavə etsək, poçt  xidmətinin sosial və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından  nə qədər əhəmiyyətli olduğunu görərik. 

Bu gün “Azərpoçt” fiziki şəxslərə, müəssisələrə və təşkilatlara MMC tərəfindən təqdim edilən logistika və maliyyə xidmətlərindən faydalanmağa imkan verir. Mindən çox poçt şöbəsi və minlərlə əməkdaş tərəfindən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir. “Azərpoçt” keçən dövr ərzində yalnız poçt operatoru kimi deyil, həm də maliyyə xidmətləri göstərən bir qurum kimi öz fəaliyyətini genişləndirib. 2010-cu ildə “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilib. Bu lisenziya əsasında  regionlarda əhalinin maliyyə xidmətlərinə sərbəst çıxış imkanı yaradılıb, yeni xidmətlərin göstərilməsi hesabına xidmət çeşidi artırılıb, yerli və beynəlxalq poçt və maliyyə qurumları ilə inteqrasiya gücləndirilib. Hazırda lisenziyaya malik 1116 poçt şöbəsi maliyyə xidmətləri göstərmək iqtidarındadır. Belə ki, poçt şöbələrində maliyyə xidmətlərinin təmin olunması nəticəsində poçt hesablarının açılması və aparılması, pulköçürmələri, maliyyə institutlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması, ödəniş vasitələrinin, həmçinin debit kartlarının emissiyası, xarici valyutanın alqı-satqısı, nağd vəsaitin və digər qiymətlilərin inkassasiyası icra olunur.

Bundan başqa, “Azərpoçt” öz fəaliyyətində 2005-ci ildən IFS/STEFI beynəlxalq pulköçürmələri sisteminə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

Artıq “Azərpoçt” 15 ildən çoxdur ki, bank-maliyyə xidmətləri göstərir. Belə ki, 2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq verilib. Bundan sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan “SWIFT”ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, 2022-ci ildən “VİSA” ödəniş sisteminə, ölkə daxilində isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminə (XÖHKS), Real Vaxt Rejimində Hesablaşmalar Sisteminə (AZIPS), Hökumət Ödəniş Portalına (HÖP) və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə etməyə başladı. Nəticə etibarilə bütün ölkə üzrə yerləşən poçt məntəqələrində, ən ucqar kəndlərdə yaşayan vətəndaşların belə maliyyə xidmətlərinə əlçatanlığı təmin edildi. "Azərpoçt"un elektron ödəniş xidmətləri və onlayn platformaları gündəlik həyatı bir çox cəhətdən asanlaşdırır. Ən əsas faydalardan biri vaxta və enerjiyə qənaətdir. "Azərpoçt"un onlayn xidmətləri bank infrastrukturu məhdud olan bölgələrdə yaşayan insanlar üçün, xüsusilə faydalıdır. Bu platformalar sayəsində region sakinlərinin də rəqəmsal iqtisadiyyata inteqrasiyası asanlaşdırır.

Müasir təhlükəsizlik standartlarına cavab verən onlayn ödəniş sistemləri

Onlayn ödəniş sistemləri müasir təhlükəsizlik standartlarına cavab verir. Məsələn, "Azərpoçt" kart sahibləri kartlarını Google Pay kimi təmassız ödəniş sistemlərinə əlavə edərək ödənişlərini daha təhlükəsiz və sürətli şəkildə edə bilərlər. Bu, fiziki kartın itirilməsi və ya oğurlanması riskini azaldır. "Azərpoçt"un "İnternet bankçılıq" və "AzPost Mobile" kimi onlayn platformaları müvafiq olaraq hüquqi və fiziki şəxslərə öz bank hesablarına nəzarət etmək, pulköçürmələrini həyata keçirmək və əməliyyatları izləmək imkanı verir. Bu xidmətlər biznes sahibləri üçün də əməkhaqqı köçürmələrini və digər maliyyə əməliyyatlarını asanlaşdırır. Onlayn xidmətlərin inkişafı, həmçinin sahibkarlar üçün də yeni imkanlar açır. Məsələn, "Mobil POS" xidməti sayəsində POS-terminalın fiziki daşınmasına ehtiyac qalmır, ödənişləri birbaşa mobil tətbiq üzərindən qəbul etmək olur. Ümumilikdə, "Azərpoçt"un rəqəmsal xidmətləri poçt şöbələrinin fəaliyyətini tamamilə əvəz etməsə də, gündəlik maliyyə əməliyyatlarının aparılmasını daha rahat, sürətli və effektiv edir.

