RU

Aİ Rusiya aktivləri hesabına Ukraynaya kreditlərin verilməsinin detallarını hazırlayır

Bakı, 19 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Rusiya aktivləri hesabına Ukraynaya kreditlərin verilməsi üzrə texniki detallar üzərində çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyatdan məsul Avropa Komissarı Valdis Dombrovskis məlumat yayıb. Onun sözlərinə görə, bu kreditlər Ukraynaya məhdud resurslarla veriləcək və Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına maliyyələşəcək: “Hazırda biz texniki detallar üzərində işləyirik, müəyyən problemləri və məsələləri həll edərək hüquqi və maliyyə baxımından etibarlı mexanizm yaratmağa çalışırıq”.

Avropa Komissiyasının rəsmi saytında yayımlanan brifinqdə vurğulanıb ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avroluq valyuta ehtiyatını dondurub. Onların 200 milyard avrosu Avropa İttifaqındadır.

Aİ Komissiyasının mətbuat katibi Markus Lammert yanvar ayından bəri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 9 milyard avro yardım edildiyini deyib.

Qeyd edək ki, sentyabrın əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərinin gəlirləri əsasında yeni “Reparasiya Krediti” yaradılmasını təklif edib.

 

 

Избранный
4
3
azertag.az

4Источники