RU

Deputat həmkarına irad bildirib: Ərazi bütövlüyümüzü şübhə altına almaq olmaz!

Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans zamanı Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin strateji və hüquqi əhəmiyyəti ilə bağlı deputatlar arasında fikir ayrılığı yaranıb.

Millət vəkili Fazil Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında quru sərhədin açılması, yalnız kommunikasiya deyil, həm də milli bütövlük baxımından simvolik və real anlam daşıyacaq.

“Naxçıvan bir ada olsaydı, su ilə əlaqə vasitəsi olsaydı, ayrılmaz hissə kimi qalardı. Ancaq bu gün quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, real mənada Azərbaycanı bütövləşdirmək prosesini yekunlaşdırmayıb,” –  Mustafa vurğulayıb.

Onun fikrincə, hüquqi və siyasi terminologiya fərqli yanaşma tələb edir. O, “xalq suverenliyi” ifadəsini daha çox siyasi ritorika kimi dəyərləndirərək, gələcəkdə “milli suverenlik” və “dövlət suverenliyi” kimi anlayışların hüquqi sistemdə möhkəmləndirilməsini təklif edib.

Fazil Mustafanın bu fikirlərinə cavab olaraq deputat Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır və Konstitusiya bu məsələdə açıq və birmənalıdır.
“Azərbaycan ərazisi bölünməzdir və vahiddir. Əgər bu gün Naxçıvana quru yolun olub-olmaması məsələsini əsas götürüb kimlərsə onun statusunu şübhə altına almağa çalışsa, bu, ciddi təhlükə yarada bilər,” –  Əsgərov bildirib.

Əsgərov əlavə edib ki, Konstitusiyada dövlət suverenliyi anlayışının dəqiq ifadə olunması və digər qanunvericilik aktlarında bu prinsipin təşkili hüquqi əsasların daha da möhkəmləndirilməsinə töhfə verə bilər.

Hazırda Azərbaycan və Ermənistan arasında regionda yeni nəqliyyat əlaqələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar davam edir. Bu dəhliz Naxçıvanla quru əlaqənin yaradılmasında mühüm rol oynaya bilər.

Gülnar Nazimqızı

Избранный
11
3
anews.az

4Источники