RU

Azərbaycanın Dövlət Suverenliyi:müstəqilliyin və ərazi bütövlüyünün rəmzi

Azərbaycan xalqının dövlətçilik ənənələri əsrlər boyu zəngin və şərəfli inkişaf yolu keçmişdir. Bu ənənələrin müasir mərhələdə bərpası və möhkəmləndirilməsi isə milli müstəqilliyimizin, azadlıq və suverenliyin təmin olunması ilə bilavasitə bağlıdır. Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında müstəqilliyin təntənəsi, milli iradənin ifadəsi və dövlətçiliyimizin institusional dayanıqlığının əsas rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Həmin dövrün mürəkkəb siyasi və geosiyasi çağırışlarına baxmayaraq, xalqımız öz tarixi iradəsini ortaya qoyaraq suveren dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Lakin müstəqilliyin ilk illərində Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, yüz minlərlə vətəndaşımız məcburi köçkünə çevrildi. 30 ildən artıq davam edən işğal Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə ciddi təhdid yaratdı.

Bu müddət ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan çoxsaylı çətinliklər qarşısında dayandı. Ona baxmayaraq Azərbaycan xalqı heç vaxt müstəqillikdən və suverenlik ideallarından geri çəkilmədi, milli dövlətçiliyin qorunması uğrunda prinsipial mövqeyini davam etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və strateji rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalət bərpa olundu.

Qazanılmış Böyük Zəfər dövlət suverenliyimizin hərbi-siyasi baxımdan təmin olunmasının ən parlaq nümunəsi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu və beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq bərpa edildi.

Vətən müharibəsindən sonra da dövlətimiz öz prinsipial mövqeyindən dönməyərək bütün ərazilərdə suverenliyini təmin etmək üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin konstitusiya quruluşuna təhdid yaradan separatçılıq tamamilə aradan qaldırıldı.

Bu qətiyyətli addım Azərbaycanın tam suverenliyinin bərpa olunması ilə nəticələndi. Beləliklə, Azərbaycan dövləti milli suverenliyini yalnız hüquqi və siyasi müstəvidə deyil, həm də faktiki olaraq bütün ərazilərində təmin etmiş oldu.

Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü ilin sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu tarixin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin sentyabr ayında dogma Qarabağa səfəri dövlətimizin suverenlik yolunda əldə etdiyi nailiyyətlərin təsdiqi kimi mühüm tarixi əhəmiyyət kəsb edir. Prezidentin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə yaxından tanış olması, yeni sosial, iqtisadi və infrastruktur layihələrinin açılışlarında iştirakı Azərbaycanın tam suverenliyinin möhkəm dayaqlar üzərində qurulduğunu nümayiş etdirdi.

Bu səfər həm də dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafını diqqət mərkəzində saxladığını, həmin torpaqların ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq daimi inkişaf perspektivinə sahib olduğunu bir daha göstərdi.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət suverenliyi güclü hüquqi əsaslar üzərində qurulmuşdur. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi olmaqla müstəqilliyimizin sarsılmaz təminatına çevrildi.

Müstəqillik illərində həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar dövlət institutlarının möhkəmlənməsinə, demokratik idarəetmə mexanizmlərinin inkişafına və milli maraqlara əsaslanan dövlətçilik modelinin formalaşmasına xidmət etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi də dövlətçilik tariximizin əsas istiqamətlərinə verilən yüksək qiymətin ifadəsidir. Bu təşəbbüs suverenlik ideyasının gücləndirilməsi, hüquqi institutların inkişafı və müstəqilliyimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

Dövlət Suverenliyi Günü xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və azadlıq idealının təntənəsidir. Bu gün Azərbaycan Respublikası möhkəm hüquqi baza, qətiyyətli siyasi kurs, güclü ordu və milli həmrəylik sayəsində suverenliyini qoruyub saxlamaqla yanaşı, onu daha da möhkəmləndirmişdir.

Beləliklə, müasir mərhələdə dövlət suverenliyi Azərbaycanın beynəlxalq müstəvidə müstəqil siyasət yürütməsini, milli maraqlara əsaslanan inkişaf modelini və gələcəyə inamlı addımlarla irəliləməsini təmin edir.

Azərbaycan Respublikasının mövcudluğu və institusional davamlılığı məhz bu sarsılmaz suverenliyin üzərində qurulmuşdur və gələcək nəsillər üçün ən böyük tarixi miras olaraq qalacaqdır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Избранный
28
ikisahil.az

1Источники