RU

Qara pulların yuyulması, qeyri-qanuni silah satışı... - "Bitcoin" haqqında bilmədiklərimiz - MÜSAHİBƏ

ABŞ-də investorlar tərəfindən Vaşinqtonda Kapitolinin qarşısında ABŞ prezidenti Donald Trampın qızıl heykəli ucaldılıb. Amerika lideri gülümsəyən və əlində "Bitcoin" simvolu həkk olunmuş nəhəng sikkə ilə təsvir olunub.

Kripto investisiya icmasının nümayəndəsi Hiçem Zaqdoudinin sözlərinə görə, bu heykəl milli valyutanın gələcəyi ilə bağlı müzakirələri stimullaşdırmaq məqsədi daşıyır, müasir siyasət və maliyyə innovasiyası arasındakı əlaqəni simvollaşdırır. Bu abidə amerikalıları kriptovalyutanın dünyada artan təsirini nəzərə almağa sövq edəcək.

Trampın bu heykəlinin bütün ölkələrdə kriptovalyutalara olan marağı artıracağı gözlənilir.

Bu kontekstdə kriptovalyutaların maliyyə bazarında rolu və riskləri ilə bağlı iqtisadçı Elman Sadıqov Bakıvaxtı.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

"Bitcoin" bazarı qaranlıq bazardır

- Elman bəy, "Bitcion" nədir?

- "Bitcoin" ilk dəfə 2010-cu ildə ortaya çıxdı və heç də tanınmırdı. "Bitcoin" bir kriptovalyutadır və blokçeyndə istehsal olunur. Yəni, "Bitcoin" blokçeyn adlı texnologiyası üzərində fəaliyyət göstərən ilk rəqəmsal valyutadır. Blokçeyn isə ayrı-ayrılıqda zəncirlərin halqasıdır və şifrələnmiş bloklardan ibarətdir. Ona görə də şəxs bütöv halqaya müdaxilə edə bilməz. Şəxs yalnız öz tərəfinə görə məsuliyyət daşıyır və cavabdehdir. Blokçeyn texnologiyasından seçkilərdə və idarəetmə sahəsində şəffaflığı artırmaq üçün istifadə olunur. Bundan əlavə, halqanın bir iştirakçısı digərinə təzyiq göstərmək imkanında olmur. Blokçeyn texnologiyasını "Bitcoin"i buraxmaqla, test etdilər. Uzun müddət "Bitcoin" kölgədə qaldı. Yalnız pandemiya dövründə insanların digər alternativ maliyyə aləti kimi, "Bitcoin"ə marağı artmağa başladı. Əslində müəyyən dairələr də bu marağı təşviq etdi.

- Ortaya çıxdığı dövrdə "Bitcoin"in diqqət çəkməməsi fonunda bu kriptovalyuta sahəsindəki problemlər nədir? "Bitcoin" nə üçün diqqət çəkməmişdi?

- Hazırda "Bitcoin"də böyük və çoxsaylı oyunçular var. Lakin problem ondan ibarətdir ki, bazarın funksiallığı şəffaf olsa da, məlumat və datalar şəffaf deyil. "Bitcoin" yaradıcısı bu gün milyarder olsa da, onun necə milyarder olduğunu və nə qədər "Bitcoin" saxladığını heç kim bilmir. Yəni, kimin əlində nə qədər "Bitcoin" olduğu naməlumdur. "Bitcoin"in köçürmə mexanizmi qeyri-şəffafdır. Cinayət yolu ilə əldə olunuş vəsaitlərin yuyulması, rüşvət mexanizmi, qeyri-qanuni silah satışı və s. kimi hallarda "Bitcoin"dən və digər kriptovalyutalardan istifadə olunur. Bu isə ölkələr üçün böyük problem formalaşdırır. Bu gün "Bitcoin" bazarı qaranlıq bazardır. Blokçeyn texnologiyası şəffaflığı təmin etsə də, "Bitcoin" tamamilə fərqli isiqamətdir.

