RU

Bir günün Zəfəri: “Sentyabr əməliyyatları Azərbaycanın beynəlxalq nüfuzunu artırdı” – ÖZƏL

"2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatları labüd idi. Bu əməliyyatların həyata keçirilməsi regionda uzunmüddətli status-kvonun dəyişmə prosesini sürətləndirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, 70 illik SSRİ hakimiyyəti dağıldıqdan dərhal sonra regionda müxtəlif qarşıdurmalar baş verdi - istər etnik, istər milli, istər dini, istərsə də ərazi müstəvisində. Ermənistan-Azərbaycan qarşıdurması nəticə etibarilə bölgəyə 30 ilə yaxın müddətdə "dondurulmuş münaqişə" gətirdi və bu, təkcə Azərbaycana deyil, Ermənistana, dolayısı ilə bütün regiona təsir edən ciddi problem idi.

Siyasi şərhçi əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlardan sonra belə, bəzi dövlətlər yenə də öz çirkin niyyətlərini davam etdirirlər. Onlar o dövrdə də istəmirdilər ki, Azərbaycan ərazilərini işğaldan azad etsin. Amma Azərbaycan dövləti, Azərbaycan Ordusu və Prezidentin qətiyyəti sayəsində bu məsələ tamamilə həll olundu, tarixə qovuşdu və artıq münaqişə mövcud deyil.

"2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması həyata keçirildi ki, bu da, əslində, sülh sazişinin 70-80 faizinin təmin olunması deməkdir," - deyə ekspert qeyd edib.

S. Hümbətov vurğulayıb ki, həmin antiterror əməliyyatları həm də regionda terrorçuluğun, separatizmin, ekstremizmin kökünün kəsilməsinə gətirib çıxardı. Azərbaycan bununla region üçün çox vacib və əhəmiyyətli addım atdı. Bu amillərin aradan qalxması artıq bölgədə qalıcı sülhün formalaşmasına şərait yaratdı. Bu, Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. Geosiyasi baxımdan da bu, mühüm bir uğurdur. Çünki bölgədə Ermənistan üzərindən öz maraqlarını təmin etmək istəyən dövlətlər artıq bunu edə bilmirlər. Sonrakı proseslər isə Azərbaycanın Cənubi Qafqazda, yaxın Şərqdə, ümumiyyətlə, Avrasiyada və dünyada mövqelərinin möhkəmlənməsini sürətləndirir. Azərbaycan artıq Şərq və Qərb, həmçinin Şimal və Cənub arasında yerləşən nəqliyyat dəhlizlərinin mərkəzindədir. Bununla yanaşı, Xəzər hövzəsinin əsas aparıcı dövlətlərindən biri olmaqla yanaşı, bölgədə enerji təhlükəsizliyi məsələsində də çox mühüm rol oynayır.

"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 19-20 sentyabr 2023-cü ildə baş tutan antiterror əməliyyatları yalnız Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə kifayətlənmədi. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, möhkəmlənməsinə və daha genişmiqyaslı xarici siyasət strategiyasına keçidinin mühüm mərhələsini təşkil etdi," - deyə ekspert bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники