RU

Türkiyə və Şimali Kiprdə musiqisevərlər Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri ilə tanış olacaqlar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 19 sentyabr, AZƏRTAC

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil müəssisələrində konservatoriya və musiqi fakültələrində təhsil alan tələbələr üçün Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət külliyyat hazırlanıb. Layihə Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib və Azərbaycan Milli Musiqi Günündə Ankarada təqdim olunub.

Dərs vəsaitinin müəllifi, Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, pianoçu Nailə Əhmədova AZƏRTAC-a müsahibəsində qeyd edib ki, kolleksiyaya dahi Üzeyir Hacıbəylidən tutmuş müasir bəstəkarlar -Fərhad Bədəlbəyli, Ceyhun Allahverdiyev, Aydın Əzimov daxil olmaqla 27 bəstəkarın əsərləri daxil edilib.

Türk dilində nəşr olunan topluda Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı və musiqi sənətinin inkişafındakı rolu haqqında məlumat verilir.

“Bu nəşr musiqiçilər, universitet və konservatoriyaların musiqi fakültələrinin, musiqi məktəblərinin tələbələri, pianoçular üçün nəzərdə tutulub. Azərbaycan musiqisinin qardaş ölkələrdə tanıdılması işinə töhfə vermək üçün bu toplu ödənişsiz əsasda təqdim olunacaq”, - deyə 30 ildir Ankarada fəaliyyət göstərən, o cümlədən Türkiyə vətəndaşlarının gənc nəsillərinə musiqi dərsi verən N. Əhmədova bildirib.

O, külliyyatın təqdimatının adı Azərbaycanda peşəkar musiqi sənətinin təşəkkülü və inkişafı, bir çox janrın meydana çıxması və təkamülü, bir sıra peşəkar ansamblın yaradılması ilə bağlı olan Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutmasından qürur duyduğunu bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
azertag.az

1Источники