RU

“Oğlanların sayının qızlardan xeyli çox olması bizi bu gün düşündürməlidir” — Ekspert

"Bu il birinci sinfə qəbul olan oğlan və qızlar arasında kəskin fərq nəzərə çarpıb. Belə ki, qızların sayı oğlanlarından sayından xeyli azdır.  Bu, həddindən artıq çox ciddi, lakin bir o qədər də kölgədə qalan problemdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

O əlavə edib ki, vəziyyət ildən-ilə daha da qəlizləşir:

“Bu il birinci siniflərə yollanan şagirdlər arasındakı gender nisbəti ötən ilkindən, ötən ilki isə ondan əvvəlki ildən daha da pisləşib. Rəqəmlər gələcəklə bağlı SOS siqnalı səsləndirməyə tam yetərlidir. Məsələni, təkcə təhsil kontekstindən olan bir problem kimi də yox, cəmiyyətin bütün sahələrinin fövqündə olan ciddi sosial çatışmazlığı kimi də dəyərləndirmək olar. Həqiqətən də ildən-ilə məktəblərimizdə oğlanların sayının qızlardan xeyli çox olması bizi bu gün düşündürməlidir. BMT-nin Əhali Fondunun ötən ilə aid statistik göstəricilərinə  görə biz təəssüf ki, selektib abortda dünyada Çindən sonra ikinci yerdəyik. Burada təbii ki, əhalinin sayı ilə il ərzində həyata keçirilən abortların nisbəti əsas götürülüb”.

Ekspert diqqətə çatdırıb ki, nəticədə  məktəblərimizdə qızların sayı ildən ilə azalmaqdadır:“Bu heç məktəbin, tədris prosesinin də  problemi deyil. Tam əksinə, məktəbə, tədris prosesinə bir problem kimi ötürülmüş məsələdir. Amma burada məktəb bizim üçün sosial mühit rolunu oynayır. Məsələn, bir neçə sinifdə 20-dən çox şagirdin oxumasına baxmayaraq, onlardan yalnız 8-9-nun qız olduğunu görə bilirik. Bu barədə sosial şəbəkələrdən bir çox valideynlərin qeydlərini oxumuşam. Hələ oxuduqlarım bu barədə problemi səsləndirənlərin yəqin ki cuzi hissəsidir. Məktəb sosial mühit kimi bizə acı reallığı göstərir. Bu reallıq isə gələcək adına bizə yaxşı nəsə vəd etmir. Nə təhsil üçün, nə də cəmiyyətin özü üçün. Təbii ki, bu cür gender balansızlığı səbəbindən təhsilimiz də az şey itirməyəcək. Çünki illərin statistikası göstərir ki, istər buraxılış imtahanları, istərsə də ali məktəblərə qəbulda, istərsə də magistratura və doktorantura səviyyələrinə qəbulda daha yaxşı nəticə göstərənlər məhz xanımlardır. Say nisbətinin azalması bu səbəbdən tədris göstəricilərinə də ciddi təsir edəcək".

Leyla Turan
Demokrat.az

Избранный
3
1
demokrat.az

2Источники