RU

Bağçalarda vətənpərvərlik mövzuları necə işlənməlidir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə hazırlanıb)

Vətənpərvərlik hissinin aşılanması, vətənə, millətə sevgi lap kiçik yaşlardan - bağça dövründən başlamalıdır. Çünki uşaqların dünyagörüşü, dəyərləri və şəxsiyyətinin əsası məhz bu dövrdə formalaşır. Vətən sevgisini, milli dəyərlərə hörməti uşaq vaxtı qavramış nəsil gələcəkdə həm milli kimliyini qoruyan, həm də dövlətinə, xalqına sadiq vətəndaş kimi yetişir. Bu proses isə yalnız bağçada, məktəbdə deyil, ailədə, cəmiyyətdə və ictimai mühitdə də dəstəklənməlidir ki, uşaqlar böyüdükcə öz köklərini tanısın, milli-mənəvi dəyərlərə bağlı olsun və vətənini qorumağın məsuliyyətini dərk etsin.

Bəs hazırda bağçalarda bu mövzuların işlənməsi, uşaqlara vətənpərvərliyin aşılanması istiqamətində hansı təlim-tədris proqramları icra edilməlidir? 

Qaynarinfo mövzu ilə bağlı Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Məktəbəqədər təhsil müəssisələrində metodikanın təşkili üzrə şöbə müdiri, metodist Vüsalə Mustafayeva ilə söhbətləşib. 

- Vüsalə xanım, 3-6 yaşlı uşaqlarda vətənpərvərlik hissini inkişaf etdirmək üçün hansı oyunlar və məşğələlər daha təsirlidir?

- 3-6 yaşlı uşaqlarda vətənpərvərlik hissini inkişaf etdirmək üçün oyunlar və məşğələlər sadə, əyləncəli və uşaqların gündəlik həyatına yaxın formada təşkil edilməlidir. Bu yaş dövründə uşaqlar abstrakt anlayışları deyil, daha çox konkret obrazlar, musiqi, hərəkət və rənglər vasitəsilə öyrənirlər. Ona görə də vətənpərvərlik tərbiyəsi sevgi, paylaşmaq, birlik və mənsubiyyət hissi üzərində qurulmalıdır.

- Kiçik yaşlı uşaqlara vətənpərvərlik mövzusunda ən təsirli oyun və məşğələlərə hansı nümunələri gətirmək olar?

- Rəsm və aplikasiya məşğələləri zamanı uşaqlara bayraq rənglətmək, "Mənim vətənim" mövzusunda şəkil çəkdirmək və çəkdiklərini izah etdirmək həm yaradıcılığı, həm də milli dəyərlərə bağlılığı gücləndirir. Musiqi və fiziki mədəniyyət məşğələləri zamanı sadə xalq musiqilər və uşaq mahnıları ilə birlikdə dairəvi rəqs və oyunlar uşaqlarda həm birgəlik, həm də milli mədəniyyətə sevgi yaradır. Nağıl və hekayə dinləmə isə vətən torpağı, ailə və birlik haqqında sadələşdirilmiş nağıllar danışmaq uşaqlarda emosional bağlılığı artırır. Hekayə zamanı suallar vermək onların düşünməsini və öz fikirlərini ifadə etməsini təşviq edir. "Bayrağı qoruma", "Vətənimizi sevmək", "Mənim qəhrəmanım" kimi sadə rollu oyunlar uşaqlara vətən anlayışını əyləncəli şəkildə öyrədir.

Təbiət və ətraf mühitlə məşğələlərdə, gəzinti zamanı uşaqlara çiçəkləri, ağacları göstərib "Bunlar bizim vətənimizin gözəllikləridir" demək onların torpağa bağlılığını artırır. Qrupda "Vətən ağacı" şəkli çəkib hər yarpağa ailə, dost və ya sevdiyi bir şeyi yazmaq uşaqlarda mənsubiyyət hissini gücləndirir. Ümumilikdə, bu yaşda vətənpərvərlik uşağa "müharibə və qəhrəmanlıq" kimi deyil, sevgi, birlik, paylaşmaq və gözəllikləri qorumaq kimi təqdim edildikdə daha təsirli olur.

