RU

Pakistan nüvə proqramını Səudiyyə Ərəbistanına verə bilər: Zərurət yaranarsa

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif bildirib ki, ölkəsinin nüvə proqramı zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına təqdim oluna bilər.

Bizimyol.info xəbər verir ki, bu bəyanat sentyabrın 18-də iki ölkə arasında imzalanmış yeni hərbi əməkdaşlıq sazişinin fonunda verilib.

Nazirin sözlərinə görə, yeni müdafiə sazişi çərçivəsində iki dövlət arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq daha da dərinləşib. Sazişə əsasən, ölkələrdən hər hansı birnə edilən hücum, tərəflərin hər ikisinə edilmiş hücum kimi qiymətləndiriləcək. Bu isə faktiki olaraq, qarşılıqlı hərbi müdafiə öhdəliyinin qəbul edildiyi anlamına gəlir.

Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi əməkdaşlıq yeni deyil. İllərdir ki, iki ölkə arasında sıx əlaqələr mövcuddur. Pakistan Silahlı Qüvvələrinin zabitləri uzun illərdir ki, Səudiyyə ordusunda təlimçi kimi çalışır, hərbi akademiyalarda dərs deyirlər.

1970-ci illərdən bu yana Pakistan, Səudiyyə Ərəbistanına hərbi təlim, silah tədarükü və məsləhətçi xidmətləri göstərir. 1990-cı illərdə Pakistanın nüvə silahına sahib olmasından sonra, Səudiyyə Ərəbistanının bu proqramdan faydalanmaq istədiyi barədə beynəlxalq mediada müxtəlif iddialar irəli sürülmüşdü.

Pakistanın müdafiə naziri tərəfindən səsləndirilən bu bəyanat beynəlxalq miqyasda narahatlığa səbəb ola bilər. Çünki "Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT)" çərçivəsində, nüvə silahına sahib ölkələrin bu texnologiyanı digər dövlətlərlə bölüşməsi ciddi şəkildə qadağandır.

Lakin Pakistan NPT-yə qoşulmadığı üçün, texniki baxımdan bu ölkənin nüvə texnologiyasını ötürməsi hüquqi baxımdan mübahisəlidir, amma siyasi və diplomatik baxımdan ciddi reaksiya doğura bilər.

Beynəlxalq təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, Pakistanın bu cür açıq bəyanatla çıxış etməsi regionda yeni gərginliklərə yol aça bilər. Bu, xüsusilə İran kimi region ölkələrinin reaksiyasına səbəb ola bilər. İran və Səudiyyə Ərəbistanı arasında onsuz da gərgin olan münasibətlər fonunda, belə bir hərbi-siyasi yaxınlaşma balansı poza bilər.

Pakistanın nüvə proqramı 1998-ci ildən bəri aktivdir və ölkə bu sahədə dünyanın ən sürətlə inkişaf edən güclərindən biri hesab olunur. Rəsmi İslamabad nüvə silahını yalnız "ehtiyat güc" kimi saxladığını bəyan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
bizimyol.info

1Источники