RU

Onlayn təhsilin dilemması... İllərini xaricdə xərcləyən tələbələrin diplomları ölkəsində tanınmır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son illər Azərbaycanda xaricdə təhsil almaq istəyənlərin sayı artıb. Bunun başlıca səbəblərindən biri də dünyanın istənilən ölkəsindən internet vasitəsilə onlayn təhsil almaq imkanının yaranmasıdır. Lakin hər işin bir “amma”sı olduğu kimi, bu sahədə də müəyyən çətinliklər mövcuddur.

Əvvəla, təhsilini bitirib diplomunu əldə edən hər kəs sevinclə vətənə qayıdır. Lakin qarşısına çıxan ilk sual budur: “Diplomum Azərbaycanda tanınacaqmı?” Təəssüf ki, cavab həmişə müsbət olmur. Çünki Təhsil Nazirliyi yalnız müəyyən universitetlərin diplomlarını təsdiq edir. Bəzi hallarda isə həmin universitet dünyanın tanınmış ali məktəblərindən olsa belə, online formada verilən diplom ölkədə qəbul edilmir.

Bunun bir neçə səbəbi var. Birincisi, dövlət orqanları tədrisin keyfiyyətinə tam əmin olmaq istəyir. İkincisi, bəzən xaricdə fəaliyyət göstərən “qondarma universitetlər” saxta diplomlar satır. Nəticədə həm tələbə aldadılır, həm də ümumi təhsil mühitində etimadsızlıq yaranır.

Bir həqiqət var. Dünya sürətlə dəyişir. Təhsil sistemi də bu dəyişiklikdən kənarda qala bilməz. Pandemiya illəri göstərdi ki, online təhsil effektiv ola bilir və insanlar dünyanın müxtəlif ölkələrində keyfiyyətli biliklərə sahib çıxır. Bəs bu halda çıxış yolu nədir?

Burada həm tələbənin, həm də dövlətin məsuliyyəti var. Tələbə seçimini edərkən diqqətli olmalı, yalnız beynəlxalq akkreditasiyadan keçmiş universitetlərə müraciət etməlidir. Dövlət isə diplomların tanınması prosesini daha çevik və şəffaf mexanizmlərlə tənzimləməlidir. Əks halda, gənclərimiz illərini və pullarını sərf edib, sonda böyük bir məyusluqla üzləşə bilərlər.

Unutmayaq ki, əsas məsələ sadəcə kağız üzərində “diplom” sahibi olmaq deyil. Əsas odur ki, təhsil real bilik, bacarıq və ixtisaslı kadr formalaşdırsın. Diplomun hansı ölkədən və hansı formada alındığı isə ikinci planda qalmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
bizimyol.info

1Источники