Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunan “Tacik tikmə dünyası” adlı sərgi açılacaq.
Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunacaq. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim ediləcək.
Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.
Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni əməkdaşlıq və dialoqun inkişafına önəmli töhfədir. Bu layihə 20 may 2025-ci il tarixində Düşənbədə keçirilmiş “Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır” sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin daha da möhkəmləndiyini göstərir.
Sizi hər ilmədə tarix, ustalıq və yaradıcı ruhu yaşadan tacik xalqının zəngin irsi ilə tanış olmağa dəvət edirik.
Sərgi oktyabrın 25-dək davam edəcək.