RU

Elektromobillərin idarəetmə paneli sıradan çıxsa nə etmək lazımdır? ELÇİN ABBASOV AÇIQLADI VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Yeni nəsil elektromobillərdə sürücülərin gündəlik istifadə etdiyi bir çox funksiya artıq ənənəvi formada düymələr vasitəsilə deyil, avtomobilin mərkəzi monitoru üzərindən idarə olunur. Benzin (və ya enerji doldurma) qapağının açılması, kondisionerin işlədilməsi, oturacaqların qızdırılması, hətta güzgülərin tənzimlənməsi belə bir toxunuşla ekrandan idarə edilir. Lakin bu texnoloji yenilik hər kəs tərəfindən birmənalı qarşılanmır.

Avtosfer.az xəbər verir ki, bəzi sürücülər monitorun nasazlıq verməsi halında avtomobilin əsas funksiyalarını necə idarə edə biləcəkləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Çünki sensor ekran sıradan çıxarsa, mühüm sistemlərin işləməsində çətinliklər yarana bilər.

Mövzu ilə bağlı avtomobillər üzrə mütəxəssis Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, əvvəllər avtomobillər istehsal olunanda çalışırdılar ki, hər hansı problem yarandıqda onun alternativ həll üsulu da mövcud olsun:

“Hal-hazırda da bu məsələlər müəyyən qədər problem olaraq görünür. Məsələn, əvvəllər akkumulyator sıradan çıxanda avtomobili bir əllə işə salmaq və ya itələməklə hərəkətə gətirmək mümkün idi. Yaxud benzin nasosu işləmədikdə xüsusi sistem vasitəsilə təzyiq yaradaraq onun funksiyasını müəyyən qədər əvəzləyirdilər.

Müasir avtomobillərdə də bəzi hallarda alternativ həllər mövcuddur, amma bütün nasazlıqlar üçün ikinci yol tapmaq mümkün deyil. Buna görə də avtomobildə hər hansı nasazlıq yaranarsa, onu mütləq ustaya aparıb peşəkar şəkildə təmir etdirmək lazımdır.

Yadımdadır ki, ilk xarici avtomobillər ölkəmizə gətiriləndə sürücülər təəccüblənirdilər: “Bu maşında kapotun altında işıq yoxdur, bəs necə baxacağıq?” və ya “Bunu dəstəklə işə salmaq üçün heç bir yer nəzərdə tutulmayıb, necə olacaq?” – deyə suallar verirdilər. Lakin zaman keçdikcə hamı anladı ki, avtomobil sahibi yalnız sürməyi və qaydalara əməl etməyi bacarmalıdır, təmir isə mütləq şəkildə mütəxəssisin işidir”.

Elçin Abbasov əlavə edib ki, əgər avtomobilinizdə nasazlıq varsa, üzərində eksperiment aparmağa ehtiyac yoxdur:

“Sadəcə ustaya aparıb düzəltdirmək kifayətdir. Xüsusən də monitor kimi mühüm detallarda problem yaranarsa, onu təcili şəkildə peşəkar servisdə təmir etdirmək vacibdir”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники