RU

“Qarşılıqlı səfərlər etimadın ən yüksək səviyyədə formalaşmasından xəbər verir” ŞƏRH OLUNDU

ain.az bildirir, Sia Az portalına istinadən.

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Son iki ildə Əmirliklər liderinin ölkəmizə ardıcıl səfərləri, həmçinin Prezident İlham Əliyevin 2006, 2016 və 2023-cü illərdə BƏƏ-yə səfərləri qarşılıqlı etimadın ən yüksək səviyyədə formalaşmasından xəbər verir. Bunun mühüm nümunələrindən biri də 2025-ci ilin iyulunda Azərbaycan və Ermənistan arasında baş tutan sülh danışıqlarına BƏƏ-nin ev sahibliyi etməsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Əbu-Dabi görüşü həm tərəflərin siyasi iradəsini nümayiş etdirdi, həm də BƏƏ-nin regionda etibarlı vasitəçi və dost ölkə kimi rolunu gücləndirdi: “Azərbaycanın suverenliyini bərpa etməsi, yeni geosiyasi reallıqlar fonunda ərəb ölkələri ilə münasibətlərin intensivləşməsi məhz belə təşəbbüslərin nəticəsidir.

Səfərin iqtisadi məzmunu da olduqca əhəmiyyətlidir. Azərbaycanla BƏƏ arasında 2025-ci ilin iyulunda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərin strateji əsaslarını müəyyənləşdirdi. Bu sənəd ticarət, investisiya, nəqliyyat, turizm, tikinti və bərpa olunan enerji sahələrini əhatə etməklə hər iki ölkənin maraqlarına xidmət edir. Təkcə 2024-cü ildə qarşılıqlı qeyri-neft ticarətinin 43 faiz artaraq 2,4 milyard dollara çatması tərəflər arasında iqtisadi dinamikanın real göstəricisidir. BƏƏ-nin “Masdar” şirkətinin Qaradağda 230 meqavatlıq Günəş elektrik stansiyasına qoyduğu sərmayə Azərbaycanın enerji siyasətində “yaşıl keçid”in reallaşmasına mühüm dəstəkdir. Gələcəkdə bu əməkdaşlığın ölkəmizdə təmiz enerji istehsalının 1 QVt-a çatdırılması planı ilə davam etdirilməsi Azərbaycanın enerji balansında köklü dəyişikliklərə yol aça bilər.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın son səfəri yalnız iqtisadi deyil, həm də siyasi və simvolik məna daşıyır. Görüşlərin Qarabağda, ölkəmizin mədəniyyət paytaxtına çevrilən Şuşada və digər azad olunmuş şəhərlərdə keçirilməsi Azərbaycanın suverenliyinin möhkəmlənməsi ilə yanaşı, BƏƏ-nin Qarabağın bərpası prosesinə sərmayə yatırmaq niyyətini də göstərir. Bu, təkcə ikitərəfli iqtisadi əməkdaşlıq deyil, həm də Azərbaycanın azad olunmuş ərazilərində beynəlxalq əməkdaşlığın inkişafına stimul ola bilər. Qarabağda keçirilən beynəlxalq forumlar və yüksək səviyyəli görüşlər ölkəmizin bu regionu həm siyasi, həm də iqtisadi mərkəzə çevirməkdə olduğunu nümayiş etdirir.

Bu səfər eyni zamanda Azərbaycanın ərəb-müsəlman dünyası ilə əlaqələrinin yeni müstəviyə çıxması baxımından mühüm hadisədir. Azərbaycan müstəqillik illərində İslam həmrəyliyinə daim töhfə verib, lakin müharibədən sonrakı dövrdə, xüsusən də regionun əsas infrastruktur layihələrinin reallaşdırıldığı bir zamanda bu münasibətlər daha da dərinləşir. Zəngəzur dəhlizi üzərindən Fars körfəzinə qədər uzanan potensial logistika xətti, TRIPP layihəsi və digər təşəbbüslər Azərbaycanın BƏƏ ilə əməkdaşlığını ümumilikdə bütün ərəb dünyası ilə münasibətlərdə strateji stimul halına gətirir.

Bütün bunlar göstərir ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri sadəcə diplomatik jest deyil, yeni reallıqlar fonunda hər iki ölkənin strateji maraqlarına xidmət edən addımdır. Bu səfər həm iqtisadi tərəfdaşlığın güclənməsi, həm siyasi dialoqun dərinləşməsi, həm də regionda sülh və sabitlik təşəbbüslərinin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasət kursu ilə BƏƏ-nin çoxvektorlu diplomatiyasının qovuşması qarşıdakı dövrdə münasibətləri daha geniş miqyasda, həm ikitərəfli, həm də regional çərçivədə inkişaf etdirməyə imkan yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
sia.az

2Источники