"Bitcoin" piramida şəklində arta və bir gün tamamilə çökə bilər

- Hər bir "Bitcoin"in özünün maya dəyəri var. Bu dəyər təxmini nə qədərdir?

- Son hesablamalara görə, bir "Bitcoin"in maya dəyəri təxminən 7-8 min dollardır. Müəyyən oyunçular "Bitcoin" alıb satmaqla bu kriptovalyutanı məşhurlaşdırdılar. Nəticədə kiçik investorlara böyük zərərlər dəydi, bu bazarda külli miqdarda vəsait itirənlər oldu. Lakin "Bitcoin"in qiyməti artdıqca, insanların marağı və həvəsi artdı. Artıq bu gün "Bitcoin" 117 min dollar civarındadır.

- "Bitcoin"lə bağlı hansı risklər mövcuddur?

- Əksər investorlar "Bitcoin"in əleyhinədir. Akademik iqtisadçılar başa düşürlər ki, "Bitcoin"in arxasında heç nə durmur və bir gün sıfırlana bilər. "Bitcoin" piramida şəklində arta və bir gün tamamilə çökə bilər. Riskli investorlar və gənclər kriptovalyutaları sevirlər. Çünki gənclərin həyat təcrübəsində piramida şəbəkəsinin təhlükələri barədə məlumat yoxdur. Bəzi ölkələr və investorlar isə "Bitcoin"in lehinədir. Məsələn, Tramp "Bitcoin"i dəstəkləyir. Hətta özü kriptovalyuta buraxdığını elan edir. "Bitcoin" hazırda flaqmandır və öndə gedən kriptovalyutadır. "Bitcoin"in qiyməti artanda digər kriptovalyutaların da qiyməti artır. Bəziləri isə tamamilə bazardan çıxır.

- Özünün kriptovalyutası olduğu halda, Trampın "Bitcoin"i dəstəkləməsinin səbəbi nədir?

- Trampın "Bitcoin"i dəstəkləməsi öz adına olan kriptovlayutanın da dəyər qazanmasına səbəb olur. Ona görə də hazırda kriptovalyutalarla bağlı ciddi pekulyativ fikirlər var. Müəyyən investorlar kriptovalyutaları batmağa qoymurlar.

Kredit götürərək və ya maşını sataraq, "Bitcoin" almaq böyük riskdir

- "Bitcoin"in gələcək aqibəti necə ola bilər?

- Demək olar ki, bu gün "Bitcoin"lə bağlı tələb və təklif eyni səviyyədədir. Hesablamalara əsasən, "Bitcoin" limitli alətdir. Yəni, sayı 21 milyondan çox olmayacaq. Artıq 20 milyonu emal olunub. 1 milyon isə gələn il emal olunacaq. 21 milyon "Bitcoin"in 20 milyonu ABŞ ərazisindədir. ABŞ-də olan və Amerikaya bağlı olan investorlar "Bitcoin"i sahiblənib. Əgər ABŞ "Bitcoin"i satmaq istəsə və dəstəkləməsə, onun qiymətinin necə olacağı sual altındadır. Ona görə də ehtiyatlı olmaq lazımdır.

- "Bitcoin" həvəskarları nəyə diqqət etməlidir?

- Yaxşı olar ki, "Bitcoin"ə yatırılan pul itirməyə rəva görünən vəsait olsun. Yəni, o pul itərsə, sizin həyatınız dəyişməyəcək. Kredit götürərək və ya maşını sataraq, "Bitcoin" almaq doğru deyil. Bu, böyük riskdir. Təəssüf ki, bu riskə gedənlər var. Hər bir halda "Bitcoin"ə olan marağın artması böyük qiymət şişməsinə və daha sonra kəskin ucuzlaşmaya səbəb ola bilər. Nəticədə kiçik investorlar böyük pullar itirə bilərlər.

Gülşən Şərif

Избранный
12
1
bakivaxti.az

2Источники