Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.
Bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılmış, ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.