Sentyabrın 15-dən dərslər başlayıb, tələbələr də artıq kirayə evlərə yerləşiblər. Bu müddət ərzində kirayə bazarında xeyli canlanma müşahidə olunub. İndi isə hamının ağlında bir sual var: qiymətlər düşəcək, yoxsa elə yüksək qalacaq? Vətəndaşlar ümid edir ki, tələbə axını sakitləşdikcə kirayə qiymətlərində müəyyən azalma ola bilər.
Bu barədə Yenisabah.az-a açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, kirayə bazarında kəskin ucuzlaşma gözlənilmir:
“Hazırda kirayə qiymətlərinin kəskin şəkildə düşmə ehtimalı yoxdur. Sadəcə, indiki məbləğdə müəyyən stabilləşmə ola bilər. Çünki bəzi vətəndaşlar fürsətdən istifadə edərək qiymətləri qaldırmışdılar. Həmin evlərin qiyməti bir qədər azala bilər. Bu prosesin təxminən noyabr-dekabr aylarında baş verməsi gözlənilir. Hansı evlər ki, dəyərindən baha qiymətə təklif olunurdu, onların qiymətində təxminən 50 manatadək azalma müşahidə edilə bilər. Məsələn, faktiki dəyəri 400 manat olan, amma metroya yaxınlığına görə 450-500 manata təklif edilən evlər boş qaldıqda qiymətləri aşağı düşə bilər. Lakin kəskin ucuzlaşmanın olacağı gözlənilmir”. Sezar pizza
Ekspertin sözlərinə görə, hər zaman tələb təklifi üstələyir:
“Ümumilikdə qiymətlərin azalmasına və ya artmasına təsir edən əsas amillərdən biri tələb və təklifdir. Tələb nə qədər çox olarsa, qiymətlər də bir o qədər yüksəlir. Təklif artdıqda isə müəyyən ucuzlaşma mümkündür. Zamanla görürük ki, tələb hər zaman təklifi üstələyir. Kirayə evlərə əsas tələbat adətən sentyabr və ikinci yarımilin başlaması ilə bağlı olaraq yanvar ayında daha çox müşahidə olunur. Bu mənzillər, əsasən, 1 illik kirayələnir. May və iyun aylarında isə kirayə bazarında durğunluq yaranır. Yenitikili binalarda isə mənzil təmirdən sonra kirayə verildikdə qiymət nisbətən sərfəli olur. Həm də belə mənzillər adətən uzunmüddətli kirayələndiyi üçün müəyyən güzəştlər tətbiq edilir. Lakin ümumilikdə, yenitikili mənzillərdə qiymətlər köhnə tikililərlə müqayisədə daha yüksəkdir”.
Aydan Hacı
Telegram kanalımız