RU

Yunan varis London evində müəmmalı şəkildə vəfat etdi

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, Marissa yatağında vəfat edib və ilkin müayinələr onun ehtimal ki, həşərat dişləməsi nəticəsində yaranmış infeksiyadan zəhərlənmədən öldüyünü göstərib. Mərhumun ailəsi isə ölüm hadisəsinin qarşısının alına biləcəyini, lakin həkimlərin məsuliyyətsiz davranışı səbəbindən bunun baş verdiyini bildirir. Ailə nümayəndəsi deyib: "Bu, 100 faiz səhlənkarlıqdır. Onu bir gecə xəstəxanada saxlaya bilərdilər, müşahidə edə bilərdilər, antibiotiklərlə müalicə edə bilərdilər və o, bu gün sağ ola bilərdi. Marissa xərçəngdən sağ çıxdı və indi belə bir səbəbdən həyatını itirdi. Heç bir ana qızını dəfn etməməlidir." Qeyd edək ki, Marissa bir neçə ay əvvəl süd vəzi xərçəngi və nadir qan xəstəliyini məğlub etmişdi. Sağlamlığını bərpa etdikdən sonra Yunanıstanın Porto Heli kurortunda istirahət etmiş və yalnız bir neçə həftə əvvəl Londona qayıtmışdı. Sentyabrın 9-da onda başgicəllənmə, qaşınma, yüksək hərarət və infeksiya əlamətləri yaranıb. Təcili yardım çağırılıb və temperaturunun 39°C olduğu müəyyən edilib. Lakin o, evdə qalmağa üstünlük verib. Ertəsi gün vəziyyəti pisləşən Marissa, əvvəllər kimyaterapiya aldığı Harley Street-də yerləşən "Leaders in Oncology Care" klinikasına müraciət edib. Burada ona antibiotik və antihistaminiklər təyin edilib, lakin vəziyyətinin ciddiliyini nəzərə alan həkimlər onu London Universitet Kolleci Xəstəxanasına (UCLH) göndəriblər. Ailə bildirir ki, UCLH-da edilən müdaxilələrdən sonra həkimlər Marissanı evə buraxıblar. O isə dostlarına göndərdiyi mesajlarda "Heç kim mənə baxmır, heç kim gəlmir, özümü hələ də pis hiss edirəm" yazıb. Sentyabrın 10-da axşam yatmağa gedən Marissa səhər oyanmayıb. Ölüm səbəbi olaraq orqanizmin zəhərlənməsi göstərilib. Ekspertizanın dəqiq nəticələri hələlik açıqlanmayıb. Teatrla dərin bağları olan Marissa Londonda “Romeo və Cülyetta” tamaşasında Cülyettanı canlandırmış, həmçinin “Oliver” tamaşasını hazırlamışdı. O, Nyu-York və Arizonada təhsil almış, 2018-ci ildə Londona qayıdaraq teatr fəaliyyətini davam etdirmişdi. Zəngin ailədə doğulmasına baxmayaraq, Marissa müstəqil həyat tərzi sürməyə üstünlük verirdi – müxtəlif uşaq bağçalarında və otellərdə çalışıb, lakin əsas diqqətini teatr sənətinə yönəldib. Hazırda ailə ekspertiza nəticələrini gözləyir və Marissanın ölüm səbəblərinin tam aydınlaşdırılmasına ümid edir. "Hamımız dəhşətə gəlmişik. 2025-ci ildə belə bir hadisənin baş verməsini qəbul edə bilmirik", – deyə ailə üzvü bildirib.

 

Избранный
32
Ajans.az

1Источники