- Vüsalə xanım, bağçalarla bağlı proqramlarda  vətənpərvərlik, milli-mənəvi dəyərlərlə bağlı hansı çətinliklərlə qarşılaşılır?

- Bağçalarla bağlı proqramlarda vətənpərvərlik və milli-mənəvi dəyərlərin uşaqlara aşılanması çox önəmli olsa da, bu sahədə müəyyən çətinliklər müşahidə olunur. İlk növbədə, məktəbəqədər yaş dövründə uşaqlar abstrakt anlayışları qəbul etməkdə çətinlik çəkirlər. "Vətən", "millət”, "mənəvi dəyərlər” kimi anlayışlar onlara birbaşa deyil, sadələşdirilmiş oyunlar, musiqi, nağıl və təcrübə ilə təqdim olunmalıdır. Bu isə müəllimlərin xüsusi yanaşmasını tələb edir.

- Bu sahədə pedoqoqların metodik hazırlıqları necədir? Valideyn-pedoqoq işbirliyi necə getməlidir?

- Bəzi hallarda müəllimlər vətənpərvərlik mövzusunu uşaqlara yaş səviyyəsinə uyğunlaşdırmaqda çətinlik çəkirlər. Nəticədə, uşaqlara ya həddindən artıq ağır, ya da emosional olaraq anlaşılmaz məzmun təqdim olunur. Valideynlərin yanaşması da mühüm rol oynayır. Əgər ailədə milli-mənəvi dəyərlərə diqqət azdırsa, bağçada verilən tərbiyə də təsirsiz qala bilər. Uşaqlar gördükləri nümunədən öyrəndikləri üçün ailə və bağça arasında uzlaşma vacibdir.

Eyni zamanda, proqramlarda nəzəri hissələr üstünlük təşkil etdikdə uşaqlar dəyərləri sadəcə söz olaraq eşidir, lakin təcrübədə hiss edə bilmirlər. Halbuki, milli musiqi, oyun, xalq nağılları, ənənəvi bayramların tədrisə daxil edilməsi uşaqlarda bu dəyərləri daha canlı və qalıcı edə bilər. Nəticə etibarilə, əsas çətinliklər uşaqların yaş xüsusiyyətlərinə uyğun metodikanın seçilməməsi, pedaqoqların metodik dəstək çatışmazlığı, ailə-bağça əməkdaşlığının kifayət qədər olmaması və proqramların praktikadan daha çox nəzəri məzmun üzərində qurulması ilə bağlıdır.

- Hazırkı dövürdə uşaqlarla belə mövzularla bağlı işləmək üçün hansı yeni metodik vəsaitlərə ehtiyac var?

- Bağçalarda vətənpərvərlik və milli-mənəvi dəyərlərin tədrisi üçün yeni metodik vəsaitlərə ehtiyac var. Belə vəsaitlər uşaqların yaş xüsusiyyətlərinə uyğun sadələşdirilmiş məzmun, oyun və rəsm tapşırıqları, milli musiqi və nağıllar əsasında hazırlanmalıdır. İnteraktiv materiallar, valideynlər üçün bələdçi bölmələr, milli bayram və ənənələrlə bağlı praktik fəaliyyət nümunələri daxil edilməli, həmçinin müəllimlər üçün tətbiq edilə bilən ssenarilər və nümunə məşğələ planları təqdim olunmalıdır. Bu, uşaqlarda vətən sevgisini təcrübə və hisslər üzərindən möhkəmləndirməyə kömək edər.

Sonda qeyd etmək istəyirəm ki, məktəbəqədər yaş dövründə uşaqlara vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanması gələcəyin sağlam, milli kimliyinə bağlı və məsuliyyətli vətəndaşlarının yetişməsi üçün mühüm addımdır. Bu proses yalnız müəllimlərin işi deyil, ailə, bağça və cəmiyyətin birgə əməkdaşlığını tələb edir. Ən əsası isə uşaqlara vətəni sevdirmək zorla deyil, sevgi, oyun, musiqi, nağıl və gündəlik həyat nümunələri ilə həyata keçirilməlidir. Belə olduqda uşaqlar üçün vətən anlayışı sadəcə bir söz deyil, hisslərlə dərk edilən bir dəyər kimi formalaşacaq.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
qaynarinfo.az

1Источники