Xəbər verildiyi kimi 11 sentyabrda Albaniya dünyada ilk dəfə olaraq “Diyella” adlı süni intellekti nazir vəzifəsinə təyin edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, baş nazir Edi Rama yeni naziri parlamentə təqdim edib. Diyella parlament ekranından üç dəqiqəlik çıxış edərək deputatlara müraciət edib.
O, çıxışında vurğulayıb ki, Albaniya Konstitusiyasında “xromosom”, “ət” və ya “qan” sözləri yoxdur, əksinə, orada öhdəliklər, hesabatlılıq, şəffaflıq və hamı üçün bərabərlik prinsipləri qeyd olunub. Diyella deputatlara əminliklə bildirib ki, bu dəyərləri hər bir insan qədər, hətta bəlkə də daha sərt şəkildə təcəssüm etdirir. O, öz missiyasının insanları əvəzləmək yox, onlara yardım etmək olduğunu qeyd edib.
Lakin çıxış qalmaqalla nəticələnib: deputatlar Diyellanın sözlərini dinlədikdən sonra baş naziri şüşə butulkalar və Konstitusiya nüsxələri ilə etirazla qarşılayıblar. Müxalifət təmsilçiləri süni intellektin nazir təyin edilməsinin Konstitusiyaya zidd olduğunu, çünki Diyellanın vətəndaşlıq və hüquqi statusa malik olmadığını irəli sürüblər.
Diyella isə cavabında bildirib ki, o, Konstitusiyaya təhdid deyil: “Həqiqi təhdid maşınlar yox, hakimiyyətdə olanların qeyri-insani qərarlarıdır”.
Musavat.com