Yenilənmə mərhələsinə keçid edən “Azərpoçt”un sonuncu istiqaməti olan yenilikçilik çərçivəsində isə “VİSA” ödəniş sisteminin tamhüquqlu üzvü statusu alınıb və kart emissiyası, eləcə də kart qəbuluna aktiv şəkildə başlanılıb. Eyni zamanda kart fərdiləşmə mərkəzinin yaradılması, ekvayrinq xidmətləri və elektron ödənişlərin qəbulunun həyata keçirilməsi üçün lisenziya əldə olunub.

Qeyd edək ki, “Azərpoçt”un “VİSA” ödəniş sisteminin tamhüquqlu üzvü olması nəticəsində minimum 500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü və bununla da xidmətin icrası zamanı maliyyə şəffaflığı təmin olunub.

“Azərpoçt” işğaldan azad olunmuş ərazilərdə

Sevindirici haldır ki, “Azərpoçt”un fəaliyyəti yalnız mövcud və yeni xidmətlərlə məhdudlaşmayıb, tarixi qələbəmiz sayəsində xüsusi fəaliyyət sahəsi də formalaşıb. 

2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə poçt işinin təşkili istiqamətində davamlı olaraq işlər görülür. Belə ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

“Azərpoçt” yenilənmə dövrünə keçid etdikdən sonra mütəmadi olaraq qeyd edilən prinsiplərin tam təmin edilməsi üçün müxtəlif rəqəmsal həllərdən faydalanır. Artıq 3 ildən artıqdır ki, “Azərpoçt” şöbələrində nağdsız ödənişlərin təşviqi və maliyyə şəffaflığının təmini üçün POS-terminallar istifadəyə verilib. “Azərpoçt”un “VISA” ödəniş sisteminin tamhüquqlu üzvü olması nəticəsində minimum 500 “Azərpoçt” şöbəsində nağdsız ödənişlərin mümkünlüyü təmin olunub. 

Operativlik prinsipi isə İnternet Bankçılıq, “AzPostMobile” xidmətləri ilə təmin olunub. Artıq hüquqi və fiziki müştərilərimiz şöbələrimizə yaxınlaşmadan öz maliyyə əməliyyatlarını sürətli və rahat bir şəkildə idarə edə bilirlər.  “Azərpoçt”un etibarlı xidməti kimi “Postcargo”nu nümunə göstərmək olar. Belə ki, xarici ölkələrdən elektron kommersiya məhsullarının çatdırılmasını təmin edən bu karqo xidməti artıq neçə ildir ki, vətəndaşların etibarını qazana bilib, bunun səbəblərindən biri də bu xidmətin “Azərpoçt” nəzdində formalaşması, vətəndaş qarşısında öhdəlik məsuliyyətinin qəbul edilməsidir.

"Azərpoçt"un gələcək inkişaf planları

"Azərpoçt"un gələcək inkişaf planları poçt xidmətlərini müasir texnologiyalarla birləşdirərək müştəri təcrübəsini daha da təkmilləşdirməyə yönəlib. Bu inkişafda süni intellekt, böyük verilənlər ("Big Data") və mobil tətbiqlərin rolu mühüm yer tutur.

Süni intellektin tətbiqi "Azərpoçt"un əməliyyat effektivliyini artırmağa və müştəri xidmətlərini fərdiləşdirməyə xidmət edəcək. Süni intellektin daha çox tətbiq ediləcəyi istiqamət sürətli logistika və çatdırılma istiqaməti olacaq. Süni intellekt əsaslı alqoritmlər göndərişlərin ən optimal marşrutunu müəyyən edərək çatdırılma müddətini qısaltmağa kömək edəcək. Bu, əməliyyat xərclərini azaltmaqla yanaşı, müştəri məmnuniyyətini də artıracaq. Süni intellektə əsaslanan çatbotlar və virtual köməkçilər vasitəsilə 7/24 rejimində müştəri dəstəyi təmin ediləcək. Bu, müştərilərin suallarını operativ cavablandırmağa və poçt şöbələrinin iş yükünü azaltmağa imkan verəcək. 

Bundan başqa, süni intellekt maliyyə əməliyyatları zamanı qeyri-adi fəaliyyətləri izləyərək fırıldaqçılıq cəhdlərini vaxtında aşkarlayacaq və müştərilərin hesablarını qoruyacaq.

Mobil tətbiqlə bağlı gələcək hədəf poçt xidmətlərinin də bu tətbiqə daxil edilməsidir. Mövcud "AzPostMobile" tətbiqi artıq bir sıra əsas funksiyaları özündə birləşdirir. Mobil tətbiq vasitəsilə poçt göndərişlərinin ünvanlanması, izlənilməsi, sifarişlərin verilməsi və əldə edilməsi kimi əksər poçt xidmətlərinin tamamilə rəqəmsallaşdırması planlaşdırılır.

Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzu

Azərbaycan Ümumdünya Poçt İttifaqının idarəçiliyində birbaşa iştirak hüququ qazanıb. Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir. Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir.

Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən “ÜPİ Konvensiyası” və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq.

Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması və icrasına nəzarətdə iştirak edəcək.

Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərən nüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digər beynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfə verəcək. Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəli sürmək imkanına malik olacaq.

Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək. Beləliklə, bu üzvlük sadəcə nüfuzlu bir status deyil, Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Poçt xidmətləri elektron ticarətin "onurğa sütunu" rolunu oynayır

“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev  bildirib ki, Ümumdünya Poçt Günü kontekstində poçt xidmətlərinin müasir dövrdəki strateji missiyası sadəcə, rabitə vasitəsi olmaqdan daha çox, rəqəmsal iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevrilməkdir. Ənənəvi olaraq, poçt xidmətləri məktubların və fiziki bağlamaların çatdırılması ilə məhdudlaşırdı. Lakin XXI əsrdə texnologiyaların sürətli inkişafı və elektron ticarətin kəskin artımı poçt operatorlarının rolunu tamamilə dəyişdirdi. İndi poçt xidmətləri yalnız fiziki məhsulları deyil, eyni zamanda, maliyyə və rəqəmsal xidmətləri də çatdıran geniş bir ekosistemə çevrilib:

“Poçt xidmətləri elektron ticarətin "onurğa sütunu" rolunu oynayır. Onlar həm ölkədaxili, həm də beynəlxalq onlayn ticarət əməliyyatları üçün etibarlı və sürətli logistika həlləri təklif edirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün bazarlara çıxışı asanlaşdırır. Poçt şöbələri bank xidmətlərinin məhdud olduğu kənd yerlərində və ucqar bölgələrdə əhali üçün əsas maliyyə xidmətləri -pul köçürmələri, pensiya ödənişləri, kommunal xidmət haqlarının yığılmasını təklif edir. Bu, insanların maliyyə sisteminə inteqrasiyasını təmin edir və sosial bərabərliyi artırır. Poçt operatorları rəqəmsal ödənişlər, onlayn xidmətlər və mobil tətbiqlər vasitəsilə fiziki və rəqəmsal kanalları birləşdirir. Bu yanaşma poçt şöbələrini ənənəvi xidmət nöqtəsindən müasir, çoxfunksiyalı mərkəzlərə çevirir. Sonda onu da qeyd edim ki,  poçt xidmətləri artıq sadəcə, rabitə vasitəsi deyil, texnoloji cəhətdən təkmilləşmiş, maliyyə və logistika xidmətlərini özündə birləşdirən güclü iqtisadi alətdir. Onların gələcək missiyası rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa təkan verən, onu dəstəkləyən və hər kəs üçün əlçatan edən əsas infrastrukturlardan biri olmaqdır”.

İstənilən yerdən “Azərpoçt”un rəqəmsal xidmətlərinə çıxış mümkündür

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, internet bağlantısı olan istənilən yerdən “Azərpoçt”un rəqəmsal xidmətlərinə çıxış mümkündür. Bu isə regionlarda yaşayan əhali üçün vacib üstünlükdür: “Onlayn sistemlər vasitəsilə əməliyyatların statusunu izləmək və nəticələri sənədləşdirmək mümkündür. Bu, həm də xidmət keyfiyyətinə nəzarəti artırır. Bank infrastrukturu zəif olan bölgələrdə yaşayan insanlar üçün “Azərpoçt”un rəqəmsal maliyyə xidmətləri mühüm rol oynayır: ““Azərpoçt”un həyata keçirdiyi rəqəmsal həllər müştərilər üçün bir sıra mühüm üstünlüklər yaradır: xidmətlərin əlçatanlığı, operativlik, şəffaflıq və təhlükəsizlik. Bu yeniliklər Azərbaycan poçt sisteminin müasir texnologiyalara uyğun şəkildə inkişaf etdiyini və qlobal trendlərə inteqrasiya olunduğunu sübut edir. Gələcəkdə daha da genişləndiriləcək rəqəmsal xidmətlər həm vətəndaş rahatlığını təmin edəcək, həm də ölkənin ümumi rəqəmsallaşma prosesinə töhfə verəcək”.

Sevinc QARAYEVA

Yazı “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
525.az

1Источники